RAMiZ MEHDiYEV TELEKANALLARA "DUR" DEDi

AQİL ABBAS
27207 | 2009-10-01 04:27
Dünən "Azərbaycan" qəzetində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı çox ciddi bir məqaləsi dərc olunub. Məqalədə qoyulan problem bu günümüzün reallığıdı və hamımızı düşündürən bir problemdi. Mətbuatda da bu problemə və problemlərə dəfələrlə toxunulub. Hətta Milli Məclisdə də bu problem qaldırılıb, amma təəssüf ki, elə bir nəticə əldə edilməyib.
   
   Və görünür artıq vəziyyət elə bir həddə çatıb ki, Ramiz Mehdiyev belə kəskin məqalə ilə çıxış etməli olub. Bu məqalə çox ciddi bir araşdırmadan sonra ortaya çıxmış bir məqalədir. Məqalədə demək olar ki, efir məkanımızdakı bütün problemlərə toxunulub. Daha doğrusu, toxunulmayıb, hər bir problem ayrı-ayrılıqda açıqlanıb. Təbii ki, problemləri açıqlamaq asandı. Əsas məsələ bu problemlərin həlli yollarını göstərməkdir ki, Ramiz Mehdiyev də öz məqaləsində problemlərin həlli yollarını göstərib.
   
   Bu sirr deyil ki, televiziya və radio çox böyük bir qüvvəyə malikdir. Bu qüvvəni istənilən səmtə yönəltmək mümkündü. Bu qüvvə ilə xalqın olan-qalan səviyyəsini də məhv etmək olar və yaxud xalqın səviyyəsini dəfələrlə yüksəltmək də. Amma təəssüf ki, bu gücdən, bu qüvvədən yetərincə istifadə etmirik və bu gücü həyatımızın şoulaşmasına sərf edirik.
   
   Hörmətli akademik təkcə problemləri qaldırmaqla kifayətlənməyib, həm də efir məkanımızın vəzifələrini bir-bir açıqlayıb.
   
   Yəqin ki, Ramiz Mehdiyevin bu məqaləsi geniş müzakirə mövzusuna çevriləcək. Və ən əsası yəqin ki, bu məqalə televiziya və radio kanallarının rəhbərləri tərəfindən müzakirə ediləcək və ciddi nəticələr çıxarılacaq. Əgər televiziya və radio kanallarımız məqalədə onların qarşısına qoyulan vəzifələri həyata keçirə bilsələr biz tezliklə efir məkanında çox böyük bir dönüşün şahidi olacağıq.
   
   Və inanıram ki, hörmətli akademikin bu məqaləsi ictimaiyyətin böyük dəstəyini qazanacaqdır.

TƏQVİM / ARXİV