adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Aprel 2019 13:53
8966
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: KEÇİDİ QOYUB AVTOMOBİL YOLUNDAN KEÇƏNLƏR

Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsində sürücülərdən və piyadalardan çox böyük məsuliyyət tələb edilir. Yəni hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına riayət etməklə ilk növbədə özünü gözləyən hər hansı qəzadan və təhlükədən xilas eləmiş olur. Təbii ki, hava şəraiti mürəkkəb olanda – yəni yağış yağanda, yol sürüşkən olanda hər bir hərəkət iştirakçısı buna xüsusi bir önəm verməlidir.

Yol Patrul Xidməti Alayının 1-ci tağımında da birmənalı olaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Yəni istər soyuq aylarda, istərsə də isti günlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi və maariflənməsi tağımın diqqətindədir. Bu isə o deməkdir ki, sutkanın 24 saatı ərzində baş verə biləcək qəzaların qarşısının alınması üçün ciddi addımlar atılır.


Sirr deyil ki, bir çox piyadalar, hətta magistral yolda yolüstü və yerüstü keçidlərdən istifadə etmirlər. Bakı-Quba avtomobil yolunda da sürət həddi saatda 90-110 arasındadır. Və bu yol bir çox yaşayış məntəqələrindən keçir. Yəni həmiş yaşayış məntəqələrində sakinlər istər-istəməz bu avtomobil yolunu keçməyə məcburdular. Əvvəllər Xırdalan və Masazır yaşayış sahələrindən keçən yerlərdə yerüstü keçidlər yox idi.

Amma neçə vaxtdır ki, bu keçidlər inşa edilib və əhali də ondan istifadə etməyə başlayıb. Təəssüf ki, bəzi piyadalar Masazır qəsəbəsindən yolun keçən hissəsindəki keçiddən istifadə etmirlər. Yəni onlar bir çox halda dəmir arakəsməni aşaraq avtomobillərin sürətlə şütüdüyü yoldan keçirlər.


Hələ bu da hamısı deyil. Ceyranbatan qəsəbəsinin 25-ci və 27-ci kilometrlərində yolüstü keçid olsa da, bir çox piyadalar buna məhəl qoymur. Əvvəllər bəhanə edirdilər ki, bu keçidlərdən birinin yanları tam düzəldilməyib, ona görə də təhlükəlidir. Məsələni 1-ci tağımın rəhbərliyi Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi qarşısında qaldırandan sonra həmin problemlər də qısa zaman kəsiyində öz həllini tapıb. Ümumiyyətlə, yol polisiylə adını çəkdiyimiz dövlət qurumu arasında çox səmimi, sıx əlaqə var və piyadaların təhlükəsizliyi üçün qaldırılan bütün məsələlər vaxtında həll edilir. Bu isə birmənalı olaraq o yerlərdən piyadaların təhlükəsiz keçməsini təmin etmiş olur.

Əfsuslar olsun ki, bayaq dediyimiz kimi, bir çox piyadalar yolüstü keçidlərdən istifadə etməyə tənbəllik göstərirlər. 1-ci tağımın əməkdaşları keçirdikləri reyd zamanı yerüstü keçiddən istifadə etməyən onlarla piyadaları saxlayıb, onlarla səmimi söhbətlər edir və bildiriblər ki, yolüstü keçiddən istifadə etmək həmin piyadanı mövcud təhlükədən xilas edir. Mütəmadi olaraq aparılan bu maarifləndirmə işləri Xırdalan, Masazır, Ceyranbatan qəsəbələrinin yolu keçmək istəyən sakinləri təhlükədən xilas edib. Söhbət aparılan piyadalar bu təbliğat və izahat işlərindən nəticə çıxarır, həyatlarını təhlükə qarşısında qoymurlar.


Tağım əməkdaşları martın 28-dən aprelin 28-dək keçirilən "Təmiz hava” aylığında da davamlı olaraq reydlər təşkil edirlər. Bizim də reyddə iştirak etdiyimiz bu tədbirdə atmosferə normadan artıq dəm qazı atan sürücülər saxlanılıb, onların böyük hissəsi arasında izahat-maarifləndirmə işləri aparılıb, texniki cəhətdən nasaz avtomobil sahibləri dəfələrlə saxlanıldıqlarına baxmayaraq, nəticə çıxarmadıqları üçün inzibati qaydada məsuliyyətə cəlb ediliblər. "VAZ-21” markalı 10 SO 084 nömrəli avtomobil tağımın stasionar postunda polis baş serjantı Adil İsmayılov tərəfindən saxlanıldı. Maşın müəyinədən keçiriləndən sonra bəlli oldu ki, onun korbirator sistemi normal işləmədiyinə görə, atmosferə həddindən artıq zəhərli qaz atılır.

Bütün bu göstəriciləri polis baş serjantı Adil İsmayılov sürücünün nəzərinə çatdırdı. O, sürücüyə dedi ki, bu dəfə sənin barəndə inzibati protokol tərtib etmirəm, xəbərdarlıq edib bildirirəm ki, maşındakı texniki qüsuru aradan qaldırasan. Sürücü polis baş serjantının bu tövsiyələrini diqqətlə dinlədi və söz verdi ki, cənab polis baş serjantı elə bu gün maşının nasaz hissəsini düzəltdirəcəm, səmimi münasibətinizə və yüksək mədəniyyətinizə görə, sizə təşəkkür edirəm.

Əlbəttə, yol polisi və sürücü münasibətləri sivil qaydada qurulanda bundan hər iki tərəf razı qalır. Onu da qeyd edək ki, polis baş serjantı Adil İsmayılov çox peşəkar, mədəni və bu işə vicdanla yanaşan bir əməkdaşdı. O, uzun müddətdir ki, qüsursuz fəaliyyət göstərib və iş əmsalı da həmişə yüksək olub. Uzun müddət onu tanıdığıma görə deyirəm ki, Adil İsmayılov həm də çox mədəni, xalqını və millətini sevən bir oğlandı.


Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov Bakı-Quba avtomobil yolunda həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı söhbət edərkən dedi ki, son vaxtlar həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır qəzaların qarşısı xeyli alınıb. Biz buna sutkanın 24 saatı gərgin işləmək hesabına nail olmuşuq. Əməkdaşlarımız bayram günlərində və mürəkkəb hava şəraitində gücləndirilmiş iş rejimində işləyir. Rəhbərliyin bizim qarşımızda qoyduğu əsas vəzifə kobud qayda pozuntularına qarşı mübarizəni gücləndirmək, hərəkət iştirakçılarının təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdir. Biz də həmişə çalışırıq ki, bu vəzifənin öhdəsindən bacarıqla gələk.

Reyd zamanı tağımın əməkdaşlarından Adil İsmayılov, Anar Hümmətov, İslam Cəfərov, Emin Əsədov, Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov qaydanı pozan sürücüləri saxlayaraq onlar barəsində qanunamüvafiq tədbirlər gördülər. Daha çox hərəkət iştirakçılarının maarifləndirilməsi önə çəkildi. Bu isə birmənalı olaraq insanların maariflənməsində və yol hərəkəti qaydasına əməl edilməsində əvəzsiz rol oynayır.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim Əliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Anar Hümmətov – 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin Əsədov- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı