hacklink Adalet.az | Yuxular Tanrının tapmacasıdır... - YUXU QAPISI Adalet.az | Yuxular Tanrının tapmacasıdır... - YUXU QAPISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / RUBRİKA

Yuxular Tanrının tapmacasıdır... - YUXU QAPISI

24322    |   2019-04-16 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı tanınmış bəstəkar, şairə Xanım İsmayılqızıdır. Adalet.az müsahibəni təqdim edir.


- Yuxular sizə niyə bu qədər yaxındır?

-Allah hər şeyi düşünüb yaradıb. Yerdən, göydən, torpaqdan, sudan, havadan, fəsillərdən tutmuş gecəyə, gündüzə qədər. Dünya monoton deyil və daim hərəkətdədir. Allah bizim fiziki istirahətimizi də düşünüb. Bədənimizdə bütün orqanlar günboyu işləyir - beynimizdən ayaqlarımızadək. Yuxular ömrümüzün bir başqa tərəfidir. Hamıdan və hər şeydən gizlənə bilmək məqamımızdır. Fantaziyalarımızın zühür etdiyi məkandır. Ruhumuzun, şüuraltının daha azad olduğu dönəmdir. Bəzən bir dəqiqəyə sığmayan yuxun, sənə bir ömür qədər görünə bilir. Burda vaxtın, zamanın ölçüləri, mənzərəsi fərqlidir. Həyatın olduğu kimi deyil. Ayıq vaxtı görə bilməyəcəklərin, duya bilməyəcəklərin, deyə bilməyəcəklərin və hətta edə bilməyəcəklərin reallaşır.


-Yəqin ki, çox yuxu görürsünüz...

-Çox nadir hallarda yuxu görmürəm. Bəlkə də olmayanlardan, olanlardan və özümdən yorulanda yatmağa qaçıram. Bəzən fiziki dincəlsəm də, mənəvi dincəlmirəm. Həm yatmağı sevmirəm, həm də yuxuya gedəndə sevinirəm. Ələlxüsus da son illər. Əzizlərimlə, darıxdıqlarımla, itirdiklərimlə görüşmək ümidi var axı. Çox az yatıram. Mənim üçün 5 saatlıq yuxu maksimumdur. Yuxularımı dinləyirəm, ələyirəm, önəm verirəm, bəlkə də ona görə...Yuxuda biz bu dünyadan, Allah da bizdən dincəlir deyəsən.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Gördüyüm yuxu məni həmişə düşündürür. Oyanan kimi yozmağa başlayıram. Onlara barmaqarası baxmıram. Bəzən öz beynimdə, şüurumda oturuşmuş - analarımızdan, nənələrimizdən qalma yozum yaddaşıma əl atıram, bəzən yuxularla bağlı yazıları, fikirləri gözdən keçirirəm. Yuxu yozumları kitablarına, filosofların fəlsəfi yanaşmalarına müraciət edirəm. Yuxumun nəyə işarə etdiyini tapmayınca rahat ola bilmirəm. Əksər hallarda da gördüyüm yuxu, bu və ya digər vəziyyətdə, öz təsdiqini tapır. Qəribə yozumlar var və yuxular çox vaxt gerçəkliyin əksinə işləyir - kimsə yuxuda ölürsə ömrü uzanacaq, ağlayırsansa güləcəksən, gülürsənsə ağlayacaqsan. Suyun özü də yuxuda müxtəlif məna daşıyır - axar su göz yaşı mənasına, durğun su aydınlığa işarədir.


-Bəs ilan görəndə nəyə yozurlar?

-Yuxuda ilan görəndə ya səfərə çıxacaqsan, ya da kimsə sənə düşmən kəsiləcək. Yuxuda ət - xəstəliyə, dişin düşməsi - ailə başçısını itirəcəyinə, qan - qovuşmağa, körpə - xəbər alacağına, balıq - ruzi-bərəkətə işarədir. Yəni bu yuxuları kimin görməsinin də fərqi var. Hər kəsin öz görmə, dərk etmə bucağı var. Mənim üçün yuxuda gördüyüm hər hansı bir görüntünun çox qatları ola bilər və o qatlara baş vurmaqdan, düşüb-qalxmaqdan dəhşətə gələ bilərəm. Kiməsə bu yuxu nağıl kimi görünə bilər. Məncə bu anda emosiyalar, psixika, hisslər, instinkt, şüuraltı, şüurüstü, şüur fərdiliyi, yaşam tərzi də böyük rol oynayır. Görəcəyim işləri yuxuma görə planlaşdırmıram, amma bəzən gördüyüm yuxu məni hansısa addımdan geri çəkə bilər və yaxud əksinə.


