adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Aprel 2019 16:33
18073
ƏDƏBİYYAT
A- A+

AT MURADDI - Ramiz İsmayıl yazır

Bazardakı həmkarları zarafatlamı, doğrudanmı, lağa qoymaq məqsədiləmi Mirhəsənə "Seyid” deyirdilər. Həsən sözünün əvvəlindəki "Mir” sözü çoxlarını "aldatmışdı”. Mirhəsən də üstünü vurmur, qımışa-qımışa öz çax-çuxunu eləyirdi. Atası Mirəli kişinin Seyidlərə olan inamının nəticəsi idi ki, o biri qardaşının da adı Mirsöyün idi. Mirəli kişi heç vaxt "Seyid övladı” olduqları iddiasında olmamıdı. Birincisi, ona görə ki, həqiqətən seyid deyildilər, ikincisi də kənd camaatı onları lap yaxşı tanıyırdı və Mirəli kişi bilirdi ki, bircə kəlmə ağızlarından "seyidəm” sözünü çıxartsalar, iki günün içində onları lağa qoyub dəli eləyəcəklər. Bu kəndin camaatından "köç ötürmək” mümkün deyildi. İndi bura şəhər yeri idi, kim Mirhəsəni tanıyırdı ki? Üstəlik seyidə buralarda daha çox inanırdılar, nəinki Mirhəsəngilin kəndində.

Mirhəsən də üstünü vurmur, "başını aşağı sallayıb” işini görürdü. "Meyvəli” deyilən yerdən gətirilən soğan, kartof, alma-armud, limon; nə olur-olsun malları satmaqla birtəhər ailəsini dolandırırdı. İlboyu ömrünü-gününü bazarda keçirən Mirhəsən özünün dediyi kimi evə leş kimi gəlirdi. Hərdən öz-özünü danlayırdı: elimi-obamı buraxıb burda nə ölümüm var mənim, deyirdi. "Bazarda hər cür adama rast gəlirsən. Biri beş qəpikdən ötrü bir saat çənə-boğaz vurur, biri söyür, biri "haramınız olsun” deyir, biri tərəziyə inanmır. Hər cür adam var, gərək hamısı ilə dil tapasan. Get, öz kəndində-kəsəyində maldan-qoyundan saxla, başını girlə də. Burdakı yaşadığım yeri anam görəndə arvad üzünü cırdı: "anan ölsün, ay bala, bu nə dam-daşdı? Adı olsun ki, şəhərdə yaşayırsan. Dədənin tövləsi burdan yaxşıdır. Usuf müəllimin uşaqları yaxşı əhəng bişirirlər. Get, bir vedrə əhəng al, tövləni ağart, içində yaşa, a bala, bu nə ev-eşikdi. Donuzu itələsən içəri girməz. Yazıq anam, elə donuzun çığırtısından qorxdu, gecə səhərə kimi yata bilmədi. Qonşumuz "xryuşa Hətəm” həyətində donuz saxlayır. "Qaçqınam” deyib həyasızlığına salıb, heç kim də heç nə deyə bilmir. Anam bircə gün qaldı bizdə. Nə qədər yalvardım-yaxardım dayanmadı. Gedəndə də dönə-dönə tapşırdı: a bala, ömrünü-gününü burda çürütmə, qayıt kəndə gəl. Avtobusa minəndə arvad lap kövrəlmişdi: kəndə gəl, a bala, yazıqsan, gəl, dədən sənə məhləmizin ayağından bir ev tikdirsin, adam kimi yaşa!

