adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2019 18:14
22769
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİN DOQQUZUNCU GECƏ


düşdükdə Dünyazad üzünü bacısına tutub buyurdu:

- Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın ardını danış..

Şəhrizad da bacısına cavabında dedi:

- Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

- Danış.

Qız iltifatla dilləndi:

- Baş üstə, gözm üstə! Şah sağ olsun, mən bu gecə, inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş "Segah" muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin özünün daxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifa tərzinin həzin lirizm çalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədə bir qədər ətraflı danışacağam.

Ərz edim ki, azəri musiqisində "Segah"ın əsas etibarilə üç növü var: "Zabul - segah", "Xaric segah" və "Mirzə Hüseyn segahı". Bunlardan əlavə "Segah" daha iki variantda da çalınıb oxunur. Həmin variantlar bunlardır: "Orta segah" və "Yetim segah".

Adlarının müxtəlif olmasına baxmayaraq, bunların hamısı eyni muğam olub, bəzi xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər.

Ramizin bütün "Segah"ları poeziyanın az miqdarda ifadə edə bildiyi, muğamın isə əsl ifadəçisi olduğu hiss və həyəcanlar üçün gen-bol yol açır. Burada insanın ən gizli, ən incə duyğuları tarın ecazkar dili ilə əks olunur.

Ramiz kədərin, hicranın, ayrılığın qanına boyanan səsini çalır "Segah"da. Bu səsin hay-harayından az qalır ki, tarın çanağı partlaya. Tarzən heç kəsi təqlid etmədən özünü təqlid eləyir, özünü çalır. Simlər od tutub alışır, onu çalan barmaqları qarsalayır (alazlayır).

"Ürək kədərinin" yanıqlı əks-sədası kimi səslənən, insanı lərzəyə salan hüzünlü hisslərlə dolu olan "Segah"ın melodiyası, getdikcə qəlbini geniş açaraq kədərin "eyş-işrət" məclisində "əhval-ruhiyyələrin dəyişmə" xarakterini mizrabın sızıltılı qəlbi ilə əks etdirir. "Alovlu qəlbə" malik tardan coşqunluğu, ehtirası və duyğuları hər kəsə aydın və yaxın olan, sevinc və mərhumiyyətlərə cavab verən, çox səmimi, canlı insan səsi eşidilir.

Bu barədə Allah vergisi olan böyük şair Səməd Vurğun (Onun ruhu şad olsun!) gözəl deyib. Şəhrizad avazla şairin bu şerini oxudu:

Yenə "Zabul-segah", yenə o nalə,

Bir qaranlıq çökür qəlbə, xəyala.

Nə qədər yaralı barmaqları var...

Belədir sevdaya düçar olanlar.

Bəzən də gecələr səhərə qədər

Dinib-danışdıqca o sarı simlər

Xəyala qərq olur bütün asiman

Böyük yaranmışdır əzəldən insan.

"Segah" Ramizin qəlbində çox şeylərin qaynayıb daşdığı musiqi etirafıdır. Bu etirafda səslər vasitəsilə, mizrabın qəlbi, pərdələrin harayı ilə öz istəyini verirsən, necə ki, lirik şair şerləri vasitəsilə öz hisslərini ifadə edir. Burada fərq yalnız ondan ibarətdir ki, ürəkdə yuva quran hisslərin minlərlə müxtəlif anını əks etdirən muğam , daha qüdrətli vasitələrə və daha incə dilə malikdir.Bizi özünə cəlb edən və insanın qəlbinə işləyən bu muğam elə dərindir ki, onu unutmaq olmaz.

Bir məsələni də deyim, məqsədim var. Musiqi nəzəriyyəsinə görə, hər hansı əsər, melodiya yaxud mahnı müxtəlif tonlarda - ucalıqlarda çalınıb oxuna bilər ki, buna da tonallıq deyilir. Bu qayda ilə muğamların hərəsi müəyyən bir əsər olduğu üçün onların da müxtəlif tonallıqlarda çalınıb oxunması tələb olunur.


"Segah" muğamı da ucalıq etibarı ilə müxtəlif pərdələrdə çalınıb oxunmaqla özünün tonallığını yaradıb. Bu muğamı Azərbaycanda beş tonallıqda ifa olunur: kiçik oktavadakı si mayeli "Xaric segah", birinci oktavadakı mi mayeli "Orta segah", birinci oktavadakı lya mayeli "Mirzə Hüseyn segahı", birinci oktavadakı re mayeli "Segah" və birinci oktavadakı sol mayeli "Yetim segah". Biləsiniz ki, Yaxın və Orta Şərq ölkələrinin heç birində "Segah" muğamının müxtəlif adlarla bu qədər tonallıqda ifa olunmasına təsadüf edilmir.