- Dünyasını dəyişmiş tanıdıqlarınızdan, doğmalarınızdan kimləri yuxuda görürsünüz?

-Hamısını yuxuda görürəm. Yuxular, dünyasını dəyişənlərimlə görüş yerimdi. Başqa yerimiz yoxdu axı. O anlarda yuxudan ayılanda o qədər peşman oluram ki. Adam hərdən yuxuda qalmaq istəyir. Təəssüf ki, bizdən asılı olmayanlar da var. Əli ibn Əbu Talibin belə bir fikri var – "İnsanlar yuxudadırlar, öləndən sonra ayılacaqlar...İtirdiklərimi yuxuda tapanda və yuxudan ayılıb bir də, bir də itirəndə bu fikir ağlıma gəlir. Deyəsən ölən bizik, onlar sağdır. Belə yuxulardan sonra ruhların yaşadığına, bizi gördüyünə lap çox inanıram. Onlar həyatın bir formasından başqa bir formasına, bu üzdən o üzə keçiblər. Bu, onları deyil, bizi narahat edir. Onların ruhu bədənsiz yaşayır, rahatdır və azaddır. Bizimsə ruhumuz çox vaxt bədənimizə məhkumdur və yaxud biz ruhumuzun köləsiyik .


- Yuxu yozmaları haqda çoxlu sayda kitab var. Amma hər kitabda yozmalar bir-birindən fərqlidir. Məsələn, yuxunuzda dovşan görmək bir kitabda çətin günlərə yozulursa, digər kitabda xoş günlərin xəbərçi olaraq dəyərləndirilir. Yuxudan sonra onun yozumları haqda maraqlanırsınız?

-Aristotel, yuxuları tamamlanmamış gündəlik işlərlə əlaqələndirir. Freyd deyir ki "Yuxular, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir”. Yozmalarda fikirlər üst-üstə düşə də bilir, fərqli də ola bilir. Dəqiq olan budur ki, yuxular bizə gələn siqnalların nəticəsi, şüuraltının görüntüsüdür. Xəyallarımızın gerçəkliyidir bəlkə də. Bəlkə də dilə gətirmədiklərimizin diktəsindən doğan partlayışdır. Əksər hallarda yuxunu gecələr görürük. Kainatın ötürücülük imkanları sürətlənir. Axı ağlımıza, başımıza gəlməyənləri, arzulamadıqlarımızı belə yuxuda görə bilirik. Bu yerdə Freydlə razılaşmıram. Ümumiyyətlə yuxu həyatımızın elə ayrılmaz, anlaşılmaz, toxunulmaz, həm qeyri-müəyyən, həm müəyyən, həm qapalı, həm də aşkar tərəfidir ki, ömrümüzün tən yarısını təşkil etsə də, hələ də onun qapısını tam aça bilməmişik. Filosoflardan tutmuş adi insanlara kimi hamımız yuxularımızı təhlil edirik, amma tənqid edə bilmirik. Çünki yuxularımızda qayda-qanun yoxdur, sərhədlər yoxdur, yuxuya görə nə mükafat, nə də cəza var. Yuxuda yaşaya bilmirik, yuxusuz da qala bilmirik.


Anam dünyasını dəyişəndən sonra tez-tez yuxuma gəlir. Hər dəfə də nə isə işarə edir mənə. Onun dediyinə əməl edirəm. Bir dəfə də yuxuda mənə dedi ki, mənə soyuqdur, evim damır, ayaqlarım islanıb. Yuxudan oyandım və anladım ki, nəsə baş verib. Qəbr üstünə getdim, gördüm ki, anamın qəbir daşı ayaq tərəfdən çatlayıb və bir parçası qopub... Düzəltdirdim və yuxumun gerçəkliyinə inandım. Bir dəfə də oğlum yuxuda məndən incimişdi. Yuxuda mənə zəng etmişdi, telefonu qaldırdım, o danışmadı, mənimsə ürəyim partlamaq dərəcəsinə çatdı. Uzaqdan əks-səda kimi səsi gəldi - Yoxdur... Yuxuda elə ağlayırdım ki... Öz hıçqırığıma ayıldım. Yenə də qəbr üstünə getdim. Gördüm ki, güldanından güllərini aparıblar. Bəzən yuxuda elə insanların elə tərəfləri mənim üçün açılır ki, heyrət edirəm. Belə yuxularım da mənə tanımadıqlarımı tanıdır. Yuxuda özümü də yavaş-yavaş öyrənirəm.


