adalet.az header logo
  • Bakı 20°C
22 Aprel 2019 17:49
18276
ƏDƏBİYYAT
A- A+

Gülsatan - Adəm Asnı yazır

(hekayə)

Lesnoy Rusiyanın şimalında, çox da böyük olmayan, lakin iri sənaye müəssisələri və böyük elmi araşdırmalarla məşğul olan elm ocaqları ilə məşhur təmiz, gözəl, qışı soyuq, yayı sərin keçən şəhərdir.

Samid üçüncü il idi ki, Lesnoydaidi. Azərbaycandan hüquq universitetində oxumağa göndərilmiş iki nəfərdən, daha doğrusu artıq elə bir nəfərdən biri idi. İkinci tələbə təhsilinin ikinci ili öz ərizəsi ilə universitetdən xaric edilmişdi.

Samid yaxşı oxuduğuna, bütün imtahanları əla qiymətlərlə verdiyinə, nümunəvi davranışına görə müəllimlərin də, tələbə yoldaşlarının da rəğbətini qazanmışdı.

8 Mart qadınlar günü idi və Rusiyada bu bayram həmişə xüsusi bir təntənə ilə qeyd edilirdi. Samid və qrup yoldaşları səhər-səhər məsləhətləşib qərara aldılar ki, kimin nəyə gücü çatırsa pul toplayıb qadın müəllimlərini təbrik etmək üçün gül alsınlar. Cəmi dörd nəfər qadın müəllimləri var idi və hərəsinə heç olmasa üç dənə gül almaq qərarına gəldilər. Universitetin qarşısındakı maşın yolunu keçən kimi dörd tərəfi açıq, üstüörtülü, haradasa üç metrin dörd metrəyə qədər ölçüsü olan, içərisində uzun stollar düzülmüş gül satılan yer var idi. Və burada adətən, demək olar ki, elə həmişə digər millətdən olan şəxslər gül satardılar. Tələbə yoldaşları toplanan pulu Samidə verib xahiş etdilər ki, gül almağa o getsin. Heç vaxt zarafatından qalmayan Aleksey:

- Həmyerlilərindir də, get öz dilinizdə başa sal ki, tələbəyik, pulumuz yoxdur, bəlkə ucuz verdilər.

Samid gül satılan yerə gəlib güllər düzülmüş ctollara yaxınlaşan kimi gülsatanlardan elə təxminən Samid yaşda, ya bəlkə uzağı bir-iki yaş ondan böyük olanbiri sanki milliyətinisifətindən oxuyub Azərbaycan dilində onu səslədi:

- Gəl, qardaş, gəl. Tər-təzə güllərdir. Axşam dərib, səhər reysi ilə göndəriblər. Bu güllərdən həm də Azərbaycanın ətrini alacaqsan.

Doğma dilində danışıq eşitmək bu dil üçün qəribsəmiş Samidiaz qala kövrəldəcəkdi. Fərəhlə onu səsləyən cavan oğlana yaxınlaşdı. Fikirləşdi ki, yəqin gül üçün pul versə oğlan "ayıbdır, yerliyik” deyə inciyəcək, o da aparıb qürurla pulu elə Alekseyə verib deyəcək "nahaq lağ edirdin, di al, istəyirsiniz uşaqların pullarını qaytarın, istəyirsiniz bir çay süfrəsi təşkil edək.” Amma hər halda eşitdirmək lazım idi. Və gülsatana dedi:

- Salam, qardaş, qərənfillər neçəyədir?

- Sənə biri iki yüz rubldan verərəm.

- Belə baha niyə?

- Nə? Baha? Bizim pulla altı manat eləyir də. Qaradaş, sənə belə verərəm eey... Yarımca saat burada gözlə gör bu güllərdən bircəciyi qalacaqmı, gör birini üçyüz, üçyüzəllli rubldan aşağı verirəm heç? Başqa vaxt olsaydı deyərdim hə. Bu gün bayramdır eey. Ən kasıb rus da bu gün gül almaq üçün pul əsirgəmir.

- Ay qardaş, tələbəyəm, elə biz də uşaqlarla pul yığmışıq ki, gül alıb müəllimimizi təbrik edək. İkiyüz rubldan versən, pulum çatmır. Cəmisi ikimin rublum var.

- Neçə qadın müəlliminiz var ki?

