adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Aprel 2019 14:27
7227
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: NƏ YEYƏK Kİ, ÖLMƏYƏK

Vallah, adam bir şeyi yeyəndə qorxa-qorxa qalır. Və qorxa-qorxa qalır ki, görəsən, bu yediyim çörək, bu yediyim ət, bu yediyim kolbasa-sosika, bu yediyim şirniyyatlar hansı yolla istehsal edilib? Saxta məhsullardı, yoxsa lazımi tələblərə cavab verən? Bax, elə əsl təhlükə də burdan yaranır. O təhlükə ki, hər gün yediyimiz qida məhsullarının tərkibinə kimsə cavab vermir. Nə istehsalçılar məsuliyyət daşıyır, nə də onlara nəzarət etməli olan orqanlar.

Nəzarət edən orqanlar deyirlər ki, hər bir istehlakçı qida məhsullarını alarkən onun keyfiyyətinə və buraxılışına nəzarət yetirsin. Əgər istehlakçı hər şeyə nəzarət edəcəksə, bəs onda məhsulun istehsalına və satışına nəzarət edən bu qədər dövlət orqanları kimə və nəyə lazımdır? Əlbəttə, ictimai nəzarətə də ehtiyac var. Ancaq bu o demək deyil ki, dövlət orqanları bu ictimai nəzarətə görə, əlini əlinin üstünə qoyub oturmalı və günləri yola verməlidir.

Görəsən, ikinci bir ölkə varmı ki, bizdəki qədər istehlakçıların hüquqları qorunmasın? Bir çox istehsalçılarsa yoxlamaların aparılması qadağan olunduğuna görə, hər şeyin ağını çıxarıb saxta yolla nə oldu istehsal eləyirlər. Bax, bu da gətirib axırda hərc-mərcliyə və özbaşınalığa çıxarır. Yəni bəzi istehsalçılar görürlər ki, onları yoxlayan yoxdur, istehsal etdikləri çörəyin, kolbasanın, sosiskanın, spirtli içkilərin, şirin və qazlı suların və eləcə də şirniyyat məhsullarının tərkibinə nə gəldi qatırlar.

Bəzi qida məhsulları var ki, o qatqını alıcı həmin an hiss edə bilir. Amma elə də qida məhsulları var ki, tərkibinə müxtəlif boyalar və kimyəvi maddələr əlavə edildiyinə görə, həmin məhsullar aylar, illər keçəndən sonra insanların daxili orqanlarında müxtəlif fəsadlar verir. O gün mağazaların birindən xiyar alıb gətirmişik, yeyəndə görürük ki, balıq tamı gəlir. Balam, bu nə olan şeydir ki, xiyardan xiyar yox, balıq qoxusu hiss olunur?

Aydındır ki, bu da istixana şəraitində yetişdirilən, xiyara vurulmuş müxtəlif kimyəvi maddələrin təsiridir. Ona görə də hər bir meyvəni və tərəvəz məhsullarını mövsümə uyğun alıb yemək lazımdır. Ancaq bizdə isə tam fərqlidir. Qonşu görür ki, filankəs bazardan və marketdən nəinki yaz aylarında, qışda və payızda pomidor, xiyar alıb yeyir. O da deyir ki, əşi, hamı alıb yeyirsə, mən niyə alıb yeməyim?!

Belə də olanda nə pomidordan pomidor tamı, nə də xiyardan xiyar tamı gəlir. Bilmirsən, yediyin nədir! Amma bir onu bilirsən ki, küyə düşüb camaatın dalınca gedirsən və alıb yediyin qidalar da səni bir gün xəstəxanalıq edir. Yəni ölürsən. Adam bilmir indi nə yesin ki, ölməsin!

Düz 10 ildir ki, Bakıda toyuq dönərinin satışını qadağan ediblər. Ancaq satışı qadağan olunsa da. bu gün elə bir yer yoxdur ki, orda toyuq dönəri satılmasın. Burda da çox qəribə bir mənzərə yaranır: toyuq ətinin satışına icazə verirlər, toyuq dönərinin satışına yox! Bu nə məntiqdir və nə qərardır, hələ də adam bundan baş çıxara bilmir?!