"Segah" muğamının Azərbaycan xalq musiqisində müxtəlif mayelərlə çalınıb oxunması heç də təsadüfi deyil. Bu hal "Segah"ın Azərbaycan musiqisində bir səciyyəvi muğam kimi inkişafı nəticəsində özünün məqam-tonallığını yaratmasından irəli gəlir. Lakin bunlardan hər biri quru səs sırası şəklində olan qammalar deyil, "canlı", emosional cəhətdən dolğun olan melodik məqamlar - muğamlar şəklində meydana çıxıır.

Ramiz "Segah" muğamında şirin barmaqları ilə insanları həyəcanlandıran hissləri elə bir ustad dolğunluqla əks etdirir, sənətkar onu ilhama gətirən sevginin, məhəbbətin, vüsalın, qəlbini yandırıb göynədən hicranın "portreti"ni elə həqiqi boyalarla verir ki, bunlar sözün əsl mənasında dinləyicini valeh edir.

Bu, nə yaradıcılıq dağının təpəsi, nə də bu dağın yüksək yeridir, bu, onun yaradıcılığının zirvəsi, ən yüksək nöqtəsidir!

"Segah" muğamı Ramizin ən səmimi, ən poetik ifaları sırasındadır. Və bu ifa barədə yazılmış ürək sözlərini oxuduqca bircə anlıq düşünürəm ki, əgər artist qəlbinin ilham adlandırılan vəziyyəti... fasiləsiz davam etsəydi, bircə gün də yaşamaq mümkün olmazdı. Simlər qopar və tar sınıb xıncım-xıncım olardı!

Danılmaz həqiqətdir ki, Ramiz tarda "Segah"ı çox əla çalır. Lakin bu muğam həmişə mənə ürəkçıxıcı bir təsir bağışlayıb. Mənə həmişə elə gəlib və indinin özündə də elə gəlir ki, tarın içində məhəbbət bəlasına giriftar olmuş bir aşiqin ürəyi var, yarın vüsalına qovuşmadığına görə bu ürəkdən daima yanıqlı bir inilti qopur və həmin zavallı aşiq onu səs çıxartmağa məcbur edən zalım tarzənin əlindən zara gəlib...

Ramizin sehirli tarında olan hikmət barədə istedadlı şair Rasim Kərimlinin (Onun ruhu şad olsun!) yazdığı şer də çox gözəldir. Şəhrizad avazla bu şeri oxudu:

Sinən gözəlliklər xəzinəsimi,

Bahar nəsimimi əsər tarında?

Günəşmi boylanar, Aymı üfüqdən,

Buludmu səbrimi kəsər tarında.

Şaxtamı hardasa bağları vurar,

Fitnəmi qeyrətin qəsdinə durar?

Xəzanmı gülləri vaxtsız soldurar,

Qönçəmi saralar, küsər tarında?

Arazmı ağlayar, Kürmü çağlayar?

Həsrətmi, hicranmı sinə dağlayar?

Durnamı göylərdə ayaq saxlayar,

Sonamı göllərdə üzər tarında?

Qartalmı göylərin bağrını dələr,

Bülbül avazımı bağdan yüksələr?

Maralmı dəstəylə bulağa gələr,

Kəklikmi dağları bəzər tarında?

Hünərmi sevinər, vüsalmı gülər,

Zülmətmi sovuşar, danmı sökülər.

Göylərdən yerə nurmu tökülər,

Ceyranmı "ox kimi süzər" tarında?

Buludmu dağılar, sellərmi daşar,

Bahar təravətmi, ətirmi saçar,

Arzular, diləklər çiçəkmi açar,

Gözəllər incimi düzər tarında?

Koroğlu düşməndən qisasmı alar,

Nüşabə kamalı zəfərmi çalar,

Nizami zəkası şəfəqmi salar,

Füzuli şəkərmi əzər tarında?

"Segah"mı, "Hicaz"mı, "Hisar"mı yanar,

"Qatar"mı, "Şahnaz"mı ərşə dayanar,

"Mahur"mu, "Çahargah"mı, "Şur"mu oyanar,

"Rast"mı tufanlara dözər tarında?

Leylilər, Məcnunlar məhəbbətimi,

Babək qılıncının əzəmətimi,

Bu ana torpağın təravətimi,

Yaşayar tarında, gəzər tarında.

Bəs onun ifa etdiyi "Segah"lardan birində - "Xaric segah"da Ramizin müvəffəqiyyətini şərtləndirən başlıca səbəb nədir? Musiqi pərəstişkarı olaraq mənim fikrim belədir: Hamı kimi Ramiz də "Xaric segahı" zildə, qəbul edilmiş pərdədən və registrdən başlayır və bir ideyanın - əsas musiqi fikrinin inkişafını izləyir, bütün diqqətini obrazın səciyyəsinin təcəssümünə yönəldir. Lakin eyni zamanda qabil tarzən ilk mizrabdan "mən"indəki orjinal oxşarsızlıqları bacarıqla, səliqə ilə, zövqlə nümayiş etdirməyə başlayır.

