adalet.az header logo
  • Bakı 18°C

Qəşəm Nəcəfzadə: İcazə ver, qəhrəman olum

7285 | 2019-04-18 11:34
Üzümə gün o vaxt doğdu ki, direktorumuzu işdən çıxartdılar. Mənim də dilim dinc durmadı, başladım işdən çıxan direktoru müdafiə eləməyə. Müəllimlər də qınağa düşüb başladılar mənim sözümü üstün gəlməyə, şagirdlər də yarı zarafat, yarı gerçək müəllimlərin tərəfini tutub dərsə girmədilər. Balşladılar məktəbin həyətində futbol oynamağa, biz də başladıq səhərdən- axşama kimi oyuna "balet” eləməyə. Məktəbdə dərslər dayandı.

Rayon icra hakimiyyəti sanki bizim acığımıza təhsil şöbəsinin əliylə məktəbimizə yeni direktor təyin elədi. Biz də acığa düşüb məktəbinin qapısını mismarladıq. Yeni direktor da qorxusundan heç məktəb tərəfə gəlmədi.

Etiraz edənlərin başçısı mən idim. Təsadüfən oyuna düşmüşdüm. Get –gedə qızışırdm. O biri məktəblərdən mənə dəstək gəlirdi. Görünür, o məktəblərin direktorları da gələcək aqibətlərini indidən düşünürdülər. Rayonda əsl qəhrəmana çevrilmişdim. Məni barmaqla göstərirdilər. Öz –özümə düşünürdüm ki, qəhrəman olmaqdan asan bir iş yox imiş. Gecə müəyyən adamlar evimizə gəlirdilər. Pul –zad təklif edirdilər. Bir mənalı şəkildə hamısına "yox” deyirdim; köhnə direktor yerinə qayıtmalıdır, vəssalam.

Sən demə keçmiş direktor da Bakıya gedib böyük bir adama özünü tapşırtmaqda imiş, mən də burda mitinq eləməkdə. Hər şey üst –üstə düşürdü. Bir gün təhsil şöbəsinin müdiri məni çağırıb dedi ki, sən yaxsı eləyib mitnq eləyirsən. Biz səhv eləmişik sənin direktorunu işdən çıxarmaqda. Amma utanırıq sözümüzü geri götürməyə, camaat bizə nə deyər? Ona görə də sən mitinqini daha da gücləndir. Başçı da tapşırıb ki, mitinqi soyutmasın. Bəlkə, bu yolla direktoru yerinə qaytaraq.

Sonra əlavə etdi ki, nə bacarırsan mənim əleyimə danış, amma ata –ana soyüşü söymə. Başçıdan başqa, mən qarışıq, hamımızı söy.

Mitinqimin ərazisi daha da genişləndi, qonşu məktəblər də qoşuldu. Təhsil şöbəsinin müdürünü yaş yuyub quru sərdim, maliyyə şöbəsini lap itin gününə saldım, mədəniyyət şöbəsini də qatdım ona. Icra hakimiyyətinin humanitar şöbəsinin müdirinə qədər gedib çıxdım. Mənə faktlar ötürmüşdülər. Faktların təzəliyindən az qala mitinqim gözə gələ. Çünki şıdırğı bir yağış başladı.

Axşam təhsil şöbəsinin müdiri məni götürüb getdi xəlvət bir yerdə icra başçısının yanına. Başçı əllərimi sıxdı. "Əhsən, səndən çox xoşum gəlir- dedi - yaxşı danışıq qabiliyyətin var. Səni kimilərinə bizim ehtiyacımız çoxdur. Sabahkı mitinqdə məni də tənqid elə, amma az elə. Görürsən ki, bizdə demokratiyadır. Rayonda verdiyim dükan yerlərinə toxunma. Kəndlərdən başla.”

Qardaş, sabahkı mitinqimdə qan su yerinə axdı. Başçının mənə öyrətdiklərini dedim. Hamının ağzı açıla qaldı. "Halal olsun”un biri artıq bir qəpiyədi, itə tökdü. Polislər də durub qıraqdan baxır, məni qoruyurlar.
Öz- özümə düşünürdüm ki, icazə verilmiş qəhrəmanlıq nə dadlı şeymiş. Başçı hər axşam dediklərini tribunadan ürəklə deyirəm. Adamlar az qala məni atıb tutsunlar. Özüm razı olmuram. Belimdə radukulitim var, birdən tutub eləyər, mitnq yarımçıq qalar. Mən çıxış eləməkdə, köhnə direktor da yuxarılarla iş birliyi qurub başçını yola gətirməkdə olsun, sizə kimdən deyim o biri məktəblərin məni kimi şeir yazan ədəbiyyat müəllimlərindən. Allaha yalvarırlar ki, kaş bizim direktoru da çıxaraydılar, biz də mitinq eləyəydik.

Mənim şan - şöhrətim qonşu rayonlara gedib çıxıb. ANS-ə müsahibə verirəm. Mərkəzi qəzetlər məndən fikir öyrənirlər. Yerli qəzetləri saymıram. İki aydan sonra axır ki, direktoru qaytardılar yerinə. Mənim də qəhrəmanlığıma son qoyuldu.

Bu hadisədən beş ay sonra qonşu məktəblərdən birinin direktorunu işdən çıxartdılar. Məktəbin ədəbiyyat müəllimi şair dostum Bəybala müəllim elə bil bir himə bəndmiş. Başladı mitinqə. O saat polislər gəldi, bir iki dubinka –zad, basdılar içəri, 6 aydan sonra buraxdılar, sonra isə Bəybala müəllim utandığından heç məktəbə qayıda bilmədi, köçüb getdi Bakıya.

TƏQVİM / ARXİV