adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Aprel 2019 14:40
40993
LAYİHƏ
A- A+

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

(əvvəli ötən saylarımızda)

Məhəbbətdə (hələlik bu ifadəni işlətmirəm), daha doğrusu, onun qovuşdurduğu iki cinsdə mənəvi mədəniyyət, etik davranış yalnız Şərqə, Hindistana və sair ölkələrin abidələrinə məxsus xətdir. Məsələn, hindlilərin məşhur "Kamasutra"sını məhəbbət haqqında elm adlandırırlar. Şərqin dahisi N.Tusi (1201-1274) "Əxlaqi-Nasiri" traktatında erotika anlamasının tam bir sistemini yaratmışdır. Belə ki, "Kamasutra"da insan varlığını şərtləndirən həyat fəaliyyətinin 4 prinsipi verilmişdir. Bunların sırasında etiklik məsələsidir. Cinsiyyət sahəsində davranış nigaha bağlılıqda, kamillikdə, aşiqanə münasibətlərdə özünü göstərir.

N.Tusidə intim (seksual) həyatın enişi və yoxuşu dini inamla əks olunmuşdur, tam əxlaqın saflaşdırılmasına istiqamətləndirilmişdir. Platornun "Şəhvət və ehtiras nə yaman sırtılıbdır" fikrini N.Tusi insanın nəfsi kontekstində şəhvəti insanın görəcəyi işilə müvazi götürür. Əgər yaxşı nəsə iş görmək istəyirsə və ona şəhvani (seksual) qüvvə maneçilik törədirsə, mütləq bu hissi (qüvvəni) zəiflədən "qəzəb" qüvvəsini köməyinə çağırsın. Yox, buna baxmayaraq şəhvani (seksual) hiss üstün gəlirsə, sahibi bu qüvvəni yerinə yetirdikdə peşimançılıq çəkirsə, deməli, islah olunmağa ümid bəsləməyə dəyər. Romana qayıdaq, maariflənərik: Cahandar ağa Mələkdən qulluq, nəvaziş görür və məst olur, arvadına baxır: "Mələk aşağı əyildikcə kürəyinin ortasındakı hörükləri sağa-sola qıvrılır, gah ilan kimi belinə dolanır, gah da çiynindən sürüşüb, döşüaşağı sallanırdı. Mələk saçını çiyninin üstündən geri atır, yenə də işinə davam edirdi. Bunlara göz qoyan Cahandar ağa Mələyin hörüyü bir də sürüşüb ləyənə sallananda əlini uzadıb, saçı geri elədi". Bu vəziyyəti hər ikisi müxtəlif baxışdan, zövqdən qiymətləndirir. Cahandar ağa davranış - əxlaqilik baxımından qəbul etmir, Mələk isə bu hərəkətiylə ərinin intim zövqünü oyatmaq istəyir: "Arvad onun barmaqlarının qəsdənmi, yoxsa təsadüfənmi boynunun dalında gəzdiyini duydu və gözlərini süzdürüb, altdan-yuxarı kişinin üzünə baxdı. Cahandar ağa nəzərini arvadının sürüşüb çiyninə düşmüş şalı altında görünən ağ boynundan və qızıl sırğalarının yanında qıvrılan telindən çəkmədən, hərəkətinə bəraət verirmiş kimi qaşqabaqlı dilləndi:

- Bu nədi, başını niyə örtmürsən?

Ərinin halını gözəl başa düşən Mələk dodağını dişləyib gülümsündü:

- Burada başqa adam yoxdur, özümüzük".

Və Mələk sakitcə şalını irəli çəkir.