- Dörd nəfərdilər.

- Niyə çatmır ki? Gərək elə üç dənədən ola? Hərəsinə ikisini al.

- Yox, uşaqlarla qərara almışıq ki, üç dənədən alaq.

- Əşşi, ruslarda əsas diqqətdir. Çox adam elə birini alır.

- Qardaş, dördyüz rublum çatmır da, nədir ki, bizim pulla oniki manat edir də...

- Mən elə onsuz da sənə hörmət edib ucuz verirəm də. Bir də ki, hərə beş-on manat kəsir versə mənim burada qazancım nə oldu ki?

Samid fikrə getdi. Nə edəcəyini bilmirdi. Tələbə dostları ona gülməyəcəkdilərmi? Düzdür, hamı onunla mehriban idi. Ancaq zarafatları da olurdu. Kim də olmasa Aleksey mütləq zarafata salıb bir-iki söz ilişdirəcəkdi. Qərara aldı ki, gedib gülün baha olduğunu, həmyerlilərinə rast gəlmədiyini desin. Gülsatanın səsi onu fikirdən ayırdı:

- Hə, nə deyirsən? İnanmırsan istənilən gülsatana yaxınlaş gör bundan da zəif, köhnə gülü neçəyə satırlar. Ya da get uşaqlarla bir az da atışın, gəl, burdayam.

Samid geriyə döndü. Yolu keçmək istəyərkən qarşı tərəfdən bir nəfər, o da Azərbaycan dilində səsləndi:

- Əmoğlu, bir dəqiqə gözlə. Və şütüyən maşınların arası kəsilən kimi qaçıb yolu keçərək Samidə yaxınlaşdı:

- Salam, əmoğlu, adım Validdir.

- Salam. Samid,- deyə Samid də özünü təqdim etdi.

- Bağışla ey, əmoğlu, nə olub, nə məsələdi, nə deyirdi o oğlan sənə?- gülsatana işarə etdi.

- Heç. Gül almaq istəyirdim, pulum çatmadı.

- Bəri gəl,- deyərək Valid çoxdan tanıyırmış kimi ərklə Samidin qoluna girdi. Yenidən bayaqkı gülsatan oğlana yaxınlaşdılar və salamsız-kəlamsız Valid əlini uzadıb güldən bir xışma, ovuc dolusu götürüb gülsatana:

- Cığara ver,- deyə başını qaldırdı və onun uzatdığı nazik, parıltılı, zərli, xışıldayan kağızı alıb götürdüyü gülləri bükərək Samidə uzatdı:

- Apar, əmoğlu, halal xoşun olsun.

- Bu çoxdur ey, qardaş, həm də...

- Çox olmaz. Həm də nə?

- Demək istəyir ki, həm də pulum yoxdur. Sən heç ondan soruşmusan ki, nə qədər pulu var?,-deyə gülsatan Validə baxdı.

- Pulla versəydim gülləri sayardım.

- Necə yəni pulla versəydim? Bu güllər tək sənin deyil ey, Valid, biz şəriyik. Heç bilirsən orada nə qədər gül var?

- Nə qədər?

- Aşağısı otuz dənə.

- Əlli dənə yaz mənim ayağıma,- deyə Valid gülsatana gülümsəyib Samidə döndü:

- Fikir vermə, əmoğlu. İşində ol. Burada oxuyursan?,- başı ilə universiteti göstərdi.

- Bəli. Üçüncü kursda.

- Qız tələbə yoldaşlarını da təbrik edərsən. Nə lazım olsa gəl, denə, utanma. Düzdür, mən ora-bura qaçıram, necə deyərlər təchizati, təşkilati məsələlərlə daha çox məşğul oluram, ancaq bu,- başı ilə gülsatanı göstərdi,- həmişə burada olur, ona desən mənə xəbər edəcək. Di sağ ol.

Onlar bir-birinin əlini sıxıb ayrıldılar. Samid əlində sanki gül dəstəsi deyil, qürur, fərəh, sevinc dəstəsi tutmuşdu. Gülləri, yığılan pulu necə şəstlə yoldaşlarına təqdim edəcəyini, həmyerlilərinin, bütün Azərbaycanlıların nəinki öz həmvətənlilərinə qarşı, ümumiyyətlə necə əliaçıq, qonaqpərvər olduqları barədə necə fəxrlə danışacağını ürəyindən keçirincə sifətinə məmnunluq dolu bir təbəssüm qondu.

