adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2019 16:12
12811
SİYASƏT
A- A+

AXH parçalanma təhlükəsi ilə üz-üzə... - SORĞU

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Hərəkatı parçalanma təhlükəsi ilə üz-üzə qalıb. Qurumun 21 idarə heyəti üzvü iki hissəyə ayrılıb. Təşkilat son dövrlər kövrək notlar üzərindədir və qurumun idarə heyətinin üzvləri arasında fikir ayrılıqları, münasibətlərdə narazılıq müşahidə olunur. Xüsusən də İsgəndər Həmidovun Tural Abbaslı ilə qarşıdurması AXH-də vəziyyəti ağırlaşdırıb. Belə görünür ki, daha bir müxalifət birliyi dağılmaq üzrədir, ömrü o qədər çox olmayacaq, bəlkə də son baharını yaşayır.

Adalet.az AXH-nin dağılması vəziyyətinə deputatların, partiya sədirlərinin münasibəti öyrənib. Cavabları təqdim edirik.



Deputat Araz Əlizadə: "Xalq cəbhəsi hakimiyyətə gəldi. Bir müddət fəaliyyətlərindən sonra yoxa çıxdılar. Azərbaycanda Xalq hərəkatı yoxdur. Xalq hərəkatı adından özünü lider sayanlar gündəmdə qalmaq üçün xaricdən pul alırlar, vəssalam. Bunların hamısı boş şeylərdir”.







Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev: "Bu mövzuda elə bir məlumatım yoxdur. Azadlıq Partiyasının sədri Əhməd Oruc bir söz deyir, digərləri başqa bir söz. Partiyada olan adamların səviyyəsini də bilirəm. Əhməd Oruc həmişə ölkədə dağıdıcı proseslə məşğul olub. Müəyyən həqiqətlər var. Mən də ordan-burdan eşidirəm. Düşünürəm ki, Azərbaycan Xalq Hərəkatında o ada layiq olmayan adamlar çoxdur. Əhməd Oruc beş inəyini saxlaya bilmir, bu xalqa necə rəhbərlik edəcək? Bu ciddi məsələlərdir. Mənə həmişə dövlət maraqlı olub, dövlətində yanında olan adamam. İmkan vermərəm ki, cənab prezidentimizə kimsə zərbə vursun”.




İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı: "AXH hərəkatı çox böyük problemləri həll etməyi qarşısına məqsəd qoyub. Hərəkat yaradılanda atılan addımlar uğurlu idi. Amma sonradan bəziləri bunun davamını istəmədi. İsgəndər bəyin ətrafında olanlar yerlipərəstliklərini ortaya qoyublar. Bu şəkildə davam etmək mümkün deyildi. Mən buradakı insanların əhatəsində olmaqdan qürur duyuram. Vaxt gələcək, o insanlar etdiklərinə görə peşman olacaqlar”.