adalet.az header logo
  • Bakı 19°C
15 Aprel 2019 13:21
8305
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: UN KİSƏSİNDƏ HEYVAN SÜMÜYÜ

Deyirlər ki, qulaq gündə bir söz eşitməsə kar olar. Bizimsə qulağımıza gündə bir yox ey, 3-4 xoruz səsi eşitməmiş sözlər dəyir. Və bu sözlər də istər-istəməz adamı yerindən oynadır. Düşünürsən ki, ey dadi-bidad gör nə günə qalmışıq ki, biz nə yesək, nə içsək onun içərisindən nəsə bir şey-zad çıxmalıdır. Və bu şey də, zad da çıxanda ovqatımız tərx olur.

İndi qalmışıq fikirləşə-fikirləşə. Gərək hər hansı şeyi dükan-bazardan alıb gətirəndə onun içərisinə yaxşı-yaxşı baxaq. Yoxsa onun içindəki o zadlar bizim axırımıza çıxar. Çox şey görmüşük. Görmüşük ki, çörəyin içindən mismar çıxır, şüşə çıxır, uşaq yeməyinin içərisində qum, torpaq olur. Şirniyyat məhsullarının üstündə siçan-siçovul gəzir. Və hətta kolbasanı, sosiskanı yeyəndə qorxa-qorxa qalırıq. Çünki bir ara da dedilər ki, Allah evini yıxmışlar bəzi kolbasaya, sosiskaya adam əti də qatırlar. Tay bilmirik bu bizim məmləkətdə olub, yoxsa Rusiyada. Lap Rusiyada olsun ey, ordan o qədər ölkəmizə kolbasa, sosiska gətirilir ki. İndi gəl bundan baş çıxar görüm, necə baş çıxarırsan. Bilmirsən bu kolbasa-sosiska sağlam mal ətindən hazırlanıb, yoxsa mənşəyi bilinməyən heyvan ətindən. Hələ biz onu demirik ki, ora ölmüş adam əti də qatıla bilər.

Bizim məmləkətdə nə desən baş verə bilər. Bayaq dedik axı, elə bir qida məhsulu yoxdur ki, onun nəsə qəmbər-qulusu çıxmasın. İstər kolbasa-sosiska olsun, istər un məmulatları olsun, istərsə də şirniyyat məhsulları, nəzarət edilmədiyi üçün adam onları mağazalardan alıb yeyəndə diksinir. Çünkü əksər məhsullar saxta yolla hazırlanır. Saxta yolla araq çəkilir, guya mineral sular istehsal edilir. Və bunlar da gəlib bizim bazar-dükanlarımıza çıxır.

Biz bu barədə dəfələrlə yazmışıq və yenə yazırıq. Yazırıq ki, Allah evinizi yıxsın, bu millətin həyatıyla bəsdir oynadınız! Bu millətin başında çox qoz sındırdınız! Nə Allahdan qorxdunuz, nə də qanundan. Allahdan və qanundan qorxan istehsalçı, biznesmen heç vaxt bu qədər saxta məhsullar istehsal edə bilməz.

Bir qəribə əhvalat da bu yaxınlarda Cəlilabadda baş verib. Mağazadan 50 kiloqramlıq un alan alıcı ondan istifadə edərkən içərisindən heyvan sümüyü çıxıb. Özü də bu heyvan sümüyü çox yekədir. Yəni bir-iki kiloqram ağırlığı var. Balam, bu boyda heyvan sümüyü un kisəsinin içərisinə hardan düşüb? Bu çöp deyil, milçək deyil, iri bir zaddır. Və iri bir zadı da bəlkə də çəkisi ağır gəlmək üçün un kisəsinin içərisinə atıblar. Hər halda, onu aydınlaşdırmaq adiyyəti qurumların işidir. Adiyyəti qurumsa Qida Təhlükəsizliyi Agentliyidir. Bu Agentlik xeyli vaxtdı yaradılsa da, onun işində xalqın xeyrinə bir dönüş hiss olunmur. Digər qurumlar kimi bu qurum da öz maraqlarını güdür.

Qəribədir ki, un kisəsindən heyvan sümüyü çıxması heç onun istehsalçısını da narahat etmir. Onun istehsalçısı Siyəzən rayonundakı biznes şəbəkələrindən biridir.

Amma bu məsələlərə ekspertlər birmənalı yanaşmırlar. Məsələn, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, sovet dövründə heyvanların sümükləri yığılar və un kombinatlarına göndərilərdi. Onu da üyüdüb una qatardılar. Bu gün də belə istehsalçılar var. Olmasa bu fakt üzə çıxmaz.

