“İdeal”ın hədiyyə kartları istehlakçı hüquqlarını pozur?
Eyyub Kərimov: "Bunu dövlətin iqtisadi siyasətinə, istehlakçı hüquqlarına zidd hesab edirik”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Kərimov "İdeal” parfum və kosmetika mağazaları şəbəkəsinin istehlakçı hüquqlarını pozması ilə bağlı Adalet.az-a açıqlama verib. AİB sədri Eyyub Kərimov bildirib ki, "İdeal”-ın müştərilərinə təqdim etdiyi hədiyyəli kuponlar dövlətin iqtisadi siyasətinə, istehlakçı hüquqlarına ziddir: "Bu gün ayrı-ayrı şirkətlərin keçirdikləri kompaniyalar insanları aldadır. "İdeal” parfumeriya şəbəkəsi belə bir iş görür. 100 manata hədiyyə kuponları verir. Bu kuponla nə vaxt istəsən gedib 100 manat dəyərində hər hansı bir ətiri ala bilərsən. Sanki azərbaycan manatının funksiyasını verir o karta, ona alıcılıq hüququ verir. Lakin onun aşağısında kiçik hərflərlə yazılıb ki, filan vaxta qədər etibarlıdır. Gələn şikayətləri araşdıranda məlum olur ki, insanların bir qrupu bunu bilmir və etibarlıq müddəti keçəndən sonra vətəndaş müraciət etsə də karta ödədiyi lakin istifadə etmədiyi məbləğ geri qaytarılmır. Beləliklə istehlakçının hüququ pozulur. Biz bununla əlaqədar rəsmi dövlət qurumları qarşısında məsələ qaldırdıq. AİB o zaman buna biganə qalardı ki, karta müddət qoymayaydılar. Müddətin qoyulması istehlakçı hüquqlarının pozulması, istehlakçının aldadılması deməkdir. Bu cür kuponlar buraxan müəssisə mütləq müvafiq dövlət qurumundan icazə və ya rəy almalıdır. Biz bunu dövlətin iqtisadi siyasətinə, istehlakçı hüquqlarına zidd hesab edirik”.
"İDEAL” rəsmisi: "Pulu verib kartı alırsız sonra da...”
"İDEAL” rəsmisi Rasim Həsənov məsələyə aydınlıq gətirərək bildirdi ki, 2016-cı ilin yayına qədər verdiyimiz kartların arxasında istifadə müddəti yox idi. 2017-ci ilin martında biz bu kartların istifadəsini dayandırdıq: "Bundan sonra bununla bağlı həm AİB-ə həm də dövlət qurumlarına şikayətlər oldu. Bizə bildirildi ki, bu kartların istifadəsini dayandırmazdan öncə müştərilər məlumatlandırılmalıdır və onlara müvafiq vaxt verilməlidir. 2017-ci ilin iyun ayının 15-dən 2017-ci ilin dekabr ayının 31-dək biz müştərilərimizi məlumatlandırdıq ki, bu kartları ya istifadə etsinlər ya qaytarsınlar. Bu müddət bitdikdən sonra bu kartları qəbul etmirik. Artıq bütün kartların arxasında istifadə müddətləri var. Müddət 1 il nəzərdə tutulub. Kartlara müddət qoymağımız hesabatlarda nöqsanların yaranmaması üçün qoyulub. Belə ki, kartlar müddətsiz olduqda müştərilərin ondan nə vaxt istifadə edəcəyi məlum olmur. Bu baxımdan aldığımız məbləğin hesabatında problemlər yaranırdı.
Müddət bitəndən sonra kartları yenə də qəbul etmirik. Parfum necə bir məhsuldursa kart da elə bir məhsuldur. Pulu verib kartı alırsız sonra da gəlib parfumla dəyişdirirsiniz. Bunun üçün heç bir dövlət qurumundan sənəd almağa ehtiyac yoxdur”.
Kartda qalan məbləğlə bağlı isə R.Həsənov bildirdi ki, "Kartın müddəti keçəndən sonra müştəri tərəfindən karta verilmiş məbləğ geri qaytarılmır”.
Nicat Novruzoğlu