adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2019 15:26
8385
MƏMLƏKƏT
A- A+

Elin ağbirçəkləri

Həmişə müdrik el ağbirçəyindən söz düşəndə nədənsə gözlərim önündə onun xoş təbəssümü, nurani çöhrəsi canlanır. Ömrünün 85-ci ilini yaşayan Valiyə Novruzovanı deyirəm.

Onunla üzbəüz oturmuşuq. Ömrün ötüşən acılı-şirinli illərindən söhbət gedəndə nurlu üzünə baxıram. İllər öz izlərini Valiyə nənənin alnına həkk etməyə səy göstərsə də o, yaşından cavan və gümrah görünür.

Xəyal bu ağsaçlı qadını həyatının astanasında olduğu illərə qanadlandırır:

Azərbaycanda kollektivləşmə illəri dövründə Valiyə nənə yeniyetmə qız idi. Zirəkliyinə, bacarığına söz ola bilməzdi. Hansı sahədə olursa-olsun istər tərəvəzçilik, çayçılıq, istərsə də heyvandar sahəsində ürəklə işləyərək halallıqla dolanırdı. Sonra da elə yaşadığı Astara rayonun Şahağacı kəndində zəhmətsevər bir cavanla – Xəlil adlı kolxozçu ilə ailə qurdu. Bir-birinin ardınca süd qoxulu övladlar dünyaya gəldi...

Bu xoşbəxt ailədə körpə hənirtisi, şirin uşaq təbəssümü hər iki valideynin ürəyini dağa döndərdi. Beləcə onların övladları böyüyüb boya-başa çatdı, orta məktəbi bitirib və ali təhsil aldılar. Valiyə nənənin 4 oğlu, 2 qızı, 14 nəvəsi, 12 nəticəsi var.

Haqqında danışdığımız Valiyə Novruzova 1934-cü ildə Astara rayonun Şahağacı kəndində anadan olmuşdur.

Valiyə nənə həm də nəğməli bayatılı nənədir.

Biz onun maraqlı bayatılarını dinlədikcə qəlbimdə bir bayatı yarandı

Əzizim Valiyə nənə,

Zəhməti nurlu nənə.

Sən çalışdın el üçün,

Yüz yaşa, Valiyə nənə.

Valiyə nənədən ayrılıram, qələmə alacağım qeydlərdən əlavə yolboyu onu da düşünürəm ki, kaş bütün el ağbirçəklərimiz Valiyə nənə xislətində olaydı. Biz də Valiyə nənəni anadan olmasının 85-illiyi münasibətilə təbrik edir, ona şəxsi həyatında möhkəm can sağlığı arzulayırıq.

Azad Zülaloğlu jurnalist, "Qızıl qələm” mükafatı laureatı