Un istehsalı ilə məşğul olan MMC-lərdən birinin mütəxəssisi də deyir ki, bu cür heyvan sümüklərini köhnə avadanlıqlarla üyütmək olardı. Amma müasir avadanlıqlarla onu üyütmək mümkün deyil. Və bir də hər bir istehsalçı çalışır ki, onun məhsulu keyfiyyətli olsun. Hər hansı alıcı unun içərisindən bir şey çıxdığını görəndə ikinci dəfə onu almayacaq. Ona görə də istehsalat sahələrində bu gün əsl rəqabət var. Və düşünürəm ki, məsuliyyətli istehsalçı heç vaxt heyvan sümüyünü üyüdüb una qatmaz. Çünki bunun axırı yoxdur.

Unun içərisindən biz çox şey çıxdığını görmüşük: şüşə qırıntısı, kəndir, siçan quyruğu və digər yad cismlər. Elə çox vaxt da əhali unun və çörəyin içərisindən yad cisimlər çıxanda onu sosial şəbəkədə yayır və bu yad cisimi adiyyəti quruma təhvil verirlər. Adiyyəti qurumsa araşdırma aparmalı, tədbir görməlidir. Amma görürlərmi?! Bax, bu sualın cavabını biz yox, adiyyəti qurumlar verməlidir.

Biz çox çörək istehsalçıları istehsal prosesində qanuna zidd hərəkət edirlər. Xüsusən də qara çörək bişirənlər onu qara undan deyil, adi undan bişirib tərkibinə müxtəlif qaraldıcı boyalar vururlar. Bu günlərdə tanınmış jurnalist Səbuhi Məmmədli mağazadan aldığı qara çörəyin kif bağlaması ilə bağlı görüntüləri sosial şəbəkədə yayıb və televiziya kanallarından birinə göndərib. O bildirib ki, şəkər xəstəsiyəm, qara çörəkdən istifadə edirəm. Aldığım qara çörək isə bax, belə çıxıb. Bir çox istehsalçılar mağazadan zavoda qayıdan köhnə çörəkləri yeni çörəklərə qatıb emal edir, ya da onu üstündə istehsal tarixini dəyişib yeniləşdirirlər. Dəfələrlə Sumqayıt çörək zavodu istehsalı olan "Çovdar” çörəyini alarkən biz belə faktların şahidi olmuşuq. Satıcı qıza iradımızı bildirmişik, o da bizim fikrimizi istehsalçı müəssisənin mağazaya çörək gətirən nümayəndəsinə çatdırıb. Bu müəssisə də bəzi hallarda istehsal etdiyi köhnə çörəklərin tarixini dəyişir.

Adiyyəti qurumlar əhaliyə məsləhət bilir ki, qida məhsulları alarkən onun keyfiyyətinə, buraxılış tarixinə diqqət yetirsin. Bu yazıq camaat hansı qida məhsuluna fikir versin? Bizdə əksər qidalar keyfiyyətsizdir və onun necə hazırlanması üsulları da bəlli deyil. Bilmirsən bunu istehsal müəssisəsində emal ediblər, yoxsa ev şəraitində saxta yolla hazırlanıb.

Əgər qida məhsullarına alıcılar nəzarət edəcəkdisə, bəs onda bu qədər adiyyəti qurumlar kimə və nəyə lazımdır? Hər bir nəzarətedici orqanda nə qədər insan işləyir və onlar dövlətdən hər ay məvacib alırlar. Xüsusən də Qida Təhlükəsizliyi Agentliyi bu missiyanı yerinə yetirməlidir. Bütün ölkələrdən məmləkətə daxil olan qida və yeyinti məhsulları sərhəd keçid məntəqələrində yoxlanılır, laboratoriya müayinəsindən keçirilir, mütəxəssislərin müsbət rəyindən sonra həmin əraziyə buraxılır. Təbii ki, bizdə də belədir. Amma bizdə nədənsə adiyyəti qurumlar bu nöqsanları görmür, əhaliyə xaricdən keyfiyyətsiz məhsullar gətirirlər. Eyni zamanda öz məmləkətimizdə istehsal olunan bir çox məhsulların da içərisindən belə-belə zadlar – heyvan sümüyü, şüşə qırıntısı, məftil, kəndir və siçan quyruğu çıxır. Hər halda, bu xalqın, bu millətin ölkəyə keyfiyyətsiz məhsul gətirilməsində heç bir günahı yoxdur. Bütün məsuliyyət adiyyəti qurumların üzərinə düşür, onlarsa bu işi yetərincə görə bilmirlər. Görəsən, nə vaxta qədər?