adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Kərim KƏRİMLİ: “...YARAMI LAP MÜBARİZ DƏ YARA...”

8597 | 2019-04-16 12:15

Sinəmdə vardır elə bir yara, sağalmaz,
Yaramı lap Mübariz də yara – sağalmaz...
Çəkdiyim bu naləni qoy ellər eşitsin.
Onsuz bu yara, – yetsin yara, – sağalmaz!..

Məlhəmi möhnət olana çara tapılmaz,
Üz də tuta küll aləmi-çara, – tapılmaz...
Nədir suçu ki, bir kəlmə xoş sözün, ey gül,
Bu külli-qəm əmən çarnaçara tapılmaz?

Bir müddət sonra Mübariz Əliyev yaramı yardı və 25 il başımda gəzdirdiyim "Şuşa qəlpələri”ni çıxartdı. Mən də yazdım ki, professora qarşı haqsızlıq etmişəm, onun yardığı yara sağalırmış...
Əlbəttə, bu bir zarafatdır. Doktor Əliyevin ürəyi kimi əlləri də qızıldır, qızıldan da ötədir...

...Yaxşı ki, bu çətin illərdə Mübariz həkim kimi oğullar camaatımızın yaralarına məlhəm olmağa çalışdı...

Bu gün onun – xalqımızın layiqli və ləyaqətli oğlu, 30 il bütövlükdə xalqımıza və 25 ildən də artıq çətin köçkünlük illərində Qarabağ camaatına təmənnasız qayğı və diqqət göstərən, ən çətin, ağır anlarda pasiyentlərinin kimliyinə heç bir fərq qoymadan öz bilik və bacarığı ilə həkim, cərrah kimi hər zaman kömək əli uzadan, uzun illərdən bəri ölkəmizin televiziya kanallarında ardıcıl və ciddi tibbi maarifçilik işi aparan, Azərbaycan xalqının sağlam yaşaması üçün var gücü ilə çalışan tibb elmləri doktoru, professor Mübariz Əliyevin ad günüdür.


Əliyev Mübariz Yaqub oğlu 16 aprel 1959-cu ildə müəllim ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb İnstitutnun (indiki ATU) müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilə qədər Sumqayıt şəhərində təcili yardım xəstəxanasında cərrah kimi əmək fəaliyyəti ilə məşğul olub. 1986-1989-cu illərdə I Moskva Tibb İnstitutunda məqsədli aspiranturada təhsil alıb. 1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adına layiq görülüb. 1989-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanda, eləcə də bir sıra özəl klinikalarda məsul cərrah vəzifəsində çalışıb. ATU-nun professoru, Tədris Cərrahlıq Mərkəzinin cərrahiyə şöbəsinin rəhbəri, 1990-1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri kimi yüksək məqamlar onun şərəfləndirdiyi vəzifələrdir. Yeddi monoqrafiyanın, bir neçə metodik tövsiyənin, beş dәrsliyin, ondan artıq səmərələşdirici təklifin, Azərbaycanda və dünyanın bir sıra ölkələrində çap olunmuş 150-yə yaxın elmi məqalənin, müxtəlif dillərdə çap olunmuş bir neçə kitabın müəllifi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən tanınan səhiyyənin təşkili üzrə, beynəlxalq dərəcəli ekspertdir.

Ailəlidir, həyat yoldaşı da həkimdir. Oğlu Yaqub isə hazırda prokurorluq sistemində məsul vəzifədə çalışır.

Onun haqqında indiyədək onlarla yazı yazılıb, müsahibələri dərc edilib, verilişlər çəkilib, haqqında xoş sözlər söylənib. Hamısı da yüksək səviyyədə, tərifli, sevgi və hörmət dolu... ...Yalnız bircə dəfə bir şeirdə yaranı heç onun da sağalda bilməyəcəyi qeyd olunmuşdu ki, sonradan özü yaranı sağaltmaqla bunun əksini sübut elədi...

Həkim, təbrik edirəm!
Ad günün mübarək!

Can sağlığı bəxş etdiyin yüzlərlə insanın, onların sevincə qərq etdiyin minlərlə ailə üzvünün alqış və təşəkkürləri bu 60 illik yubileydə bir çiçək çələngi kimi təbrikinə gəlir.
Mən də bu yubiley günü xüsusi minnətdarlığımı və təbrikimi bildirirəm!

61-dən 101-dək qalan bütün ad günlərini sən dəvətlə dünyanın ən gözəl guşələrində, ən möhtəşəm salonlarında, biz isə Yağlıvənddə, Tuğda və Şuşada qeyd edək!!!

101-dən sonranı da ürəyin harda istəsə...


TƏQVİM / ARXİV