-Yazıçı Borxes deyirdi ki, dünya Tanrının gördüyü yuxudur. Deməli biz Tanrının keçmişiyik?

-Dünya - həm irreallığı, həm də reallığı ilə -Tanrının möcüzəsidir, biz isə ağlına belə gətirmədiyi gerçəklik. Tanrı bilsəydi ki, özünün yaratdığı üzünə duracaq, özünün yaratdığı onun yaratdıqlarını uçuracaq, dağıdacaq, dünyanı alt-üst edəcək, bir-birinə düşmən kəsiləcək, bu qədər maddiləşəcək, bəndəliyindən çıxıb Allahlıq edəcək, bir-birinə qənim kəsiləcək, bizi yaratmazdı bəlkə də... Təbii ki, bu bir zarafatdır. Biz Tanrının həm alisiyik, həm də ibtidaisi. Tanrının keçmişi, bu günü, sabahı yoxdur ki. Tanrı zamansız, məkansız, ünvansızdır. Borxesin bu fikri çox poetikdir.

-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Əlbəttə, yuxular mistikadır. Dəqiq formulu, birmənalı izahı yoxdur. Sehrlidir. Yuxular böyük əsərlərə, filmlərə mövzu olan anlayış və anlayışsızlığdır. Şüuraltının şüurla gimnastikasıdır. Adilikdən qoparıb, qeyri-adiliyə köçürəndır. Yuxular, həyatdan başqa həyatın olduğunun göstəricisidir. Yerlə göyün arasında, olumla ölüm sərhəddində olan bir atmosferdir. Yuxu, dünyalar arasında pəncərədir və dünyanın içində olan nə varsa - canlılarından cansızlarınadək, ölüsündən dirisinədək, bütün hisslərinədək o pəncərədən boylana bilir. Ömrümüzün hamısını ya biz yuxulardayıq, ya da yuxular bizdədir. Yuxular, reallıqda ruhumuzun çatmadığı, ağlımızın kəsmədiyi, gözlərimizin görmədiyi nöqtələrin, vergüllərin, nidaların, sualların açarı ola bilir və ya olmaq istəyir. Yuxular həm də Tanrının tapmacasıdır - cavabını kim dəqiq bilir ki? Hər birimizin özümüzə görə aydınlığımız və qaranlığımız var - yuxularımız da hər birimizin görə biləcəyi qədərdi. Amma əsas olan budur ki, o mistik aləmdə həm hadisələrin iştirakçısı, həm tamaşaçısı oluruq. Qəribəsi də odur ki, burda gözümüzü yumsaq da, orda gözümüz də, ruhumuz da açıqdır. Gözlərimiz burda qapanır - ölmürük, orda açılır - canda deyilik. Möcüzədir.


-Biz yatanda beynimizin dəxlisiz görüntüləri canlandırmasının səbəbi nədir? Yuxular niyə oyaq olandakı düşüncələrimizdən çox fərqlidir?