Bu hadisədən iyirmi ilədək keçmişdi. Samid universiteti uğurla – fərqlənmə diplomu ilə bitirmiş, öz vətəninə qayıtmış, Bakının rayonlarından birinin məhkəməsində hakim işləyirdi. Bir gün öz iş otağında oturub yaxın vaxtlarda baxacağı işlərlə tanış olur, qeydlər edirdi. Başı necə qarışmışdısa qapının astaca döyüldüyünün də fərqinə varmadı və yalnız qapı ikinci dəfə, bir az da hündürdən döyüləndə başını qaldırıb:

- Bəli, buyurun,- deyərək qələmini stolun üstünə atıb qarşısındakı qovluğu örtdü.

İçəriyə daxil olan kişi Bakı dəbi ilə geyinməmişdi. Sifətdən yaşlı görünsə də, səsindən, hərəkətlərindənSamid elə bu kişi ilə təxminən yaşıd olduqlarını fərq etdi. Kişi içəri daxil olub salam verdi və duruxubmuş kimi Samidin üzünə baxa-baxa qaldı.

- Buyurun, əyləşin,- deyə Samid ona yer göstərdi,- Sizi dinləyirəm.

- Bilirsiniz,- kişi tutula-tutula sözə başladı, elə bil kimdənsə çəkinir, sözləri düşünə-düşünə deyirdi,- mənim qardaşımı həbs ediblər, işi sizdədir. Gələn həftə baxmalısınız. Qonşu ilə sözləri olub. Mən burda olmamışam, yoxsa bu dərəcəyə çatmazdı...

Baxacağı işlərin arasında qonşu ilə əlaqəli cəmisi bir iş olduğu üçün Samid onun hansı məsələdən bəhs etdiyini o dəqiqə başa düşdü. Lakin kişinin hələ də çəkindiyini, sıxıldığını hiss edib bir az da sərbəstləşməsi üçün dedi:

- Hə, belə bir işə baxmalıyam gələn həftə. Lakin narahat olmayın. O qədər də ağır cinayət eləməyib qardaşınız. Qonşular arasında olur belə şeylər.

- Amma qardaşım içəridədir...

- Günah özündədir. Qonşuya vurduğu ziyanı ödəyib üzr istəsəydi heç şikayət filan da olmazdı. Ya da heç olmasa müstəntiqin çağırışlarına gəlsəydi, qaçıb gizlənməsəydi, hələ bu azmış kimi qonşunu hədələməsəydibarəsində həbs qətimkan tədbiri də seçilməzdi.

Daha bir müddət söhbət etdilər və bütün bu müddət ərzində Samidi belə bir hiss tərk etmədi ki, bu kişini elə bil hardansa tanıyır. Əmin idi ki, zənni onu aldatmır, lakin yadına sala, xatırlaya bilmirdi.

- Xahiş edirəm yenə bir baxın, imkanınız varsa kömək edin, cavandır,- deyə kişi xudahafizləşib ayağa qalxdı. Qapının ağzında Samid onu səslədi:

- Bağışlayın, dediniz Siz burda olmamısınız. Sirr deyilsə, harada idinizki?

- Rusiyada.

- Orada yaşayırsınız?

- Bəli. Şimal tərəfdə. Lesnoy şəhərində. Gül toçkamızvar, gülsatıram. Burada parniklərimiz var, uşaqlar becərib göndərirlər. Elə qonşu ilə bu məsələ də gül üstündə, parnikə gələn qaz xəttinin üstündə olub.

- Xəbərim var. İşlə tanışam. Ancaq qonşunun güllərini yolub tökmək nəyə lazım idi ki,daha?

Kişi qapıdan çıxan kimi Samidkreslosunun arxasına söykənib gözlərini yumdu. Cavanlığı, 8 Mart bayramı, gül almağı, gülsatanın - bu kişinin ovaxtkı sifəti, hadisə dünən olubmuş kimi bütün təfərrüatı ilə gözləri qarşısında canlandı...

Gülsatanla bu söhbətdən iki gün sonra, elə onun gəldiyi saatda Samidin iş otağının qapısı döyüldü.

