adalet.az header logo
  • Bakı 21°C
22 Aprel 2019 15:21
26196
GÜNDƏM
A- A+

POLİS VƏ HƏKİMLƏR: ELƏ DƏ OLUR, BELƏ DƏ OLUR

Aprelin 20-də Murad Nəbibəyov bir status paylaşmışdı. Sonra baxdım ki, bu statusu çoxları paylaşıb. Məsələ nədi? Ayın 19-da bir avtoqəza olur və Abşeron rayon DYP-nin əməkdaşı, polis kapitanı Vasif Sadıqov gənci Təcili Tibbi Yardıma çatdırır. Amma Təcili Tibbi Yardımda qəbul eləmirlər ki, xəstə çox qan itirib. Bundan sonra polis kapitanı xəstəni «Semaşko»ya çatdırır və burda da xəstənin vəziyyətinin ağır olduğunu deyib qəbul etmirlər. Kapitan vaxt itirmədən gənci Travmatologiya İnstitutuna çatdırır. Burda xəstəni dərhal qəbul edib əməliyyat edirlər, qanaxmasını dayandırırlar və xəstə özünə gələnə qədər polis kapitanı xəstəxanada gözləyir.

Bu yaralını xilas edən sizin tez-tez sosial şəbəkələrdə və saytlarda söydüyünüz bir Dövlət Yol Polisi əməkdaşıdır. Və mənə çox ləzzət elədi ki, bu xəbəri 124 nəfər paylaşıb.

Eşq olsun həmin polisə və Azərbaycan polislərinə!

Amma məsələnin başqa bir tərəfi var. Deməli, nə Təcili Yardım bu xəstəni qəbul etməyib, nə də «Semaşko» adına xəstəxana ki, çox qan itirib. Və deməli, bu yaralı həmin həkimlərin fikrincə, artıq ölü sayılırmış.

Bir eşq də düşür Travmatologiya İnstitutunun həkimlərinə ki, onlar yaralını həyata qaytara biliblər.

Yaralını qəbul eləməyən həkimlərə söymək istəyirsən, amma o biri tərəfdən də gözünün qabağına Travmatologiya İnstitutunun həkimləri gəlir.