-Ümumiyyətlə bu barədə çox mülahizələr var. Bu fikirlərə inanırıq da, inanmırıq da. Hələ 19-cu əsrin sonlarında psixologiya elmi eksperimental elm kimi qəbul edilib və bundan sonra bir çox psixoloqlar insanın şüurunu və ordakı prosesləri öyrənməyə başlayıb. Ziqmund Freydə qədər heç bir psixoloq insan şüurundan kənara çıxmağa cəhd göstərməyib. "Psixoanaliz" anlayışını Freyd yaradıb. Ondan sonra bu mövzuya nə qədər müraciət olunsa da, o zamanlar da, bu gün də onun yaratdığı cərəyandan çox istifadə olunur. Freydin nəzəriyyələrindən ən vacibi "şüuraltıdır". "Yuxular yozumu"əsərində çox tapıntıları var. O. əvvəlcə insan əqlinin, sonra isə onu təkmilləşdirib insan şəxsiyyətinin quruluş modelini yaradıb. lakin bu fikirləri həm qəbul olunub, həm mübahisələrə səbəb olub, həm də inkar edilib. Hətta Freydin öz tələbəsi Yunq, müəlliminin fikrini inkar edib və onun fikrincə "şüuraltı" dediyimiz, fotomodel deyil, şüuraltının yaratmaq və təsəvvür etmək kimi qabiliyyətləri var. Mənim fikrimcə yuxular bu dünyada olanların gözlə deyil, ruhla görünən tərəfidir. Yuxularım, mənə verilən suallar, cavablar, görüntülər, təsəvvürlərlə bir yerdə, yaşayışıma çox təsir edən ömürdü. Poetik yanaşanda, deyərdim ki, yuxular qonaq otağımızdır. Görmədiklərimiz, itirdiklərimiz, tapa biləcəklərimiz, təsəvvür edə biləcəklərimiz, duya biləcəklərimiz, arzularımızla görüşdürə bilən bir aləmdir. Yuxular toxunulmazdır, izahlar müxtəlifdir və hər bir cavabın öz arqumenti, öz iterpretasiyası var.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Çin olan vaxtı da olur, olmayan vaxtı da. Yuxularla bağlı çox mənbələrə müraciət edirəm, oxuyuram. Bir-birini inkar edən və ya təsdiq edən fikirlər o qədərdir ki. Gördüyüm yuxunun səbəbini tapmayınca rahat olmuram. Təbii ki, yozuma, cavaba ehtiyacı olmayan qarışıq, qorxulu yuxularımız da olur. Amma onlarda da bir məna var. Bəzən yatırsan ki, dincələsən, yorğun-arğın oyanırsan. Elə bil səni yuxuda döyüb, qorxuzub yola salıblar. Ramiz Rövşən gözəl deyib - Lap yuxudan duran kimi yoruluram, İlahi... - Yuxu barədə Quranda da qeyd olunub. İslamda deyilir ki: " Yuxu, insanı qeyb aləmi ilə birləşdirir." Həzrət Peyğəmbərə sual verirlər ki, insan niyə pis yuxular görür? Həzrət Peyğəmbər buyurur ki: "Nə zaman Allah bəndəsinin yaxşılığını istəyər, onu yuxuda danlayar". Hər şeydə bir xeyir var - düşüncəsi ilə yaşayırıq.


- Həyatınızda gördüyünüz ən yadda qalan və ən gözəl yuxu hansılardır?

-O qədər yuxu görürəm ki, hansını deyim... Bir hadisəni danışım. Elə o da yuxu idi, həm də mistika idi... Səhhətimlə bağlı xəstəxanaya düşdüm və əməliyyat olundum. Əməliyyat zamanı, narkoz altında olanda anamla görüşdüm. Qəribə bir məkan idi. Hər şeyin - otağın, oturacaqların, qapının, pəncərənin, tavandan asılan çıl-çırağın, havanın ölçüsü elə böyüklükdə idi ki, o böyüklüyün içində çəkisizlikdə idim və dəhşətə gəlmişdim. Hər şey yırğalanırdı. Anam divanda oturmuşdu. Birtəhər ona yaxınlaşıb yanında oturdum. Başımı çiyninə qoydum, məni qucaqladı, öpdü. Mən də onu öpdüm, qoxladım. O qədər diri idi ki, ətri də həminki ətir, səsi də həminki, dərisinin yumşaqlığı, gülümsəməyi də həminki. Anam o qədər gerçək idi ki... Ona elə sıxılmışdım ki, ayrılmaq istəmirdim. Birdən mənə dedi ki - dur get. Dedim - səninlə burda qalacağam. Məni özündən itələdi, barmağıyla haranısa göstərib dedi ki - Get, tez get, hələ vaxtı deyil. Onun bu sözündən sarsıldım.


-Maraqlı və bir o qədər də həzm edə bilməyəcəyimiz yuxu…

-Dedim - çox darıxıram, səninlə olmağı, mənim yanımda qalmağını istəyirəm. Dedi ki, get, yanında olduğumu göstərəcəyəm. Mama, mama - deyə-deyə bir də ayıldım ki, üzümü şillələyirlər. Sən demə məni narkozdan ayılda bilmirlərmiş. Həkimlər təşvişə düşmüşdülər. Sonra məni xəstəxana otağında yatağıma uzatdılar. Qızım da yanımda idi. Evimizdən bəzi əşyalar, qab-qacaq gətirmişdi mənim üçün. Bunları çantasından çıxarıb masanın üstünə qoyanda səs gəldi. Stəkanın içindən bir şey düşdü. Baxıb gördük ki, bu, anamın çoxdan bizim üçün aldığı və heç vaxt istifadə etmədiyimiz, ucunda halqaları olan zəncirdir - bunu dəm çaydanının dəstəsi ilə qapağına bərkidirsən ki, qapağı düşməsin. Və mən bunu qızımın cehizlərinin arasına, gözdən, əldən uzaq bir yerə qoymuşdum. Bu əşyanın qızımın çantasına və məhz mənim stəkanımın içinə necə düşməsinə məəttəl qaldıq. Anamın narkoz altında gördüyüm yuxuda dediyini anladım. Anam mənə işarə etdi ki, yanındayam... Belə yuxular özü özünü yozur.