Musiqişünas Xanəli Quliyev (Onun ruhu şad olsun!) demişkən, "dərhal hiss edirsən ki, Ramizin qarşısında mürəkkəb, çətin təfsirçilik məqsədi, məsələsi durur. Doğrudan da virtuoz musiqi ifadəliyi formaları və priyomları, onların müxtəlif dramaturji rolu və əhəmiyyəti hələ zil "Xaric segah"da diqqəti cəlb edir.

Tarzən obraz tamam hasil olunana qədər muğamın bu hissəsində seçilmiş ştrixlərin dəqiqliyi, bunların müvəffəqiyyətlə qarşılaşdırılması və əlaqələndirilməsi ilə fərqlənən gözəl tematik inkişaf üslubu nümayiş etdirir".

Bu üslub tarın yüksək registrdə necə də tükənməz imkanlara malik oldugunu bir daha aşkara çıxarır. Burada bir cəhət xüsusi vurğulanmalı və təqdirə hal sayılmalıdır ki, zil "Xaric segah"da Ramiz virtuoz gəzişmələrə deyil, "mənşəyi, özəyi eyni olan melodik parçaların variantlı inkişafına, onları tez-tez bir-birilə qarşılaşdırmağa, beləliklə də intonasiyaların, kiçicik melodik dönüşlərin və bəzəklərin mürəkkəbliyi və zənginliyinə əsaslanan müxtəlifliyin gözəl, təbii vəhdətinə güclü meyl göstərir".

Bu müvəffəqiyyəti şərtləndirən digər bir cəhət də var, o da bundan ibarətdir ki, Ramizin ifa zamanı "bədii fikrin hərtərəfli açılmasına, obrazın parlaqlığına, həqiqiliyinə, geniş miqyasda inkişafına və bu inkişafın intensiv dinamikliyinə və məqsəduyğunluğuna çalışmasıdır".

Bunun nəticəsidir ki, Ramiz həmin ifada registr təzadlarından, yəni eyni kiçik melodik parçanı gah aşağı, gah da yuxarı registrdə səsləndirmək, bədii fikri yığcam gəzişmələrdə inkişaf etdirərkən cingənə simlərdən fon kimi istifadə etmək sayəsində çox orjinal, effektli ahəng yaradır.

Onun mizrabının "ürəyindən su içib" qanadlanan səslərin dinləyiciyə bağışladığı təsiri artıran ən qüdrətli amil yüksək bədiilik, incə zövq və əsl ilham məhsulu olan çalğıda aydın və səlis ifadə qabiliyyətidirsə, digər məziyyətlərindən biri də tar ifaçılığının ən mürəkkəb və çətin priyomlarına mükəmməl yiyələnməsidir.

Ramizin ifaçılıq məharətinə xas olan cəhətlərdən danışarkən mən bu məqamda burada vacib və əhəmiyyətli bir məsələyə toxunaraq, tarda sərbəst çalmağın zəruru şərtlərindən sayılan əllər və barmaqlar məsələsini qüdrətli şahımızın nəzərinə çatdırmağı lazım bilirəm.

Qeyd etdiyim bu cəhət çalğı zamanı barmaqların tarın üzərində qayda ilə yerbəyer edilməsilə - yəni düzgün applikatura ilə çox əlaqədardır. Tar çalanın əlləri nisbətən böyük, barmaqları uzun və güclü olmalıdır.

Musiqi professoru Əfrasiyab Bədəlbəyli (Onun ruhu şad olsun!) bu barədə belə yazıb: "Tarçı, məsələn, "Orta segah"ı çalarkən birinci barmağını (tarda birinci barmaq şəhadət barmağına, ikinci - orta barmağa deyilir. - R.H.) ağ simin birinci oktavada fa pərdəsi üzərində möhkəm saxlayaraq ikinci barmağı sarı simdə re pərdəsinə və nəhayət, üçüncü barmağı sarı simdə mi pərdəsinə basıb sarı simdə ikinci və üçüncü barmaqlarla sərrast trel (trel, musiqidə bəzəkçi səslərin əldə edilməsi üçün istifadə olunan müxtəlif priyomlardan biridir. - R.H) vurmağı bacarmalıdır.

Tarda "Orta segah"ın yaxşı ifası üçün bu applikaturaya riayət etmək mühüm şərtdir. Barmaqları qısa və gücsüz olan tarçılar "Orta segah" çalırkən bu applikaturanı dəyişdirməyə (yəni birinci barmağı ağ simdə sol notası, ikinci barmağı sarı simdə mi pərdəsi və üçüncü barmağı fa pərdəsi üzərinə qoymağa) məcbur olurlar ki, bu heç də düzgün applikatura sayıla bilməz".

