adalet.az header logo
  • Bakı 19°C
17 Aprel 2019 16:28
33018
ƏDƏBİYYAT
A- A+

Lerikdən Altaya...

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz...

Mövlanə Füzuli

Hər şey sözün ucalığı qarşısında acizdir, desək, yanılmarıq. Söz elə bir ilahi xəzinədir ki, hər kəsi, Mövlanə Füzulinin diliylə desək, -"xabi-əcəl”dən,- əcəl yuxusundan oyada bilər. Yetər ki, sözü zamanında, məqamında və yerində deyəsən...

Ancaq təəssüflər olsun ki, bu gün söz elə girdaba düşüb ki... Bəzi üzdəniraqlar sözü elə ucuzlaşdırıblar ki, həqiqi söz adamları da öz hücrələrinə çəkilib bu mənzərəni təəssüflə seyr etməkdən başqa çarə görmürlər. Nə isə... Bu haqda günlərlə danışmaq olar...

Haqqında söz açacağım şəxs də sözün ucalığına sığınaraq həyatını sözə bağlayan şəxlərdəndir. Hələ orta məktəbdə oxuduğum zamanlar onun 50-60 səhifəlik "Durna harayı” kitabına atam Qədiməli Əhmədin stolunun üstündə tez-tez rast gələrdim. Arada kitabı vərəqləyib onun şeirlərindən də əzbərləyərdim. Ən xoşuma gələn şeiri isə "Babam” şeiri olmuşdu: "Hidi kişi yıxılıbdı, hələ bir yol deyilmədi”, "Hələ heç kim yıxmamışdı,- bir gün ömrün qürub çağı, qocalıq yıxdı babamı” və yaxud, "Nənəmin bir şirin sözü, dar ayaqda bəsdi ona” və s. kimi uşaq düşüncəmə sarılmış misralar idi. Əlbəttə, bu kitabda onun daha sanballı şeirləri yer almışdı, ancaq bəlkə də, bu şeir uşaq təfəkkürümə daha uyğun olduğuna görə yaddaşıma hopub qalıb...

...Nizami Göydərəli... Bu ad çoxlarına tanışdı. 80-ci illər ədəbi nəslinə mənsubdur. Uzun müddət hüquq-mühafizə orqanlarında çalışsa da, sözün ucalığını heç nəyə dəyişməyib. Aramızdakı qohumluq bağlarına baxmayaraq, Nizami Göydərəli ilə heç vaxt görüşməmişdim. Ara-sıra telefon əlaqələri yaratsaq da(o da hansısa şeir almanaxına yazı lazım olanda... X. M.), şəxsən tanış olmaq qismət olmamışdı. Axır ki, "şeytanın ayağını sındırıb” bu yaxınlarda görüşə bildik. Görüş vaxtı Nizami Göydərəli nə az, nə çox, düz üç kitabını ("Mən də uçacağam tanrıya sarı”, "Sən kimsən və ya 22 gün səfərdə”, "Ömür romanı”) mənə hədiyə etdi. Bu kitabları varaqladıqca oradakı doğma hadisələr(söhbət "Ömür romanı”ndakı hadisələrdən gedir) məndə Nizami yaradıcılığı haqqında düşüncələrimi oxucularla bölüşmək həvəsi yaratdı...

Nizami Göydərəlinin "durna qatarıyla başlanan” şeir dünyası qısa müddətdə ədəbiyyat kəhkəşanında parladı. Orada "bir durna nəğməsilə” köklənən şair sevgisi ürəkləri məftun etməyi bacardı. Orada "doqquz bacının qardaşı oldu”, "onu gözləyən ananın həsrəti daş üstə düşüb çilikləndi” şairin... Əzəmətli dağlar oxşadı, buz bulaqlar sərinlətdi ürəklərini oxucularının...

"Mən də uçacağam Tanrıya sarı” kitabı əzablı dünyanın ədalətsizliklərinə qarşı bir etirazdır. Kitabın ilk səhifəsindən oxuyuruq:

Haqsızlıq gözümə sancılan bir ox,

Deməyə sözüm az, dərdlərimsə çox.

Kiminə içməyə bir qurtum su yox,

Kimisi okean, dəniz saxlayır.

Yaxud,

Dövləti, sərvəti özünüz yeyin,

Bizə yaşamağa bir az ruh verin,

Milləti acından qan qusan yerin,

Vəkili cibində saqqız saxlayır...