- Buyurun,- deyə Samid dillənib başını qarşısındakı kağızlardan qaldıraraq nəzərlərini qapıya yönəltdi.

- Olar?

Samid Validi dərhal tanıdı. Baxmayaraq ki, Valid gülsatana nisbətən az dəyişmişdi, bəlkə də gülsatanın viziti olmasaydı onu tanımazdı. Zarafat deyil, gör nə qədər vaxt keçmişdi.Samid ayağa qalxıb irəli yeridi. Validi qapıda qarşılayıb içəri dəvət etdi. Əyləşmək üçün kresloda yer göstərib özü də onunla üzbəüz oturdu. Xoş-beşdən, hal əhvaldan sonra:

- Vallah heç bilmirəm nə deyim, Samid müəllim, yəqin özünüz gəlişimin məqsədini başa düşdünüz...

- Hə, şəriyin gəlmişdi.

- Məni də elə o çağırıb. Zəng edib məsələni, Sizinlə görüşdüyünü, Sizi görəndə özünü necə itirdiyini, deyəsən Sizin heç onu tanıya bilmədiyinizi, kömək edəcəyinizə dair bir söz vermədiyinizidanışıb təcili gəlməyimi xahiş etdi. İkimiz də burada...gülləri bir yerlimizə tapşırıb gəlmişəm

- Narahat olma, Valid, nə kömək imkanım olsa,- ammaqanun daxilində,- edəcəyəm. Siz qayıdıb gedə bilərsiniz, amma əvvəlcə işdən sonra görüşək, qonağım ol.

- Çox sağ olun, Samid müəllim, onsuz da az gülümüz qalmışdı, qalıb məhkəmədə də iştirak edib gedər, təzə gülləri də özümüz apararıq.

"Qalxın, məhkəmə gəlir” və "Azərbaycan Respublikası adından... məhkəmə zalından azadlığa buraxılsın” sözləri hələ də Validin qulaqlarında səslənirdi. Nə gözlərinə, nə də qulaqlarına inana bilmirdi. Axı ortada küsülü olduqları qonşunun şikayəti, ona dəyən ödənilməmişzərər var idi... Məhkəmənin qarşısında bir müddət gözlədi. Qəti qərara gəlmişdi ki, axşama qədər olsa da gözləyəcək, Samidi görməyincə heç yerə getməyəcək. Lakin o qədər də gözləməli olmadı.Bir də gördü Samid özü binadan çıxıb gülə-gülə ona tərəf gəlir.

- Salam, Samid müəllim,- heç bilmirəm Sizə necə...

Samid ona sözünü bitirməyə imkan vermədi:

- Sonra, sonra, yaman yorulmuşam, özüm də acam. Yəqin elə sən də mənim günümdəsən. Gedək. Qonağım olmasan heç bir təşəkkürün qəbul olunmayacaq.

Yaxında dayanmış avtomobilə yaxınlaşdılar.

- Bizi xudmani, sakit bir yerə apar bir tikə çörək yeyib bir çay içək,- deyə Samid sürücüyə gülümsəyib arxa oturacaqda, Validin yanında əyləşdi.

Valid ürəyindən keçənləri deməyə yalnız çörək yedikdən sonra oturub çay içərkən imkan tapdı:

- Samid müəllim, axı hər şey bir tərəfə, qonşu... zərər...

- Qonşu ki, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayətinin olmadığını bildirdi. Özün eşitdin ki, məhkəmədə dediklərini. Al bu da ziyanın ödənildiyi, şikayətin olmadığı və s. barədə sənədlərin surəti. Sənədlərin əsli işə tikilib - deyə SamidValidə bir neçə vərəq uzatdı.

- Vallah heç nə başa düşmürəm. Kim ödədi ki, ziyanı. Biz ödəməyə hazır idik, ancaq qonşu adımızdan minnətçi düşənləri yaxın buraxmırdı. Kimsə ödəmiş olsaydı mən mütləq bilərdim axı...

- Özünü çox yorma, Valid, ziyanı elə sən ödəmisən.

- Məən? Mən heç ziyanın nə qədər olduğunu da əməlli bilmirəm. Qonşuları bir söz deyir, bunlar bir söz.Nə vaxt ödədim ki?

- Hələ iyirmi il bundan əvvəl ödəmisən, Valid, bir dəstə qərənfillə.

Bakı, may - 2017