Bir də, Tusiyə görə, belə bir arzu - şəhvanilik iradənin ixtiyarına keçməlidir, əks halda kişi (və ya qadın) həzzalmanın tam hakimiyyətinə düşüb, ona təslim olar. Beləliklə də şəhvətin təkcə intim həyatın aparıcı rolu meydana çıxmır, eyni zamanda fəziləti, yaxud fitnə-fəsadı görünür. Cahandar ağa Mələyə fiziki toxunduqda iradəsinə uduzur və arvadının belindən qucaqlayıb özünə çəkir: "Qəribə nəvaziş və namərbut hərəkətlərlə sinəsinə sıxıb, öpməyə başladı. Belə bir hadisəni gözləməyən Mələk əvvəlcə ona heç nə demədi. Ani olaraq "bu kişiyə nə oldu?" - deyə düşündü. Onun iradəsinin əleyhinə getməmək üçün ərinin sinəsinə qısılıb dayandı. Cahandar ağanın onu ağuşundan buraxıncaya qədər gözləməyi qərara aldı. Əslinə baxsan onun bu oxşamadan xoşu gəlir, dağ kimi zəhmli bir kişini yerindən oynamaq qüdrətinə malik olmasına ürəyində sevinirdi…" Mələk görünür, "intim oyuna" ya hazır deyildi, ya da ərinin zabitəsi qarşısında imtina etməli oldu. Hər ikisi intim nəfsə qalib gəlməklə, əxlaqın saflaşdırılmasına üstünlük verirlər. Ərəb sufisti İbn-əl Cövzi yazmışdır ki, sufizmin ilkin mərhələsi nəfsi təmizləmə rəzil əxlaqı cəmil (gözəl) əxlaqa cəhdində idi. Çin filosofu Li-Şan-İn (812-853) isə göstərirdi ki, əgər şüurda şəhvət oyanmışsa, onu pozğunluq iblisləri ələ keçirəcəkdir. Deməli, elə olur ki, çox zaman insan şəhvətin ən coşğun çağında, hissiyyatın ən yüksək anında elə şövqə, ehtirasa gəlir ki, özünü cilovlamağı bacarmır. Və peşimançılıq da baş verə bilir…

Cahandar ağa, Zərnigar, Şahnigar, hətta İmran, Nərgiz də erotik ovqatlarını tənzimləyirlər, şübhəsiz, burada yaşın da rolu danılmazdır. İ.Şıxlı müdrik olmaqla, erotikliyə də ali hiss qədərində yanaşır. İmkan vermir ki, erotik (intim) ovqat mikro-mühitdə seksual yaxınlığın tam hakimiyyətinə düşsün, bütün situasiyalarda özlərini "ələ almağı" bacarırlar. Şamxal Güləsəri qaçırır, hər ikisi cavan və təcrübəsiz olmalarına baxmayaraq, erotik davranışlarını idarə edirlər. İmranla Nərgiz bir otaqda, axşam qaranlığında ikilikdə hisslərinin oyanmasına imkan yaratmırlar. İmranla Nərgiz müəllimə intimliyin - şəhvətin doğurduğu ilğım, ehtiraslı ləzzətalma - həyat - şəxsiyyətin intellektinə, fəaliyyətin potensialına tabe olur. Hər ikisi bu ovqatda ağılları və davranışları ilə erotikliyə qalib gəlirlər və ruhi tələbat üçün ağrı keçirmirlər, olsa da büruzə vermirlər. İ.Şıxlının qəhrəmanları güclü kişi və həssas qadındılar - tərəfmüqabillər arasındakı yaxınlıq erotik atmosferin özünə "tabu" qoyur. Şübhəsiz, bura da islam dininin əxlaq qanunları, o cümlədən tabusu (qadağanı) qrifi əsas amillərdən biridir.

Şahnigar həyatda nakam qadınlardan biridir və onun ölümü oxucunu pessimizmə aparmır. Ona görə ki, mənim aləmimdə o, ölümünə addım-addım yaxınlaşdıqca onda həyat eşqi güclənir, dünyanı bütöv şəkildə görür. İ.Şıxlı bu obrazın timsalında bir qadının mövcudluğunda həndəsi fantomun acizliyini göstərir, fiziki varlığa çevriləcəyini yəqinləşdirir. Lakin Şahnigarda fiziki cəhd yoxdur, cəsarət onun qardaş məhəbbətinin ümidindədir; yoxsa qaçmaq, canını qurtarmaq cəhdində olardı. Ona daxilən ümidlidir ki, yaşamağın fiziki-maddi ölçüsü bütövə - tama çevrilməlidir və o, buna layiqdir. İ.Şıxlı onun ölümünü suyun dibində, qatı yerində təsvir etmir, nakam məhəbbətinin işığını söndürmür.

Cahandar ağa onu necə qəzəblə güllələmişdisə, elə dərəcədə də təəssüfləndi və dərin peşimançılıq keçirdi. Şahnigarın isti cəsədi təmiz havaya, diri ağaclara, nəğməli quşlara səs verir, elə bil bir anlığa gözlərini açacaq, qulaqları eşidəcəkdir. İ.Şıxlı bununla həyatın fərdlərdə, tək-tək insanlarda qurtarmadığını təlqin edir: Quşlar oxuyur, bayaqkı bülbül cikkildəyir, ağacların yarpaqları arasından səhər günəşi süzülür, sular sakit-sakit axıb gedir.

Allahverdi Eminov