adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2019 17:14
10919
SİYASƏT
A- A+

Moskva danışıqlarından nə gözləyək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə Moskvada keçirilən görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, məsələnin həllinə hərtərəfli zəmin yaratmır. Çünki keçirilən bu kimi görüşlərdən sonra Ermənistanın rəhbərləri, yüksək rütbəli hərbçiləri, müəyyən siyasi dairələri bir-birinə zidd olan fərqli fikirlər səsləndirir və münaqişənin gərginləşməsinə səbəb ola biləcək bəyanatlar verirlər.

Bu mülahizələr Ermənistanın ayrı-ayrı dairələr tərəfindən idarə olunduğunu göstərir və onun acınacaqlı vəziyyətindən xəbər verir.

Bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada baş tutan görüşünə və bu görüşdən sonra verilən bəyanatların, ilkin razılaşmaların Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Qarabağ münaqişəsi zəminində hakimiyyətə gələn və bu fonda hakimiyyətini qoruyub-saxlamağa cəhd edənlər ölkənin çıxılmaz vəziyyətə düşməsinin, kimlərinsə quluna çevrilməsinin fərqində deyillər:

"Onlar populist çıxışlarla, millətçi bəyanatlarla xalqı ələ almağa, sakitləşdirməyə, ümidləndirməyə çalışırlar.

Ermənistanın baş naziri Paşinyanın, eləcə də, müdafiə nazirinin, ayrı-ayrı millətçi şəxslərin çıxışları da məhz bu məqsədə xidmət edir.

Ancaq reallıqlar başqa nəticələri göstərir, yəni Ermənistanın iqtisadi, siyasi, mənəvi böhran içərisində yaşamasından, xalqın keçmiş və indiki ölkə rəhbərlərinə nifrətindən, etimadsızlığından xəbər verir.

Azərbaycanın iqtisadi inkişafından və hərbi qüdrətindən xəbərdar olan erməni xalqı müharibə başlayarsa, hansı bəlalara düçar olacağını yaxşı anlayır.

Bu səbəbdən də onların çoxu müharibə istəmir, orduya övlad verməkdən imtina edir, ölkənin acınacaqlı vəziyyəti haqqında açıq-aşkar bəyanatlar səsləndirirlər.

Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bu səbəbdən ATƏT-in, beynəlxalq təşkilatların vasitəçiliyindən, hər hansı görüşlərdən imtina etmir. Ancaq bu görüşlər səmərəli olmalı, münaqişənin gələcək həlli üçün imkanlar yaratmalıdır. Əks təqdirdə, hərbi yolun seçilməsi qaçılmazdır. Bunu erməni xalqı və rəhbərləri yaxşı anlamalıdırlar”.