adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Aprel 2019 18:14
145574
MÜSAHİBƏ
A- A+

Bəsti Bəkirova: "Qarşıma bir çemodan pul qoydular..."

Tanınmış müğənni, əməkdar artist Bəsti Bəkirova "Ədalət" qəzetinin sualalrını cavablandırıb.

- Bəsti xanım, xeyli vaxtdır ki, efirdə yoxsunuz. Yəqin ki, yaradıcılıqla məşğulsunuz...

- Yalan danışmağı xoşlamıram. Yaradıcılıqda nəsə olmaqdan ötrü insanın gərək həvəsi ola. Yaxşı nə var ki, insanın ürəyi də açılsın? Şorla yağın, yaxşıyla pisin yeri dəyişib, dəyərlər itibsə, nədən danışaq? Bir ölkənin ki, torpaqlarının iyirmi faizi işğal altındadır, hamı da deyib-gülür, toydan, şənlikdən danışır. Toya apardıqlarının da hamısı səviyyəsiz adamlardır. Ümumiyyətlə, musiqidən, sənətdən anlayışı olmayan adamları toya aparırlar. Danışanda səsləri çıxmır, amma deyir ki, müğənniyəm. Sənin danışanda səsin çıxmırsa, necə oxuyacaqsan?

- Yəqin ki, özünüz də toylara gedirsiniz...

- Çox nadir hallarda toylara gedirəm. Amma əvvəl toyların vaxtını mənim istəyimə uyğun təyin edirdilər. Əgər boş vaxtım olmurdusa, həmin toy təxirə salınırdı. Salonda bir qadın mənə yaxınlaşdı. Atası da Gəncədə adlı-sanlı adamlardan olub. Kişi deyirəm e, indiki kişilər kimi yox. Kimsə deyəndə ki, kişi sözü verirəm, mən onun yerinə utanıram. Deyirəm, səni yerə soxum, heç olmasa kişi sözünü alçaltma da, aramızda qalan beş-üç kişinin də adını korlama. Nəysə, salonda yaxınlaşan qadın mənə dedi ki, toy edəndə üç ay gözlədik ki, sizin boş vaxtınıza düşək.

- Sonradan nə baş verdi ki, vəziyyət birdən-birə dəyişdi? Sizcə, bu məsələdə televiziyaların nə dərəcəədə rolu var?

- Televiziyaların çox böyük rolu var. Onlar bəzən qarşına elə insan çıxarır ki, xəcalətindən yerə girirsən. Başa düşürəm, elə adamların da öz yeri var. Amma sənətdən xəbəri olmayan adamı sənətkarın qarşısına çıxarmazlar, təqdim etməzlər. Adamın dəymişi dura-dura kalı tökülür.

- Sizcə sənətkar elə adamlarla eyni efirə çıxmağı özünə yaraşdırmalıdırmı?

- Tutaq ki, məni dəvət edəndə deyir ki. qonağımız filankəs olacaq. Amma gələndən sonra görürsən ki, orada başqa adam oturub.

- Durub getmək olmazmı?

- Tərk etmək olmur e, bir nəfərə görə başqalarını təhqir etmiş olursan. Dəfələrlə o cür efirləri tərk etmişəm. Mənim daşım ağırdı da. Ona görə də efirə dəvətlərim azaldı, hətta heç dəvət etmədilər. Mən dəfələrlə rəsmi tədbirlərdə, mötəbər məclislərdə iştirak etmişəm. Bunlar kimdir ki, bizim qarşımıza çıxarırlar?

- Səməd Səmədovla duet ortağı olduğunuz vaxtlar efirə daha tez-tez çıxırdınız. Sanki duet ortaqlığınız bitəndən sonra sizi efirə dəvət etmədilər...

- Söhbət efirdən getmir, əslində, özümdə də günah görürəm. Gərək nə varsa, düzünü danışasan, yalanla və yalançı adamlarla aram yoxdur. Ümumiyyətlə, yalan danışan adamı güllələməyə də hazıram. Məni efirə dəvət edəndə Nabranda olurdum, gələ bilmirdim. İndi də bir həftəni gözləyirəm ki, Bakıdan rədd olum gedim. Nə var axı burda?! Bayaq evdəkilərlə danışanda deyirəm ki, kaş oxuyan olmayaydım, rayonda təmiz havada oturaydım.

- Deməli, müğənni olmağınıza görə peşmanlığınız olub...

- Peşmanlıq çəkirəm ki, kimlərinsə sözünə baxıb, işimi düz qurmadım. Yəni, işimi mən istədiyim şəkildə qura bilərdim. Azərbaycanda düz olan düzdə qalır.

- Bəlkə vaxtında ara mahnıları oxusaydınız, bu gün daha tələbatlı müğənni olardınız?

- Elə mahnını yanımda oxuyanda xəcalət çəkirəm. Hətta qarşımda belə mahnı oxunanda utandığımdan az qalıram masanın altına girəm.

- Bacarmazsınız, yoxsa oxumaq istəməzsiniz?

- Toylarda məcburən elə mahnılar oxuyuram, amma belə mahnıları efirə çıxartmaram. Ayıbdır! Amma toylarda müxtəlif xalqların mahnılarını oxuyuram, özüm də rusların içində böyümüşəm, bir tərəfim ləzgidir. İncəsənət həyatımın doxsan faizi Rusiyayla bağlıdır. Şimali Zaqafqaziyada, Rusiyada mənim başıma and içirdilər. Qarşıma çemodanla pul qoyublar, amma orada qalmamışam. Baxmayaraq ki, on il orada işləmişəm.

- Peşmansınızmı?

- Peşman da deyiləm. Tutaq ki, mən milyonerəm. Bəs sonra? Amma ola bilərdi ki, o milyonların içində məni öldürərdilər. Dağıstanın Azərbaycandakı nümayəndəsi Maqomed Seyidoviçin qızının toyuna Zaur Rzayevlə ikimiz dəvət edilmişdik. Açıq havada məclis keçirilirdi. Abbas Abasovun qardaşı Nadir Abbasov da məclisdə idi. Maqomed Seyidoviçlə danışdığım yerdə on metr aralıdan bir nəfər məni barmağı ilə çağırdı. Guya sözü var, mənə nəsə demək istəyir. Eyni hərəkəti mən də ona etdim və dedim ki, siz utanmırsınız? Mən onu elə yixdim-sürüdüm ki, etdiyi hərəkətə peşman oldu. Ümumiyyətlə, o insanlarda kobudluq çoxdur. Onlar adama bir kisə pul da verər, kobudluq da edərlər. Mən isə belə şeyləri qəbul etmirəm. Çünki pələng iliyəm. Pələng ilindən olan insanlar heç vaxt geri addım atmazlar.

- Amma bu cür davranışları qəbul edən həmkarlarınız var...

- Qarşıma bir çemodan pul qoyublar ki, gəl bura. Demişəm ki, get, cəhənnəm ol.

İntiqam VALEHOĞLU