Mirhəsən hərdən kənddən çıxdığına təəssüflənirdi. Düz-əməlli ev-eşik də qura bilməmişdi. Şəhərin ucqar yerində "naxalnı”da bir balaca daxma düzəltmişdi. Sonra birini də böyründən artırdı. Şəraiti çox pis idi. Amma buna da "çox şükür” deyirdi. Kənddə qalsam mən də "itdöyənin” biri idim. İş yox, güc yox, axşama kimi get kəndin köhnə klubunda domino vur, evə qayıt. Bu da bir həyat deyildi. Şəhərdə yenə bazarda çax-çux eləyir. Yenə sağ olsun qohumu Sabit, bazarda ona da yer düzəltdi. Bir tikə çörək pulu çıxarda bilir. Evdə televizoru, ən vacibi isə özünün də, arvadının da cib telefonları var. Düzdü, ona az-az hallarda zəng vururlar. Arvadının hər axşama yaxın zəng vurub "evə filan-filan şeylər al” deməsini nəzərə almasaq qardaşı Mirsöyündən başqa az-az adam ona zəng vururdu. Arvadı atasıgilnən hər gün danışırdı. Neçə dəfə danışmağını Mirhəsən bilmirdi. Amma həftədə ən azı iki dəfə arvadının telefonuna kontur yükləyirdi. Hələ arvadı ondan xəlvət nə qədər yükləyirdi, Mirhəsənin xəbəri yox idi. Ha deyirdi dədəngilnən az danış, arvadı qulaqardına vururdu.

Axşam yenicə divana uzanıb mürgüləmək istəyirdi ki, telefonu zəng çaldı. Mirsöyün idi. Sevindi. Həm kənddən hal-əhval tutacaqdı, həm də kontur Mirsöyündən gedəcəkdi. Mirhəsən tez düyməni basıb "alyo” dedi. Fikirləşdi ki, birdən Mirsöyün "vızıv” atmış olar. Mirhəsən sevincək ata-anasını soruşdu, havaların necə keçməsi ilə maraqlandı, kənddə nə yeniliklər var, ölən, qalan, toy eləyən...

-Gördüyün köhnə kənddi. – Mirsöyün cavab verdi.

-Ay Miri, ayə qadan alım, niyə bu tərəflərə hərlənmirsən? Yayın günüdü, uşaqları orda niyə bişirirsən? Yığışın gəlin, Allah verəndən bir şey tapıb yeyəcəyik dana!

-Nə bilim, ay Mirsöyün! Vallah kənddən ötrü ürəyim də tökülür. Amma...

-Nə amması var, yığışın gəlin. Anam da hey deyir, gədə orda istidən bişdi.

-Anam nə təhərdi, ağrıyıb eləmir ki?

-Yox, yanımdadı, al, danış.

-Konturun-zadın varmı? Yoxsa özüm yığım? – Ürəyində deyirdi: "nə ola deyə var”.

-Saatı yeddi qəpikdi, nə qədər istəyirsən danış. Verirəm anama!

Mirhəsən ürəyində "şükür” deyib anasının səsini gözlədi.

-Axşamın xeyir, ay Miriş! Nə təhərsən, dərdin ürəyimə?

-Sağ ol, ay ana! Yaxşıyam! Sən nətərsən? Nə var, nə yox?

-Sağlığın, qadan alım! Balaların nətərdi, qurbanın olum?

-Qurbanın qoyun olsun, ay ana, yaxşıdılar.

-A malların qadan alsın, kəndə niyə gəlmirsən? Yoxsa bizdən küsüfsənmi? Gözdüyürsən ki, havax öləcəyik, ondamı gələcəksən?

-İraq candan, ay ana, sizi istəməyən ölsün. Allahımız haqqı, imkan eləyə bilmirəm. İşi buraxıb gəlmək olmur. Buraxıb getsəm, yer əlimdən çıxacaq! Başa düşürsənmi? Gələcəm, vallah, bir yan-yön eləyib gələcəm. Dədəm nə təhərdi?

-Dədəndi dana, nə təhər olasıdı, yeyib-içib şellənir!

-Təki yaxşı olsun! Özünüzdən müğayat olun!

-Sağ ol, qadan ürəyimə. Ala, gör qardaşın nə deyir.

Anası bunu deyib "sağollaşdı” və telefonu Mirsöyünə verdi.

-Hə-ə, Miriş! – Mirhəsən danışmağa başladı. – Dedim görüm nağarırsan. Çoxdandı nə gəlib-getmirsən, nə zəng vurmursan! Bunlar da qocalıblar. Qulluq eləyən-zad da yoxdu.

Mirhəsən qımışdı: "qara qızın dərdi var”.

-Ayə, yoxsa evlənmək istəyirsən?