Birinci bənddə haqsızlığın baş alıb getdiyi təzadlı dünyada məzlum insanların haqlarının tapdalanmağına öz ehtiraz səsini ucaldan şair ikinci bənddə sanki hər şeydən imtina edərək, "hər şey sizin olsun, bizə yaşamağa sadəcə ruh verin”, – deyir. Haqlı olaraq burada şair varsız da, dövlətsiz də, sərvətsiz də yaşamaq olar, ancaq ruhsuz yaşamaq olmaz məntiqini ortaya qoyur.

"Dünya cavanlaşır, biz qocalırıq” şeirində,

Arzuya çatmağa həvəs azalır,

Yoxuşa qalxmağa nəfəs azalır,

Yarla məhbusluğa qəfəs azalır,

Dünya cavanlaşır, biz qocalırıq.

-deyərək, dünyanın vəfasızlığından gileylənir. "Etiraf” şeirində isə əvvəlki şeirin tam əksini görürük. Burada şair keçmiş günlərinə baxıb heyifsilənərək hisslərini şeir dililə belə ifadə edir:

Əlliyə çatanda geriyə baxdım,

İlahi, nələri itirmişəm mən.

Lazım olanları geridə qoyub,

Lazım olmayanı götürmüşəm mən.

Təzadlarla dolu olan Nizami Göydərəli yaradıcılığı oxucunu hər addımda suallar qarşısında qoyur. Ümumilikdə yaşadığımız dünyanın təzadlarla dolu olması hər bir yaradıcı insanın yaradıçılığına öz təsirini göstərdiyi kimi, onun yaradıcılığından da yan keçmir.

"Vermə küləklərə bircə anını, Zaman ram eləyir şahı, xanı da”("Daşıyır”), "Bu qış gecəsində dörd divar və mən, Fikirlər əlindən cəza çəkirik”("Kirayə mənzildə qış gecəsi”), "Gedib qayıtmağın nə mənası var, Ürəyim yerinə qayıdan deyil” ("Şeytan qocalmır”) və s. bu kimi bədii yüklü ifadələrin sayını kifayət qədər artırmaq mümkündür.

İlahi, qəbul et öz dərgahına,

Verdiyin yükləri daşıya bilmir.

Onlar üz tutublar qibləgahına,

Yer üstdə, yer altda yaşaya bilmir -

Şairlər uçurlar Tanrıya sarı...

Bəlkə də, bu hisslər insanın yaşı ilə əlaqədardı... Bəlkə də,insanlar yaşa dolduqca daha çox duyurlar həyatın vəfasızlığını gənclik illərindən fərqli olaraq. Bu da həyatın bir təzadıdı bəlkə, kim bilir... Və bu zaman öz Tanrısına yaxın olmağa can atır, Ona sığınmaq istəyir hər kəs, günahları il də, yaxşılıqları ilə də...

Nizami Göydərəli də hər halı ilə söz adlı yorğanına bürünüb insan oğlunu Tanrıya aparan yola çıxarmağa can atır...

***

Bu həyatda hər kəsin bir "ömür kitabı” var. Və hər kəsin həyatında baş verən yaxşı-pis hadisələr, acılı-şirinli xatirələr, həyata keçmiş və keçməmiş arzular, sevinci, kədəri, bir sözlə, həyatının əvvəlindən sonuna kimi həmin kitabın içində cəmləşir.

Nizami Göydərəli də öz "Ömür kitabı”nda həyatında baş verən hadisələri varaqlara köçürməklə oxucuların maraq dünyasına yol tapmağa çalışmışdır.


Şairin bu kitabı mənə digər kitablarından daha doğmadı,- yazmışdım yazının əvvəlində. Niyə? – deyib sual etsəniz, ərz edim ki, Nizaminin uşaqlıq illərinə şahidlik etmiş o yurd yerləri elə mənim də uşaqlıq illərimdən keçən qatarın müvəqqəti dayanacağı olub. Bu kitabda şairin söz açdığı dağlar, qayalar, meşələr hələ də öz məğrurluğunu qoruyub saxlayır. Bu kitabda haqqında söz açılan insanların əksəriyyəti dünyadan köçsələr də, yaddaşlarda hələ də yaşayırlar. Bu kitabı varaqladıqca yaddaşımın toz basmış künc-bucağında ilişib qalan böyüklü-kiçikli xatirələr payız yağışı kimi üstümə ələnir...

Nizami Göydərəli də taleyin hökmü ilə sevildi və o da qərib durna kimi bir qərib sevginin qəlbini, iç dünyasını özünə məkan seçdi, bu onu sarsıtmadı, yaşatdı, həyata bağladı:

Ey məni taleyin hökmülə sevən,

Mən sənin sevgini heç eyləmişəm.

Qərib durna kimi girib qəlbinə,

Qərib durna kimi köç eyləmişəm...

