adalet.az header logo
  • Bakı 20°C
22 Aprel 2019 11:34
19680
MƏMLƏKƏT
A- A+

Aydın Qacar: Müəllim! Səfəralı müəllim

Bizim nəsil insanlar üçün müəllim anlayışı əlimizdən tutub "Ana”, "Vətən” kəlmələrini yazdıran, "1+1” öyrədən, kamillik, nəciblik, ziyalılıq nümunəsi kimi assosiasiya olunub. Cəmiyyət müəllimi elm-bilik yoluna işıq tutan, nur saçan kimi qəbul edib. Böyük şərəf, qürur mənbəyi olub müəllimlərimiz bizim üçün, ideal bilmişik onları. Hətta müəllimin adi insanlar kimi yeyib-içməsinə, yatıb-durmasına da inanmamışıq. Bəlkə, elə bizim inamımızı sındırmamaq üçün də müəllimlərimiz özlərini o səviyədə saxlayıblar.

Və təkcə bumu?Axı cəmiyyət də, dövlət də ədalətli, əxlaqlı, vicdanlı yanaşıb müəllimə.

İndi də ibtidai sinfə girən müəllimi o körpə fidanların məsum baxışları, təəccüb, ümid, işıq dolu simaları qarşılayır. Bəs çöldə?…

Çöldə müəllimə hansı ehtiram göstərilir? Dövlət, cəmiyyət müəllimə hansı niyyət, hansı əxlaq, hansı ədalətlə dilənçi məvacibi verib onu ələbaxım, gözükölgəli, seçki saxtakarı edir? Müəllimin öz nəfsinə sahib çıxmaq imkanı yoxsa, hansı güclə, hansı məntiqlə yüksək materiyadan, milli-mənəvi dəyərlərdən danışıb uşaq mənəviyyatına memarlıq etsin? İndiki yanaşma ilə müəllim şagirdinin, tələbəsinin idealı ola bilərmi? Müəllimə hansı ehtiram göstərilir, hansı dəyər verilir ki, o da şam kimi yanıb özün tükətməklə ətrafın işıqlandırsın?!

Təbii ki, müəllim də həmin əxlaq, həmin vicdanla yeni nəsil yetişdirir. Bizim hər birimizin və ümumilikdə cəmiyyətin borcudu, ilk növbədəsə, dövlətin və dövləti idarə edənlərin borcudu: dövlət ərkanına, dövlət əxlaqına sahib olsunlar; müəllimlik sənətinə ehtiramla yanaşsınlar; cəmiyyətdə müəllimin nüfuzu, əvvəllər olduğu kimi, yüksək olsun; müəllim etalona çevrilsin, antipoda yox – millət yazıqdı!

***



Mənim müəllimim dünyasın dəyişib –Səfəralı müəllim, üç gün öncə, 82- yaşında… Allah rəhmət eləsin. Başı sağ olsun kiçik vətənimin, kəndimin, onu tanıyan insanların, elm öyrətdiyi, sevdiyi şagirdlərinin.

Mən də kədərimi bölüşmək, başsağlığı vermək və ümumən bütün müəllimlərə ehtiram əlaməti olaraq, Səfəralı müəllimlə bağlı kiçik xatırlamalar etmək istəyirəm.

1938-ci ildə Şərur rayonunun Qabıllı kəndində dünyaya göz açıb, 1960-cı ildə APİ-nin fizika-riyaziyyat fakultəsini bitirərək qonşu kəndlərdə müəllimlik etməyə başlayıb.

O vaxt kəndin feldşeri, ilk ziyalısı olan əmim Xəlilin şikayətləri, səyləri ilə bizim dördillik məktəb də səkkizillik olur və biz – ilk beşincilər, 6, 7, 8-cilər olmaqla, kənddə natamam orta təhsil alırıq. Səfəralı müəllim bizə də dərs deməyə, riyaziyyatın sirlərin öyrətməyə başlayır. Kəndlərə əvvəl radio, sonra elektrik xətti də biz məktəbli olan illərdə çəkilir. Cəmi iki sinif otağından ibarət səkkizillik məktəb, 1987-ci ildə yeni tikilmiş məktəb binası ilə əvəz olunub və orta məktəb yaranıb.

Səfəralı müəllim danışırdı ki, kənddə təkcə elə 1938-ci ildə onun yaşıdları olan rekord sayda oğlan uşağı dünyaya gəlib: Şamil, Rza, İbrahim, Teymur, İslam, Mamed, E. Rza, Ələkbər, Novruz, Həbib.

