adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2019 18:18
43262
LAYİHƏ
A- A+

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

(əvvəli ötən sayımızda)

Məhəbbət anlayışına İ.Şıxlı nəsrində kompleks yanaşılmışdır: qısqanclıq, cinsi iqtidar, ünsiyyət mədəniyyəti, savad, intizam, etika və sair atributlar. Mən göstərmişəm: İ.Şıxlı dünya psixoloqlarından xəbərdar idi, kişi-qadın münasibətlərində hətta filosofların fikirlərilə tanış olmuşdu. Ona görə də yazıçı "məhəbbət" anlayışına mütləq yanaşmamışdır, ötüb keçən, iz buraxan, yaddaşdan pozulmayan və əsasən nəyi diqtə edən anlam mənasında. Məşhur psixoanalitik S.Frommun fikrincə, məhəbbət xarakterik strukturu, münasibətlərin indikatoru, müxtəlif bilik, intizam və mənəvi keyfiyyətlərin kompleksidir; məhəbbət insanın subyektiv yönümlülüyünü təsdiqləyən, cəmiyyət tərəfindən qəbul edilən ali əxlaq kodeksi, özünüidarə-davranış qaydalarıdır. Məhəbbətdə həyatı yaradan, geneloji hərəkətə gətirən bir qüvvə, təkan, epos mövcuddur. Qarşılıqlı ünsiyyətdə, təmasda insan nəslinin davamı kimi kosmoloji dəyər sabitləşir. İnsan ömrü - həyatı nəsillərin bioloji, sosial və əxlaqi təcrübəsini özündə ehtiva edir, genefondun qorunmasını şərtləndirir. Deməli, insan əbədiliyinin morfoloji əsasını müxtəlif cinslərin fiziki təmasıdır.

"Dəli Kür"də xüsusilə yazıçı "epos" məsələsini qoymaqla erotik hissi son dərəcə etik normalar daxilində iki nəslin timsalında verməklə sübut edir ki, erotika ən ali müdriklikdir. Bu məsələyə əsərdə aydınlıq gətirmək istəyirdim, ancaq elmi cəhətdən buna hazır deyildim. Əgər roman poetikasından danışıramsa, insana məxsus ali hisslər mövcuddur ki, bunlardan yan keçməyin zamanı ötmüşdür.

Yazıçı ictimai-sosial problemlərin bədii həllində ayrı cinslərin - cütlərin psixoloji-fizioloji çalarlarını təsvir etmişdir. Bunun üçün mən: "Erotika - ali müdriklikdir tezisi" üzərində imkanım həcmində bəhs edəcəyəm. Və təsadüfi deyil ki, İ.Şıxlı romanda hadisələrin gələcək konfliktini Cahandar ağanın Mələyi qaçırması ilə davam etdirir. İlk təşəbbüsdə heç bir ictimai, yaxud şəxsi ədavət hissi yoxdur.

Çayın qırağında ikinci dəfə gördüyü Mələyin - qadının çılpaq baldırı, mütənasib bədəni, yaraşıqlı sifəti, sinəsinə səpələnmiş saçları - erotik mühit kişini onu qaçırmaq məcburiyyətinə gətirir.

Elə Mələyin də at belində ondan su istəyən əsil azəri-türk kişisinə məxsus sağlam bədəni, həbəşi dodaqları, zəhmli baxışları onun ürəyincə olur. Mən bir qədər irəli gedirəm, mənbələrə ritorik yanaşıram. Yunan filosofu Antisfenin ikibaşlı fikri var:

"Mən dəli olaram, amma bu dünyadan heç bir ləzzət almaram". Bu sözlərdə nə nəzərdə tutulmuşdur? Yaşadığı Dünyanın ləzzətini görəndən, kamını alandan sonramı bu qədər sakit nəfəs almışdı? Mən deyərdim ki, əgər insan dünyanın ləzzətini fəzilətiylə, saf əxlaqı və qabiliyyətilə alırsa - nə üçün dəli olmalıdır?! Z.Freyd isə insan varlığının mahiyyətində, bütün fəaliyyətində intim (seksual) marağın aparıcı olduğunu göstərəndə, bu sualı xatırlamaqda səhv etməmiş ki?!