İnsan həyatının bütün fəsillərini qələmə almaq üçün bir kitab yetməz. Nizami Göydərəli də bu kitabda həyatının müxtəlif fəsillərinə baş vurmağa çalışmış, uşaqlığından tutmuş ta ki,

Bu evə, eşiyə sığa bilmirəm,

Küçəyə, bayıra çıxa bilmirəm.

Anamın üzünə baxa bilmirəm,

Ey baş daşı, ver atamı aparım.

Ölüm haqqdır, bu dünyada yaman haqq,

Bir kimsəyə vəfa qılmır bu həyat.

Göz yaşlarım qalsın səndə əmanət,

Ey baş daşı, ver atamı aparım.

şeirinə, ordan da,

Yuxuda uçuram anama sarı,

Külək pıçıldayır: - anan ölməyib.

Özüm əllərimlə qoydum məzara,

Ürək pıçıldayır: - anan ölməyib.

şeirinə kimi...

Bəli, hər kəsin bir "ömür kitabı” olduğu kimi, bu da Nizaminin "Ömür kitabı”dır və elə bəlkə də, onu yaşadacaq kitab da elə bu kitab olacaq...

***

2011-ci ildə tanınmış şair Ağacəfər Həsənli "Mars” jurnalının oktyabr sayında onun haqqında "Hamının işinə yarayan xalq adamı” başlıqlı yazı ilə çıxış etmişdir. Bu yazıda onun şəxsiyyəti ilə yanaşı, xeyirxahlığı da geniş şəkildə müzakirə olunmuşdur.

Bəzən hansısa qəzet və jurnalda hər hansı sahibkar və ya iş adamı haqqında məlumatlara rast gəldikdə, bəlkə də,heç səninçün o qədər də böyük maraq kəsb etmir. Düşünüsən ki, ölkədə və ölkədən kənarda o qədər belə insanlar var ki...

Ancaq bu insanların içində elələri də vardır ki, əsl ziyalı, vətənpərvər, xeyirxah insan kimi yüksək mənəviyyata, mədəniyyətə malikdir. Elə haqqında söz açacağım insan da Nizami Göydərəlinin "Sən kimsən və ya 22 gün səfərdə” kitabında bütün insani və mənəvi keyfiyyətləri ilə xarakterizə olunmuş Altay vilayətinin Yerevoye şəhərində yaşayan "Dvoriye-İnvest” ATSC-in baş direktoru Zöhrab Əliyevdir.

Peşiman olaram tez ölməyimə,

Uzanıb rahatca yata bilmərəm.

Göylərdən baxaram əzizlərimə,

Mən əl uzadaram, çata bilmərəm...

Nizami Göydərəlinin də qeyd etdiyi kimi, doğmaların qədir-qiymətini sağlığında bilmək lazımdır. Təbii ki, həyatda qarşına çıxan hər yaxşı insab bir doğmadır...

Lerikin dilbər güşələrindən sayılan Zuvand bölgəsi Respublikamıza və dünyaya böyük şəxsiyyətlər bəxş edib. Zöhrab Əliyev də bu bölgənin Göydərə kəndində böyüyüb, boya-başa çatıb. O, ölkədən uzaqda yaşasa da,qəlbi həmişə Azərbaycan adlı vətən eşqi ilə döyünür. Zöhrab Əliyev o şəxslərdəndir ki, öz maddi imkanlarını mənəvi keyfiyyətlərlə birləşdirməyi bacarır. Bu keyfiyyətlər həyatda hər kəsə nəsib olmur.

Məhz elə onun bu keyfiyyətlərinə görə Nizami Göydərəli "Sən kimsən və ya 22 gün səfərdə” kitabında Zöhrab Əliyevin bütün mənəvi keyfiyyətlərinə işıq salmağa çalışmışdır. Kitabda maraq döğuran əsas məqamlar şairin Altay Respublikasında keçirdiyi 22 gün ərzində gördüyü hadisələr, keçirdiyi hisslər, ürəkdən hiss etdiyi qayğıların öz əksini tapmasıdı. Təbii ki, bütün bu hadisələrin baş qəhrəmanı yenə də Zöhrab Əliyevdir...

Hər daşına Koroğluluq yazılan,

Sinəsidir səngər-səngər qazılan,

Köksü üstə budaqları saz olan,

Qürbətdə qəribin ümid çırağı,

Vətən torpağıdır, vətən torpağı...

Bu kitabdan çıxardığım nəticə bu oldu ki, Azərbaycanımızın, vətənimizin, insanımızın Zöhrab kimi oğullara ehtiyacı var...

Xalid MAHMUD

AYB-nin üzvü,

Prezident mükafatçısı