adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2019 17:26
26771
MƏDƏNİYYƏT
A- A+

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

İndoneziyada ənənəvi olaraq hər il keçirilən "Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində "Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 18-30 aprel tarixlərində keçirilən 19-cu "Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısa metrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaqdır. Festival zamanı "Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində ümumilikdə 4 dəfə nümayiş olunacaqdır.

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film Əli və Nino arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən olduqca böyük maraqla qarşılanıb.