Və bu uşaqlar arasında oxumaq potensialı olanlar da çox idi. Səyyad əminin oğlu Rza isə hamısından bilikli olub. Lakin imkansızlıq, kasıblıq, məktəbin olmaması onlara təhsil, elm dalınca getməyə imkan vermir.

Mən də xatırladıram ki, kənd dükanının yanında qoyulmuş neft çəni neçə onilliklərboyu riyaziyyatdan Rza əminin məktəbliləri sual-cavab etmək, imtahana çəkmək lövhəsi olub. Məktəbdə 5 almaq hələ şərt deyildi, gərək "bidon lövhədə” də imtahandan uğurlu çıxa biləydin. Bizi imtahan etdiyi qədim məsələlər, hələ də yadımdadır.

"Göydə bir dəstə qaz uçurdu, bir qaz onlara yaxınlaşıb deyir: "Salam, 100 qaz”. Qazlardan biri cavab verir: "Biz 100 deyilik, bizə bizimcən gərək, bizə bizim yarımızcan gərək, bizə bizim dörddə birimizcən gərək, bir də sən, olarıq 100 qaz”. Göydə neçə qaz uçurdu?” –tənlik qurmağı öyrənəndə verilən məsələ, suallardan idi.

Yaxud Teymur əminin coğrafiyadan bizi çək-çevirə salması gündəlik qayğılardan idi.

Mən söhbətlərimdə, xatirələrimdə, yazılarımda müəllimlərimi, o cümlədən Səfəralı müəllimi həmişə böyük ehtiramla yad etmişəm:"Biz 5-ci sinifdə olanda, fizika-riyaziyyat üzrə pedaqoji institutu yenicə bitirib qonşu kəndlərdə dərs deyən, Qabıllının ilk ali təhsil almış nümayəndəsi Səfəralı müəllim böyük həvəslə bizə də riyaziyyatdan dərs deməyə başlayır. Bizə dərs dediyi vaxtlarda Səfəralı müəllim alim olmaq üçün Bakıya imtahan verməyə də getmişdi. Onda aspirantura sözünü bilmirdik, ancaq bilirdik ki, alim olan bizim oxuduğumuz, ya da hələ heç oxumadığımız kitablar kimi, qalın-qalın kitablar yazır. Yazır da yox, "bağlayır” deyirdilər. Qabıllıdan da Lomonosov çıxa bilməsi və kitab bağlaması bizə çox möcüzəli görünürdü. Ancaq Səfəralı müəllimin bütün rayonda ən bilikli "fizmat” müəllimi olması bu möcüzəni, bu həyəcanı yaşayacağımıza ümid verirdi. Ən azı, elə Səfəralı müəllimin adının qabağında başa düşmədiyimiz o "fizmat” sözünə görə möcüzə mütləq baş verməli, Qabıllıdan çıxan adam da paytaxtda oturub qalın-qalın kitablar bağlamalı idi.

Hə… o vaxt Səfəralı müəllim Bakıya köçdü, ancaq əfsuslar olsun ki, biz bu həyəcanı yaşaya bilmədik. Və nəinki o vaxt, heç bu günə kimi də adının qabağında "elmlər namizədi” yazılan qabıllılı hələ peyda olmayıb, zühur etməyib. Mən 1976-cı ildə institutu bitirəndə kəndin ali təhsil almış 5-ci adamı idim. Ancaq çox sonralar Səfəralı müəllimin riyaziyyata dair dərs vəsaitlərini, müəllif avtoqrafı ilə mənə – keçmiş şagirdinə bağışladığı şeir kitablarını görəndə, oxuyanda, çox təsirləndim…”


…Səfəralı müəllimin keçdiyi növbəti dərsi şagird sinifdəcə qavrayırdı, daha ev hazırlığına ehtiyac qalmırdı. Təbaşirlə lövhədə yazdığı, izah etdiyi məsələnin, misalın şərtlərini, həllini – lövhəni xüsusi sahələrə ayıraraq, elə gözəl hüsnüxəttlə yazırdı ki, başqa dərs başlayanda da lövhəni silməyə heç kimin əli gəlmirdi. Onun dəftərimizdə, gündəliyimizdə görünən qırmızı "5”-ləri ən böyük təbərrük idi və nədənsə, bütün "beş”lərdən fərqli, dadlı, gözəl görünərdi.