Dünyanın heç yerində 30-35 gündə toyuq yetişmir. Və təbii ki, bu qısa zamanda yetişən toyuğu da kimyəvi maddələrlə böyüdürlər. Elə toyuq var ki, onun çəkisi 2 kiloqramdır. Deyilənlərə görə, çəkini artırmaq üçün broyler toyuğuna iynə ilə maye vururlar. Hətta bu mayenin vurulmasını bir vaxtlar sosial şəbəkədə yaymışdılar da.

Nooldu? Heç bir şey! Bir balaca söz-söhbət oldu, sonra da broyler fabriklərindən bildirdilər ki, bunların hamısı bizi gözdən salmaq üçün aparılan kampaniyadır. Təki belə olsun! İndi çox adam, daha doğrusu, imkanı olanlar həmin broyler toyuqlarını alıb yemirlər. Çünki onlar yaxşı bilirlər ki, o toyuğun tərkibi nədən ibarətdir.

Sovet dövründə də quşçuluq fabrikləri vardı. Amma onlarda yetişdirilən toyuqlar 35-40 günə deyil, 3-4 aya, bəzən də daha çox müddətə böyüdülürdü. Həmin vaxt da quşçuluq fabrikləri o toyuqlara vitaminlər verirdilər. Amma ən çox onlara buğda və arpa, eləcə də qarğıdalı yedizdirirdilər. Ona görə də o toyuqlar indiki kimi təhlükəli və qorxulu deyildi. Amma indi adam gedib bazardan və marketlərdən toyuq almağa ehtiyat eləyir. Baha da olsa əhalinin əksəriyyəti kənddən gətirilən toyuqlara və yumurtalara üstünlük verirlər. Ancaq elə insanlar da var ki, mal ətinin qiyməti baha olduğundan, kənd toyuğu yüksək qiymətə satıldığından onlar yenə broyler fabriklərinin istehsal etdiyi toyuqları almağa məcburdular.

Və bir də dəfələrlə biz bunu qeyd eləmişik. Qida məhsullarına nəzarət edən və xeyli müddətdir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyi var. Hələ ki, onların başı vacib işlərə qarışıb: iribuynuzlu və xırdabuynuzlu heyvanların Bakıda kəsilib satılmasındakı mövcud nöqsanları aradan qaldırmaq istəyir. Nöqsanları aradan qaldırmaq əvəzinə, əksinə, həmin sahibkarlar üçün onlar ya bilərəkdən, ya da bilməyərəkdən problem yaradırlar. Bu orqan fəaliyyətə başlayandan Bakıda mal ətinin qiyməti bahalaşıb. Bax, bizimkilər belə "islahatlar” eləyirlər.

Satışı qadağan olunmuş toyuq dönərlərinə isə heç bir nəzarət yoxdur. Üstəlik, əksər dönərxanalarda fəaliyyət göstərən satıcıların sağlamlığı da şübhə altındadır. Onların əksəriyyəti sanitar və gigiyenik qaydalara əməl eləmir, dönərxanalarda əlcəksiz işləyir və bəzən üzü tüklü olurlar. Alıcılar da irad tutanda deyirlər ki, siz kimsiniz bizə yol göstərirsiniz! Xoşunuz gəlir dönər alın, xoşunuz gəlmir çıxın gedin! Təbii ki, abırlı alıcı da mübahisəyə qoşulmur və ordan uzaqlaşır.

Toyuq dönəri satışındakı bu qədər özbaşınalığı və hərc-mərcliyi məgər Qida Təhlükəsizliyi Agentliyi görmürmü? Necə olur, hamının gördüyü qanun pozuntusunu onlar görmürlər? Görmürlərsə, yaxşı hal deyildir. Görüb göz yumurlarsa, lap pisdir!

Hər halda, camaat nə deyirsə, hansı iradı tutursa, düz yoldadır. Çünki Azərbaycanda qidaların təhlükəli bir vəziyyətdə olması onu deməyə əsas verir ki, istehsalçıların üzərində kifayət qədər nəzarət yoxdur. Camaatı isə belə bir durumda bir şey düşündürür: biz nə yeyək ki, ölməyək!