adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2019 17:33
31960
MƏDƏNİYYƏT
A- A+

Salam, balacaların köhnə dostu

İldırım sürəti ilə dəyişən texnologiyalar dövründə uşaqlarda teatr tamaşalarına baxmaq vərdişi oyatmaq, canlı ünsiyyət vasitəsi olan bu sənəti təşviq etmək aktual məsələlərdən biridir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da bununla bağlı daim addımlar atır, məktəb yaşlı tamaşaçılarını diqqətdə saxlayır.

Kollektiv bu günlərdə uşaqlar üçün yeni bir tamaşa hazırlayıb. "Buratino” musiqili nağıl-tamaşanın premyerası maraqla qarşılanıb.

Hər ölkədə tanınan

Tanınmış rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı "Qızıl açar və yaxud Buratinonun macəraları” povesti bütün dünyada məşhurdur. Ötən əsrin 30-cu illərindən başlayaraq bu əsər müxtəlif dillərə tərcümə edilib, ayrı-ayrı ölkələrin səhnələrində fərqli quruluşlarda səhnəyə qoyulub, ekranlaşdırılıb. Azərbaycan teatrları da zaman-zaman oduncaq uşaqdan bəhs edən povesti səhnələşdirərək balaca tamaşaçılarına təqdim ediblər.

Tamaşanın qəhrəmanları Dövlət Akademik Musiqili Teatrının səhnəsində də ilk dəfə deyil ki, görünürlər. Bu teatrın nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyası hələ bir neçə il əvvəl balacaların öz ifasında "Buratino” tamaşasını hazırlamışdı. Elməddin Dadaşovun quruluş verdiyi həmin tamaşa maraqla qarşılanmışdı. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədii rəhbər olduğu budəfəki "Buratino” tamaşasına quruluş vermək yenə bu istedadlı gənc rejissora həvalə edilib. Bir qədər irəli gedərək qeyd edək ki, Elməddin Dadaşov teatr rəhbərliyinin etimadını doğruldaraq balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri ərsəyə gətirib.

"Buratino” balacaları tənbəlliyin daşını atmağa çağırır, ağıllı, cəsur olmağa səsləyir, təhsilə təşviq edir. Tamaşanın yaradıcı heyəti əsərin əsas ruhunu qorumağa çalışıb. Yeri gəlmişkən, bu məşhur səhnə əsəri Nicat Kazımovun tərcüməsi əsasında hazırlanıb.

Qoca Papa Karlo (Ağaxan Şərifov) günlərin birində taxtadan adam fiquru düzəltmək qərarına gəlir. Bütün nağıllarda olduğu kimi, "Buratno”da da möcüzə baş verir və oduncaq adam danışmağa, hərəkət etməyə başlayır. Ancaq bu oduncaq uşaq-Buratino (gənc aktyor Zaur Əliyev) tənbəl və ərköyündür, yazıb-oxumaqla heç arası yoxdur, Qoca Karlonun aldığı "Əlifba” kitabına gözünün ucu ilə də baxmaq istəmir. Papa Karlo günlərin birində oduncaq adama teatr bileti alır. Teatrda baş verənləri ilk dəfə izləyən Buratinonun həyata baxışı dəyişir, o, anlayır ki, Karabas Barabas (Möylə Mirəzliyev) kimi əzazil adama, Tülkü Alisa (Əməkdar artist Nahidə Orucova) və Pişik Bazilio (Ruslan Mürsəlov) kimi hiyləgərlərə qalib gəlmək üçün hökmən təhsil almaq, savadlanmaq vacibdir. Buratino məhz Tartilla (Telnaz Hüseynova), Qurbağa Bubi (Mehriban Rəcəbova) kimi xeyirxahların məsləhətinə qulaq asaraq dərslərinə fikir verir, oxumağa və öyrənməyə diqqət ayırmağa başlayır. Özünə Pyero (Səmədzadə Xasıyev), Malvina (Gülnarə Əzizova), Cırcırama (Nərmin Əliyeva), Artimon (Elnarə Nağdəliyeva) kimi yeni dostlar qazanır. Qazandığı təzə dostlarının köməyi ilə Qızıl açara sahib olur.

Alqışdan pay qazananlar

"Buratino” üzərində çalışan kollektiv al-əlvan geyimləri, rəngarəng dekorasiyaları, oynaq musiqiləri və balet truppasının rəqsləri ilə yadda qalan bir tamaşa ərsəyə gətiriblər. Quruluşçu rejissor Elməddin Dadaşov yeni səhnə əsərinin həm də musiqi tərtibatçısıdır. Premyeraya gələn balaca tamaşaçılar və onların valideynləri quruluşçu rəssam Vüsal Rəhimin, geyim üzrə rəssam Yelena Almazovanın, quruluşçu baletmeysterlər Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevanın, konsertmeyster Fidan Babayevanın və rejissor assistenti Sevinc Məmmədovanın birgə işinə gur alqışlarla yüksək qiymət veriblər.

İnanırıq ki, Dövlət Akademik Musiqili Teatrının kollektivi gələcəkdə də məktəb yaşlı tamaşaçılarını unutmayacaq, onlara yeni-yeni və maraqlı səhnə əsərləri təqdim etməyi bacaracaq.

Etibar CƏBRAYILOĞLU