Səfəralı müəllimdən sonra Məmmədin xətti tamam dəyişdi, bütün günü məşq edib, rəqəmləri, hərfləri onun kimi yazmağa çalışırdı və alınırdı da. Ancaq təbaşirlə lövhədə Səfəralı müəllim kimi gözəl yaza bilmək heç vaxt heç kimə müyəssər olmadı. Lövhəboyu uzanan sətirlər bir millimetr aşağı-yuxarı əyilməzdi, elə bil, xətkeşlə çəkmisən. Çevrəni, ellepsi, digər həndəsi fiqurları xətkeşsiz, pərgarsız lövhədə o cür gözəl necə çəkə bildiyini soruşardıq. "İplə, cib dəsmalı ilə təbaşiri tutub, fırlatmaqla çevrə çəkməyi öyrənin sonra vərdiş yaranacaq”,– deyib göstərərdi."Ancaq heç vaxt heç birinizin müəllim peşəsi seçməyinizi arzulamıram, çətin peşədi”, – deyərdi.

Səfəralı müəllim bizə riyaziyyatı elə sevdirmişdi ki, 9-10-cu sinifləri kimya təmayüllü məktəbdə oxusaq da, Məmməd yönün dəyişmədi, elə riyaziyyatçı olaraq qaldı.

Mən internatda da, inistitutda da, riyaziyyat müəllimlərinin lövhəni necə bölməsinə, necə yazmasına göz qoyurdum, heç kim Səfəralı müəllimi təkrarlaya bilmirdi. Lövhəni pinti, bulaşıq, hara gəldi, necə gəldi yazanlardan heç xoşum gəlmirdi. Hesab edirdim, lövhə səliqə-səhmanı da bir mədəniyyətdi, iş yerini, evini, üst-başını səliqəli saxladığın kimi, lövhəni də səliqəli istifadə etməlisən – Səfəralı müəllim kimi!

***

Fotoda:Məmməd Araz və Səfəralı müəllim Aydın Qacarın qonaqlarıdır

1968-ci ildə Səfəralı müəllimin Bakıya köçməsi Kəngərli məktəbləri üçün böyük itki olur. Aspiranturaya qəbul olsa da, əfsus, müdafiə edib elmi dərəcə ala bilmır, yəqin, həyat və məktəb qayğıları buna imkan vermir. Ancaq mənim gözümdə sevimli müəllimimiz elə həmişəlik, Qabıllıdan çıxmış alim, Lomonosov olaraq qalacaq.

Səfəralı müəllim Bakıda müxtəlif təhsil sahələrində çalışır, 1982-ci ildən isə 44 nömrəli şəhər orta məktəbinə direktor təyin olunur və təqaüdə çıxana qədər orada işləyır. Səfəralı müəllimin arxasınca biz də 1969-cu ildə ilk dəfə qatara minir və ilk dəfə Bakıya gedirik.

"…Qatar bizi balaca, gözdəniraq, həmişə yarımsəhra ömrü yaşamış boz bir aran kəndindən alıb yeni aləmə, yeni dünyaya aparırdı. O illər kəndimizin tarixi üçün görünməmiş hadisə baş verirdi, səkkizinci sinfi bitirəndən sonra üç qız – Simuzər, Səriyyə, Zeynabbəyim Naxçıvanda pedaqoji texnikuma qəbul olunmuş, beş oğlan isə 9-10-cu sinifləri oxumaq üçün Bakıya – 5 nömrəli Kimya-Biologiya Təmayüllü internat məktəbə gəlirdik. Məktəbin dördmərtəbəli binasını görən Alcəfər əmi gəlib danışmışdı: "Məktəb deyil e, institutdu! Qabıllının yarısını yığ ora, yerləşər! Baxanda, adamın papağı düşür…” Bütün kənd bu fərəhi yaşayırdı.

Mübaliğəsiz demək olar ki, kəndin intibahı bizimlə başlayıb. Bizə qədər məktəb dördillik olduğundan, oğlanlar hər gün 5 kilometr məsafəni qonşu kəndə piyada gedib-qayıtmaqla orta məktəbi bitirə bilərdilər, qızlar üçün isə bu, mümkün olmadığından, ümumiyyətlə, oxuya bilməyiblər. Bizim kənddə heç bir idarə binası, poçt şöbəsi (hətta poçt qutusu), xəstəxana, çayxana, dəlləkxana, kitabxana, dərzixana… və sair "xana”lar olmayıb – təkcə bir feldşerdən ibarət "doxdurxana”dan başqa. "Şoş yolu” (asfalt) da kənddən aralı keçib. Kənddən rayona, şəhərə gedən, üstünə "Qabıllı” yazılmış avtobus da görməmişik. Nə coğrafi, nə siyasi-iqtisadi, hətta hərbi xəritələrə belə, Qabıllının adı düşməyib, yəqin, heç Allahın xəritəsində də yoxdu bu kəndin adı.”

Bir haşiyə:

Biz – onun şagirdləri, bir yerdə olanda Səfəralı müəllimi həmişə xatırlayır, ondan danışırıq. Bir neçə il qabaq, Məmməd təsadüfən söz açır:

– Mən hələ də kök almağı bilmirəm, o vaxt Səfəralı müəllim bizə bu dərsi keçməyib və niyə keçmədiyin də deyir.

Bu sözdən hipnoz oluram:

– Mən də bilmirəm kök almağı!

Yəqin, 6-7-ci sinifdə keçilən bu sadə riyazi əməliyyatı sonradan kimdənsə soruşmağa da utanmış, o dərsliyi, kitabı da tapıb öyrənməmişik. Ancaq Məmmədin riyaziyyatçı olaraq bunu bilməməsi və izah etdiyi səbəb məni sözün əsil mənasında təəccübləndirir.

Və Səfəralı müəllimlə görüşəndə iki dəfə bu sualı ona verirəm, biri elə Məmmədin iştirakı ilə olur, hər iki halda da Səfəralı müəllim heç nə deməyib, gülə bildikcə gülüb…

Mənim həyatımda isə bu "kökalma məsələsi” lap o, bayağı hind filmləri sayaq iz qoyub.

Səfəralı müəllim atamın xətrini çox istəyirdi, hər sözündə "Əziz yaxşı adamdı” deyirdi. Mən riyaziyyatdan qəbul imtahanına girəndə, o da gəlib atamla birlikdə, valideyin kimi, mənim çıxmağımı gözləyirdi. İmtahandan çıxıb qaralamanı Səfəralı müəllimə uzadıram, imtahan yazılı idi, baxır. "Hər iki misal və məsələ düzgün həll olunub, sadəcə məsələdə cavab kök altında alınır onu açmamısan… Qiymətin dörd yarımdı, ancaq məsələ və misalları izahlı yazdığına, özün də kimya ixtisasına verdiyinə görə, riyaziyyat sənin üçün əsas fənn sayılmır, beş də verə bilərlər”, – deyir.

Sabah qiymət cədvəli vurulur, dörd almışam. O vaxtkı qaydalara görə, nədənsə narazı olan abuturiyent, müraciət edib araşdırma aparılmasında iştirak edə bilərdi və komissiyanın işi də birbaşa çöldə qoyulmuş televizorda göstərilirdi. O vaxtın bu yüksək texnika nümayişi yalnız Neft Kimya İnstitutunda idi, akademik Azad Mirzəcanzadənin kafedrası yaratmışdı.

Komissiyaya gedirik. Komissiya sədri riyaziyyat kafedrasının müdiri, "Qara Rəşid” ləqəbli çox məhşur, zəhmli, zabitəli, həm qara, həm qaraqabaq professor imtahan kağızları qarşısında olan müəllimdən soruşur:

– Nədir bunun şikayəti, niyə alır vaxtımızı?

Müəllim cavabın bitirməmiş, professor:

– Riyaziyyatı beşə heç mən özüm bilmirəm! Ver vərəqi bura, pozub iki yazacağam, – deyib, elə həşir salır ki, qapıdan yel kimi çıxırıq, arxamızca gülürlər…

Məktəblə, müəllimlərlə bağlı saysız-hesabsız, müxtəlif səpkili belə olayları, xatirələri şirin nağıl kimi danışmaqla, yazmaqla qurtaran deyil.

Səfəralı müəllim peşəkar riyaziyyatçı-pedaqoq olmaqla yanaşı, həm də hərtərəfli biliyə malik, yüksək erudisiyalı ziyalı, kəndimizin – Qabıllının ilk ali təhsil almış nümayəndəsi idi. Riyaziyyatın tədrisinə dair dərs vəsaitlərinin və şeir kitablarının müəllifidir. Səfəralı müəllimin şeirlərində unudulmaz uşaqlıq xatirələri, doğulub böyüdüyü yurd yerləri, kənd mənzərələri, kənd adamları xisusi həssaslıqla tərənnüm olunur.

Allah qəni-qəni rəhmət eləsin!