adalet.az header logo
  • Bakı 18°C

XALQ MAHNILARIMIZI MƏHV ETMƏK YARIŞI

AQİL ABBAS
37133 | 2009-09-26 00:46
Min illərdi dədə-babalarımızın, nənələrimizin sevincindən, kədərindən, ağrısından-acısından yoğrula-yoğrula və bütün məşəqqətlərə dözə-dözə xalq mahnılarımız gəlib bizə çatıb. Heç bir işğalçı ordunun gücü bu xalq mahnılarını məhv etməyə çatmayıb. Xalq mahnılarına söykənib, mahnılar da xalqına - bir-birlərini yaşadıblar.
   
   İndi şükürlər olsun, işğaldan azad olmuşuq. Amma özümüz min illərin xalq mahnılarını məhv etmək yarışına girmişik.
   
   Yeri gəlmişkən, ingilislər deyirlər ki, əgər biz Hindistanda mahnıları qadağan etsəydik, daha üç yüz il Hindistanı əlimizdə saxlaya bilərdik. Hind mahnıları Hindistanın düşmən işğalından azad olunmasında bəlkə də bir nömrəli rol oynayıb.
   
   Azərbaycan xalqını da mənən işğaldan mahnılarımız, musiqimiz, muğamımız, rəqslərimiz və bir də böyük ədəbiyyatımız xilas edib. Əgər bunlar olmasaydı xalqımız milli qürurunu, şərəfini qoruyub saxlaya bilməzdi. Qısası, Nizaminin, Nəsiminin, Füzulinin şerləri bu xalqı Babəkin də, Şah İsmayılın qılıncından da daha çox qoruyub. Bu gün var olmağımıza görə nələrə borclu olduğumuzu bilməliyik.
   
   Deyəsən dünya da başa düşüb ki, heç bir silahla, heç bir qoşunla Azərbaycanı işğal etmək mümkün deyil. Vaqif Bayatlı Ödər demiş, Türk min illərin gün işığıdır, nə qədər basdırsan yenə torpağın üstündə qalar.
   
   Və indi o gün işığımızı kəsmək istəyənlər hər bir şeyə əl atırlar.
   
   Son zamanlar xalq mahnılarımızı məhv etmək yarışı gedir. Əlinə mikrofon keçən, arxasında hansısa sponsor olan oxuyanlar xalq mahnılarımızın içinə oturur. "Yeni aranjiman" adı ilə min illik mahnılarımızın başına elə bir oyun açırlar ki! Belə getsə beş-altı ildən sonra xalq mahnılarımız tamamilə məhv olub gedəcək. Kim necə istəyir mahnıları da o günə qoyur. Onlara bir "dur" deyən yoxdur. Nəinki "dur" demirlər, hətta musiqidə xidmətləri olan böyük sənətkarlarımız belə onların konsertlərinə gedir, ön sırada oturur və mənalı-mənalı da başlarını yırğalayırlar.
   
   Nəinki xalq mahnılarımızı, xalq mahnısı səviyyəsində mahnılar bəstələyən ölməz bəstəkarlarımızın da əsərlərini "yeni aranjiman" adı ilə məhv edirlər. Təbii ki, yiyəsiz bəstəkarların. Yəni onların hüquqlarını qoruyacaq kimsə yoxdur.
   
   Ağızları var övladları vəzifədə oturan və ya elə həyatda olan bəstəkarların əsərlərinə əl uzatsınlar, çəkib ciyərlərini çıxararlar.
   
   Yaxşı, deyək ki, həmin o ölməz bəstəkarların yiyəsi yoxdu, bəs bu xalqın yiyələri var axı! Niyə xalqının sərvətinə sahib çıxmırlar? Niyə bir "dur" demirlər?
   
   Bu günlərdə Sevda Ələkbərzadənin bir konsertinə televiziyada təsadüfən tamaşa edirdim. Bu xanımın istedadına sözüm yoxdu, qabiliyyətinə də sözüm yoxdu. Pərəstişkarları da var, olsun, daha çox olsun. Amma bu xanım bizim xalq mahnılarımızın başına elə bir oyun açırdı ki, xəcalət çəkirdim. Və çox təəssüflənirəm ki, çox böyük sənətkarımız İlhamə xanım Quliyeva da və digər sənətkarlar da ön sırada oturub məmnuniyyətlə qulaq asırdılar.
   
   Oxuduğu hər mahnıya öz möhürünü vuran İlhamə xanım doğrudanmı xalq mahnılarının bu günə düşməsindən ləzzət alırdı? İnanmıram. Biz xala-xətir millətiyik. Və bu xala-xətirlər də sonralar bizə baha başa gəlir.
   
   Söz Mədəniyyət və Turizm Nazirliyinindi! Qanun yolu ilə bunun qarşısı alınmalıdı.
   
   Və söz həm də xalqındı, xalq da qınaq yolu ilə bunun qarşısını almalıdı.

TƏQVİM / ARXİV