adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İlham İsmayıl: Qarabağ savaşında bizim ağ bayrağımız yoxdur, olmayacaq!

6925 | 2019-04-17 12:28
Avropa İttifaqı ilə Azərbaycan arasında may ayında gözlənilən sazişin bağlanması ərəfəsində Ermənistan və Azərbaycanda müzakirələr getdikcə çoxalır və narahatlıqlar ifadə olunur. Faktiki olaraq Azərbaycan tərəfi 90% razılaşma əldə olunması ilə özünə təskinlik verir, qalan 10 faiz üzərində də diplomatik çalışmaların davam etdiyini söyləyir. Bu 10 faiz məsələsi, Azərbaycanın taleyüklü faizidir. Bu faizə insan haqları, Ümumdünya Ticarət təşkilatına üzvülük, seçki məcəlləsinə dəyişiklik və sairə vacib demokratik islahatların keçirilməsi aid olsa da, faiz tərəzisinin ağır gələn gözü Qarabağdır. Verilən ilkin xəbərlərdən məlum olur ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluması maddəsinin müqaviləyə salınmasında tərəddüd edir və belə bir bəyanatla çıxış etmək niyyətində olmadığını nümayiş etdirir. Azərbaycan XİN bəzi narahatlıqlara aydınlıq gətirmək məqsədilə Azərbaycanın "ərazi bütövlüyünün müzakirə predmeti olmadığı” haqqında dünən bəyanat verdi və açığı neçə gündür yaşanan stresə yaxın narahatlığa bir qədər su səpdi, amma bütövlükdə bu istiqamətdə narahatlıq davam edir.

Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi dövlət olaraq bizim üçün nə qədər əhəmiyyətlidirsə, müqavilədə Dağlıq Qarabağ münaqişəsinin "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində”həll edilməsi bəndinin əks olunması daha önəmlidir, ikiqat əhəmiyyət daşıyır. Əks halda, bu müqavilədən imtina edilə bilər, imzalanmaya da bilər. Düzdür, o halda itirəcəklərimiz var, amma bu itkilər dünya ictimaiyyətinin şüurunda düşmənə haqq qazandırmaq və beynəlxalq aləmdə düşmənin mövqelərinin möhkəmlənməsinə səbəb olmaq kimi çıxılmaz duruma düşməklə müqayisəyə gəlməz.

Nəzərə almaq lazımdır ki, bu günlərdə Strasburqda səfərdə olan Nikol Paşinyana Krımla bağlı verilən suala cavab verməkdən qaçması, Krım yarımadasının Rusiya tərəfindən işğal olunması ilə əlaqədar Avropanın anti Rusiya qətnamələrinin əleyhinə getməsinin səbəbləri haqqında verilən suala, erməni baş nazirin Rusiyayönümlü cavabı Avropa Şurasının məmur heyəti tərəfindən heç də xoş qarşılanmayıb və erməni mediasının özü baş nazirin bu cavabını, Paşinyanın "Strasburqu mütəəssir etməsi” kimi dəyərləndirib və "sivil dünyada” birmənalı qarşılanmadığını qeyd edib. Ukraynada sosial şəbəkələrin milyonlarla istifadəçisi isə Paşinyanı "ağ yuyub, qara səriblər”. Yəni, Paşinyanın simasında Ermənistan haqqında Avropa Şurasında və beynəlxalq ictimaiyyətdə formalaşmış bu fikir Azərbaycana imkan verir ki, qeyd olunan "ərazi bütövlüyü çərçivəsində” bəndinin müqaviləyə salınmasında israr etsin və qəbul etdirə bilsin. Diplomatiyamızın bu günlərdə çevik, ağıllı və qətiyyətli addımlarından çox məqamlar asılıdır.

Erməni tərəf bu günlərdə ATƏT-in tərəddüdlü mövqeyindən çox şaddır və başqa bir yolu, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tutacağı halda Ermənistanın "Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmağı” ilə faktiki Brüsseli şantaj edir. Sevinclərini də qətiyən gizlətmirlər ki, Azərbaycanın istəyi, şərti qəbul olunmayacaq və ümumiyyətlə müqavilənin imzalanması təhlükə altındadır. O qədər inamlıdırlar ki, erməni mətbuatının aparıcı siyasi ekspertləri bizi aşağılamaqdan belə çəkinmirlər: "Azərbaycan çoxdan reallıqla barışmalı və vətəndaşlarının problemlərini mövcud "ərazi bütövlüyü" çərçivəsində həll etməlidir”. Mövcud ərazi bütövlüyümüzdə Qarabağ yoxdur və düşmən bizi çox aciz görür. Düşmənin bu qənaətə gəlməsinin səbəbi bizim davamlı sərt mövqemizin cəbhə xəttində öz əksini tapmamasından, diplomatiyada isə yumşaq mövqe nümayiş etdirməmizdən irəli gəlir.