-Doktor Allan Hobson deyir ki, "Gələcəyə dair yuxular görmək dini ümidlərlə bağlı özəl bir hadisədir. Yəni gələcəyi təxmin edə bilməyi istiyirik, amma buna nail ola bilmirk. Məsələn, yuxunuzda sevdiyiniz insanın öldüyünü görürsünüz, səhəri bu reallaşır. Bu yuxulara inanan insanları çox sarsıdır. Amma real olmayan yuxularından heç bəhs edən yoxdur. O qədər çox reallaşmayan yuxu var ki”. Razılaşırsız bu fikirlərlə?

-Bəli, bu fikirlərlə razılaşıram. Gələcəyə dair də, ola bilməyəcəklərlə bağlı da, reallıqla üst-üstə düşən və yaxud reallığın əksinə işləyən, sürrealist, detektiv, sentimental, primitiv yuxular da görürük. Məsələn yuxularda bəzən göylərə uçuruq, yüksəklikdən atılırıq, elə bir iş görürük ki, həyatda bunu heç vaxt bacara bilmərik və etmərik. Burda yəqin ki, fantaziyamızın da rolu var. Bəzən yuxudan ayılıb sevinirik ki, gördüyümüz yuxu imiş. Bəzən isə əksinə, oyandığımıza peşman oluruq.


-Yuxulardan özünüz haqqında bilmədiyiniz bir şeylər öyrənə bilirsiniz?

-Yuxuda inanılmaz addımlarım da olub. Yuxuda da, oyananda da məəttəl qalmışam. Əlbəttə olub, amma indi yadıma düşmür. 63 illik ömrü aylara və günlərə, saatlara, dəqiqələrə, saniyələrə vursaq, demək olar ki, hər gün yuxu görən adamı da nəzərə alsaq, neçə filmə və tamaşaya baxdığını fəxmin etsək, bu yazıq yaddaşa ürəyimiz yanar. Həyatda da, yuxuda da hələ özümlə tanış oluram. Yəqin ki, bu, ölənə qədər davam edəcək.


-Rənglidir yuxularınız?

-Əksər halda rənglidir. Keçmiş zamanlarla bağlı yuxularım ağ-qara olur. Bəzən deyirlər ki, yuxuların rəngli olması da yaradıcı ruhun, fantaziyanın şüuraltı fərasətidir.



-Həyat yuxuda da sona doğru gedir. Siz necə düşünürsünüz?

-Yuxular, biz ayılanda, müvəqqəti sona çatır. Biz ayılmasaq, əbədi yuxuda qalacağıq və ömrümüz, həyatımız kimlərinsə yuxularında davam edəcək. Bu, sona doğrudur, yoxsa yeni başlanğıca doğru?..


-Məşhur adamlardan, siyasətçilərdən, yazıçılardan kimləri yuxunuzda görmüsünüz?

-Məşhur dostlarımı, tanışlarımı, sənət, siyasən adamlarını, dövlət başçılarını da yuxuda görürəm. Adlarını çəksəm uzun bir siyahı alınar. Belə bir yozum da var ki, yuxuda tanınmış, yüksək vəzifə adamını görürsənsə, həyatında yüksəliş, irəliləyiş olacaq. Bəzi yuxu yozumları kitablarını vərəqləyəndə hərdən gülməyim də tutur. Amma onlar da bəzən, aldanmaq istəyənlərə, ümid verə bilir... Bir də o fikrimə qayıdıram ki, yuxular Allahın tapmacasıdır - sual Onundur, cavab tapmaqsa bizim boynumuza düşüb... Təəssüf ki, nə özümüzü, nə yuxumuzu, nə dünyamızı sonunadək dərk etməyə zamanımız çatmayacaq...


Söhbətləşdi: Oğuz Ayvaz



İmza:
SON XƏBƏRLƏR
2019-12-12
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK