adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2019 16:35
36478
ƏDƏBİYYAT
A- A+

Əli Rüzgar: Burax gedim

Əli Rüzgar 1998-ci il aprel ayının 10 da Şərur rayonunun Püsyan kəndində anadan olub. 2017-ci ildə Püsyan kənd orta məktəbini bitirib. Hərbi xidmətini yenicə başa vurub.

Əli Rüzgar 2016-cı ildən bədii yaradıcılıqla məşğuldur. Şeirləri "Şərurun səsi” qəzetində, "Bölgələrdən səslər” ədəbi almanaxında cap olunub. Gənc şairin bir neçə şeirini oxuculara təqdim edirik.

Bayquş

Kədərindən, ya ahından

Dünənindən, sabahından,

Bu gecənin günahından,

Bir quş səsi gəlir Allah.

Dünya boyda qəfəsindən,

O quşun od nəfəsindən,

Oxuduğu nəğməsindən,

Qarğış səsi gəlir Allah.

Göydə yanır ulduzları,

Bu gecə ay, ulduz yarı.

Bulud danıb ulduzları,

Yağış səsi gəlir Allah.

Gözlərimi zülmət deşir,

Saçlarımı rüzgar eşir.

Könlümə bir nəğmə düşüb,

Bayquş səsi gəlir Allah

Burax gedim

Ürəyimin söküyü var,

Bir-bir düşür itirirəm.

O sənə bir tikə çörək,

Mən evə dərd gətirirəm.

Məndən nələr, kimlər keçir,

Sən də yeri qurban olum.

Tükənirəm, vaxtım azdır

Nə satan var, nə də pulum.

Danışmağı bacarmıram,

Danışdırma sıxılarsan.

Möhkəm yapış ürəyimdən,

Söküyü var yıxılarsan.

Ölən adama

Əvvəli sonluqdur, sonluğu torpaq,

Külək istəməsə əsərmi yarpaq?

Acından öləni görmüşdüm ancaq,

Bu adam qəm yedi, boğuldu getdi.

Yetimin arxası, öncünün önü,

Gələcəyə baxdı, yaşadı dünü.

Dünya dağılmadı o ölən günü,

Göydəki durnalar dağıldı getdi.

Sanki asılmışdı dağ sinəsində,

Ölmüş ümidlərin ölü səsində,

Bu adam dilləndi son nəfəsində

Ömür də, həyat da nağıldı, getdi.

Son öpüş

Xoşbəxtlik yaz yağışıtək,

Üç-beş damla bəs eylədi.

Ya şimşəklər işıldadı,

Ya da bulud səs eylədi.

Nə dağlara güvəndim mən,

Nə dumana, nə də çənə.

Tanrı sevinc bağışladı,

Pay düşmədi yenə mənə.

Fələk yoxu var eyləmir,

Aca baxır, toxu görür.

Bu gecə hər kəs yuxuda,

Hər kəs eyni, yuxu görür.

Heyf ki, bir mən oyağam,

Bir də soyuq bu dörd divar.

Yanağımda son öpüşdən,

Bircə damla göz yaşı var.

Son şeir

Bu dünya qəm dəyirmanı,

Üyüdülür dərdi-sərim.

Özüm həyat dilənirəm,

Sənə necə həyat verim ?

Qol qanadı sınıq quşam,

Bir şikəstə yanıq quşam,

Cinayətə tanıq quşam,

Az qalıram ki, çat verim.

Üfür, söndür bu son şamı,

Şam ömrütək yaşar hamı.

Son kəz güldür bu adamı,

Can versəm də rahat verim.

Yandırar

Sönən eşqin atəşini,

Nə dua, nə köz yandirar.

İnsanı bir qığılcımlıq,

Zərrə boyda söz yandırar.

Talehin öz gərəyində,

Sevdiklərin kürəyində.

Bircə kəlmə ürəyində,

Açar dərin iz, yandırar.

Bəlkə heç kəs dinməz, susar

Dərd adamı sındırmasa.

Yandırsa heç, yandırmasa

Tapar səni tez yandırar.

Yalan sevinc adlı zəhər,

Boğazını tutan qəhər,

Düz olarsan namərd təhər,

Namərd olsan düz yandırar.


Yerdə

Fikirlər mənasız, məsləhətlər boş,

Xəyallar, ümidlər yaşayan yerdə.

İnsan xəsisləşir dərdini vermir.

Fələk sevincini daşıyan yerdə,

Başından dağların dumanı keçir,

Ağlından illərin gümanı keçir.

Qocalıq insanın zamanı keçir,

Ömrünün gözünü yaş oyan yerdə.

Özün-öz başını aldadıb, qatıb

Elə hey qovursan günü, saatı.

Birdə görürsən ki, əcəlin çatıb,

Dincəlib başını qaşıyan yerdə.

Yıxılırsan

Fərqi yoxdu nə olsan da.

Əvvəl axır yox olursan,

Həyat eşqi ürəyində,

Bu dünyadan sıxılırsan.

Sevinirsən, dərd şəkirsən

Yaşamaqçün ev tikirsən,

Qalan ömrə göz dikirsən,

Gedən ömrə dağılırsan.

Qəlb yorulur yormasan da,

Əcəl gəlir sormasan da,

Bir dağ kimi durmasan da,

Bir dağ kimi yıxılırsan.