Z.Freydə qədər Antisfenin həmvətəni Aristipp fərqli düşünmüşdü, demişdi ki, insan nə olursa-olsun, qanını qaraltmamağa özünü alışdırmalıdır.

Bunun üçün o, hər şeydən həzz almağı bacarmalıdır: müdrik o şəxsdir ki, hər şeyi həzz mənbəyinə çevirməyə qüdrəti çatsın. Aristipp gizlətməmişdi: - Mənim ruhum ona görə azaddır ki, mən ləzzətin qulu deyiləm, ləzzət mənim qulumdur, yəni ləzzət almağı haçan, hansı məqamlarda dayandırmaq özümdən asılıdır.

Gizlətməyə ehtiyac da qalmır ki, Cahandar ağa, Molla Sadıq, Allahyar, Şamxal - əkscinslər Zərnigar xanım, Şahnigar, Mələk, Güləsər - onların içərisində intim meyl, hansı ki, erotik mühitin ən parlaq və zərif, şəfaverici qüvvəsidir. Onlar da hələlik o məqsəd daşıyıcısıdır - məhəbbətdən, kortəbii sevgidən doğan seksual maraq sosial-mənəvi mövqelərini cəmiyyət üçün (ailə üçün) qoruyur, onların davranış fəaliyyətlərini stimullaşdırır. İnsan mövcudluğuna ayrılmazın, bütövün harmoniyası kimi yanaşırıq, deməli, həzzin atributları kənarda qala bilməz. Bəşər mövcudluğundan bu hissə diqqət kəsilmiş, insanı yaşamaq möcüzəsinin hərəkətverici qüvvəsi kimi qiymətləndirilmişdir. Z.Freyd insan fəaliyyətində təhtəlşüurun "ilkin marağını" (təəşşüqu, həvəsi) vurğulayarkən, orada seksuallığı və özünümühafizəni ayrıca fərqləndirmişdir. Və bu təəşşüqun, arzunun əsasını intim (seksual) meyl təşkil etdiyini göstərmişdir. Bu isə hər iki cinsin bütün fizioloji, psixoloji, sosial davranışının ilkin mayasıdır və insan dünyaya gələndə gözünü ətraf aləmə seksual tələblə açır. Qadın və kişi bu sonuncunu bir tələbat kimi tələb edir. Mələk nə qədər təmkinli (bəlkə də Cahandar ağanın zəhmindən öz ehtirasını büruzə vermir) olsa belə, Cahandar ağanın ayrılığından xiffətlənir. Bir həftəlik həsrət sona çatır: "Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən qadın azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi.

Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadın kimi qəmzələndiyini hiss etdi. Hətta onun ürək çırpıntılarının qoftasını titrətdiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürrələndi. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü:

- Əyə, nə yaman ləngidin?

- Mənsiz darıxıbsan?"

Bu sonuncu eyham Cahandar ağanın davranışını şərtləndirən seksual işarə - rəmz aparıcı vasitə ola bilər. Bu baxımdan Z.Freydin tapdığı rəmzlər şəhvaniliklə sıx əlaqəlidir və burada təəccüblü bir şey yoxdur: seksual meyl təbiətin insana bəxş etdiyi ən əsas həvəsdir. Lakin onu dar mənada yox, geniş mənada, cinslərarası münasibətlərdə başa düşməliyik; bu, həqiqətdə insan hisslərinin və ünsiyyətlərin mürəkkəb sahəsinə istinad edir. Mələk intim tələbatın yetişdiyini duyanda kişinin mübhəm eyhamına sevinir, zərif qadın həssaslığından məhrum olmadığını ifadə edir; sadəcə: "Sənsiz lap qəribsəyirdim, yadıma düşəndə burnumun ucu göynəyirdi" demək istəyirdi. Çoxdan bəri qəlbində yatan bir hissin alovlandığını duyan cavan qadınlara xas olan şivə ilə ərini oxşamaq istədiyini dərk etdi..."

(ardı növbəti sayımızda)

Allahverdi Eminov