Allah-təala (O, böyükdür, şəni də çoxdur!) Ramizin əllərini elə bil yalnız tar çalmaq üçün yaradıb. Ustadın Şuşadan olan tar müəllimi Məmməd (Onun ruhu şad olsun!) bunu duyub öz üzərinə düşən ilk vəzifəyə - Ramizin əllərinin çalğı zamanı düzgün qurluşunu təmin etməkdən ibarət olan vacib cəhətə xüsusi diqqət yetirib. Müəllim şagirdinin tarı dürüst tutması üçün ona yaxşı və düzgün quruluş verib.

Yeri gəlmişkən bir məsləni də vurğulayım. Çalğı zamanı tarzənin iki əli arasındakı münasibətin - yəni sağ əli ilə sol əli arasındakı müvazinətin də böyük əhəmiyyəti var. Təcrübə göstərir ki, əlləri "çəp" tarzən öz texnikası üzərində nə qədər çalışırsa çalışsın, onun ifası mütləq qüsurlu olacaq. Çünki ya sağ əl sol əlin barmaq texnikası ilə "ayaqlaşa" bilməyəcək, ya da sol əl mizrabın ayrı-ayrı ştrixləri (musiqi səslərinin çalğı zamanı uzadılıb davam etdirilməsi üçün tətbiq edilən üsullardan biridir. Bu üsul çalğıçının əsas etibarilə sağ əlinin əməliyyatı ilə əlaqədardı. - R.H) taraz gəlməyəcəkdir.

Ramizin isə hələ kiçik ikən Ağdamda kəsb etdiyi tar məktəbi o qədər dürüst və möhkəm əsaslar üzərində qurulub ki, o mizrab tutan əli ilə nə qədər mürəkkəb ştrixlər işlədirsə işlətsin, sol əllə sağ əl arasındakı həmsazlıq və son dərəcə dəqiq müvazinət daim sabit, daim pozulmaz qalır.

Hansı muğamı və ya rəngi çalırsa-çalsın, onu dolğun və ifadəli bir şəkildə dinləyiciyə çatdırır. Tutarlı və gözəl mizrabları o qədər samballı və aydın səslənir ki, onun tarın bütün imkanlarından bacarıqla istifadə etdiyinin şahidi olursan. Xanəndəni "oxutmaq", onu ruhlandırıb cuşə gətirmək tarzəndən qüvvətli bir bilək, həm də xüsusi məharət tələb edir.

Bu sənətkarlığın nədən ibarət olduğunu aydınlaşdırmaq üçün bir cəhəti qeyd etməliyəm. Məlum bir həqiqətdir ki, tarzənin xanəndə ilə çalması solo çalğıdan fərqlənir. Elə tarzənlər var ki, onlar yaxşı solo çalsalar da, xanəndəni oxutdurmaqda çətinlik çəkirlər.

Yaxud əksinə, bəzən görürsən ki, xanəndəni yaxşı oxuturan bacarıqlı bir tarzən, solo çalarkən dinləyicini qane etmir. Lakin Ramiz öz yaradıcılığında bu iki cəhəti bacarıqla uzlaşdırmış sənətkardır.

Onun çalğısını uzun illərdən bəri maraqla dinləyən sənət dostları yaxşı bilirlər ki, o, muğamları gözəl solo ifa etməklə yanaşı, xanəndələri də bacarıqla oxutdura bilir. Məhz elə bütün bunlar da Ramiz Quliyev ifaçılığının ən dəyərli məziyyətlərindən biridir.

Bu barədə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmaı, bəstəkar Fikrət Əmirov (Onun ruhu şad olsun!) belə deyib:

"Ramiz Quliyevin ifası öz rəngarəngliy bənzərsizliyi parlaq virtuozluğu, lirik duyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqlənir, dinləyicini heyrətə gətirir".

Təkcə xalq musiqisini deyil, bununla bərabər klassik bəstəkarların yaratdığı müasir musiqi əsərlərini də ifa etmək və hər iki sahədə eyni dərəcədə müvəffəqiyyət qazanmaq az-az ifaçıya nəsib olan sənət xoşbəxtliyidir. Bunun üçün tarzən çox geniş yaradıcılıq diapazonu, hər iki sahəyə dərindən bələd olmaq qabiliyyəti, nəhayət, böyük artist üçün son dərəcə mühüm olan yüksək peşəkarlığı və bacarığı ilə fərqlənməlidir. Dediyim bütün bu keyfiyyətlərin hamısı Ramiz Quliyevin bənzərsiz sənətində cəmlənib.

Şəhrizad bu yerdə səhərin açıldığını görüb sözünü qurtardı.

(ardı növbəti sayımızda)