Azərbaycanda baş verən hadisələrə anında reaksiya verən düşmən, qaçqınların məskunlaşdığı yerlərdə yanğınların qəsd nəticəsində, bilərəkdən törədildiyini və rəsmilərin buna münasibətini də görün necə dəyərləndirirlər: "Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalamaq üçün Azərbaycan hələlik diplomatik səylər göstərir, amma əslində münaqişənin nəticələrini sakitcə-susqunca aradan qaldırır, sanki öz vətəndaşlarını yeni reallıqlara alışmağa razı salır. Azərbaycan hakimiyyəti qaçqınlar üçün bütöv məhəllələr, yaşayış evləri tikib və qaçqınlar bundan razıdırlar və özlərini xoşbəxt hiss edirlər. Bununla yanaşı, bu günə qədər yataqxanalrda yaşayan qaçqınlar yeni ərazilərdə mümkün qədər tez ev almaq üçün yanğın törədirlər . Baş nazirin müavini Əli Əhmədov bu yolla məcburi köçkün və qaçqınların yaşadığı binalarda yanğınların tez-tez olmasını məhz belə şərh edib”(Lraqir.am.ru)

Azərbaycanın Qarabağ münaqişəsini həll etmək fikri yoxdur, vətəndaşlarının gözündən pərdə asır, qaçqınları da Qarabağa qaytarmaqla yox, çölü biyabanda yaşayış məhəllələri tikməklə sevindirir.., kimi erməni siyasi şərhçilərinin bu qənatə gəlməsi bizim üçün təhqirdir. Amma, həqiqət payı da var. Səbəb- arxada qalan 25 ildir, atəşkəsdən bəri gələn 25 illik dəyişməz status-kvodur. Erməni, məhz bu zamana görə reallıqla barışmağı təklif edir, indiki ərazi bütövlüyümüzlə qane olmağımızı "məsləhət” görür. Bu günə kimi Qarabağdan bir kəlmə danışmayan məmurlar dolyısı yolla qaçqına, köçkünə münasibət bildirəndə bir az ehtiyatlı olsunlar, bizdən fərqli olaraq düşmən deyilən hər sözü əleyhimizə işlətməyi bacarır.

Dəfələrlə qeyd etmişik ki, zamanın uzanması, status-kvonun dəyişməməsi, ermənilərin məskunlaşması bizim əleyhimizə işləyən faktorlardır. Dünya güclərinin, beynəlxalq ictimaiyyətin təklifini gözləmədən, "reallıqla barışmağı” düşmən özü bizə "məsləhət və təklif”etməyə başlayıb. Dağlıq Qarabağ ətrafı işğal olunmuş əraziləri də qaytarmamağı, "mövcud ərazi bütövlüyü” ilə qane olmağı istehza ilə və fakt olaraq qarşımıza qoyur. Burda günahı özümüzdə axtarmalıyıq, düşmən də yox, düşmən bütün vasitələrdən istifaə edir,biz isə onun yaratdıqlarının arxasınca sürünürük, halbu ki, işğala məruz qalan ölkə olaraq situasiyaları biz yaratmalıyıq.

Azərbaycan diplomatiyası ciddi sınaq ərəfəsindədir. Bu sınaqdan üzü ağ çıxmaq bizə Qarabağ uğrunda sonuna qədər savaşmaq üçün stimul verəcək. Avropa İttifaqının başqa şərtlərini dövlət maraqlarımıza uyğun şəkildə qəbul etmək də Qarabağ naminədir, "ərazi bütövlüyümüz”prinsipini qəbul etdirməyimiz də Qarabağ uğrunadır. Qarabağ uğruna dünyanı qarşımıza almağı nümayiş etdirməliyik. Bu savaşda Azərbaycanın ağ bayrağı yoxdur, olmayacaq!

TƏQVİM / ARXİV