-Üzüm ayağının altına! Özün başa düşdün. Nə vaxta kimi subay gəzəcəm. Mənim tay-tuşlarımın uşaqları məktəbə gedir. Anam özü demədi, mənə dedizdirdi. Vaxt elə gəl, görək nağayırırıq?

-Biz evlənmişik, ağzımız balamı batıb? Allah öyünü tiksin sənin! Qız-zad tapıbsanmı?

-Dünya dolu qız döymü? İtə daş atırsan qıza dəyir! Birini qamarlayıb gətirəcəyik dana!

Mirhəsən güldü:

-Gətirməyinə gətirərsən. Amma o gətirdiyin dədəmizə-anamıza baxacaqmı? Bizi dədəmizin qapısına qoyacaqmı?

-Baxmayıb nə qələt eləyəsidi?

-Ayə, oddu-oddu danışma! Mənimki öz xalamız qızıdı. Doğma xalasına nə baxdı ki, yad qızı nə baxa. Gör nə deyirəm.

Mirsöyün nəsə demək istəyirdi, Mirhəsən onu qabaqladı:

-Gör nə deyirəm, qulaq as! Sən belə elə, get bir at al.

-Atı neynirəm qağa?

-Arvaddan at yaxşıdı. At muraddı!

-Lağ-lağından qalmırsan də-ə!

-Canın haqqı düz sözümdü! – Sən bir at al! Paltar istəmir, ayaqqabı istəmir, qızıl-mızıl tələb eləmir. Arvad nəyinə lazımdır? Polu tozsoranla təmizləyirsən, paltarları maşın yuyur, çörəyi mağazadan alırsan. Arvad əlini ağdan-qaraya vurmur, məhlədə işləmir, mal-qoyun saxlamır, yer şumlamır, ot yığmır, odun yarmır, dədənə-anana baxmır. Neynirsən arvadı? At al, yerini şumlasın, otunu-suyunu gətirsin, odununu daşısın. Həm də minərsən!

-Sən nə danışırsan? Arvadın yeri ayrı, atın yeri ayrı! Qaramurad camaatının ağzına söz salma! Eşitsələr bizi it... odlayarlar.

-Ayə, sənə nə deyirəm, onu elə! Camaatın nəyinə lazımdır! At al!

-Məcbur eləyirsən deyirəm, arvad lazım olanda neyləyim bəs?

Mirhəsən şit-şit gülməyə başladı:

-Qağa, bu telefon söhbəti deyil. Gələndə başa salaram.

Mirhəsənin gülüşü Mirsöyünə lap yer elədi.

-Arvadın yanında, ağlın da başında, nə vecinə biz nələr çəkirik!

-Ay Mirsöyün, deyəsən xətrinə dəydi. Arada imkan tapıb gələcəm. Söhbət edərik.

Sağollaşıb telefonları söndürdülər. Səhər tezdən Mirsöyün qoyunları örüsə ötürəndə topal Həmidin oğlu çolaq Qulu onunla salamlaşıb atmaca aldı.

-Ay Mirsöyün, eşitmişəm at almaq istəyirsən. Kor Qasımda yaxşı bir madyan var. Özüm ölüm, keçiləsi at deyil. Lap bəzəkli gəlindi. Gör yollaşa bilsən, onu al, uduzmazsan!

Mirsöyün məəttəl qalmışdı. Maddım-maddım çolaq Quluya xeyli baxıb başını buladı.

-Atı neyniyirəm ə-ə! – dedi və hirslə çolaq Quludan aralandı. "Almırsan heç alma, acığın niyə tutur” deyən çolaq Qulunun son sözlərini eşitmədi.

"Bu köpəyoğlu at söhbətini hardan eşidib!” deyə fikirləşdi. Batdım! Kəndin ağzına söz düşsə gərək kənddən köçüm!

Günortaya yaxın camaatın yığıldığı "dükanların qabağı” deyilən yerdə söhbət edənlər "Mirəlinin uşaqları yaxşı ideya irəli sürüblər” deyə at almaq məsələsini "müzakirəyə” çıxartmışdılar.

Mirhüseyn düz fikirləşmişdi: "Bu kəndin camaatının yanından köç ötürmək” mümkün deyildi

25-27.08.2016

Xırdalan şəhəri