adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2019 15:50
17504
ƏDƏBİYYAT
A- A+

QANAYAN SƏDƏFLƏR - Ələsgər ƏLIOĞLU yazır

(Hekayə)

Havalanmişdi...Bəzən əl-qol açıb çıxardı ortalığa.Başlayardı oynamağa.Elə süzərdi,elə süzərdi ki,deyərdin dünyanın ən xoşbəxtidi. Bəzən də saçını yolar,üzünü cırar,ah-nalə eləyərdi...

Ərdə olan üç qızının üçü də ananın düşdüyü bu vəziyyətə tab gətirmirdi.Üçü də kar-kas qalmışdı...Qohum-qonşu məsləhət görürdü ki,analarını aparıb psixi xəstəxanaya qoysunlar.Ancaq qızları buna qıymırdılar.

Qaçqınlıq vaxtı Sürəyya arvadın oğlunu erməni quldurları güllələmiş,sonra da üstə benzin töküb yandırmışdılar.Ana oğlunun güllələndiyini bilirdi,ancaq yandırıldığından xəbərsiz idi...

Sürəyya arvad hərdən kürəkənlərinin üstə sürhay çəkər, onların dincliyini şişə taxardı:-Utanın,ölün,yerə girin,gözümün aman-zaman dikənəcəyi bir oğlumun meyitini yağıların tapdağı altda qoyub gəldiniz... Ondan artıq deyilsiniz ki,barı quruca cəsədini tapıb gətirin .Bəlkə onda ürəyim bir az sakitləşə...

...Qızların üçü də dəryanın qoynunda avarsız qalmış qayığı xatırladırdı...Bilmirdilər ki,hara üz tutsunlar, kimdən kömək umsunlar...

Axır ki,el ağsaqqalı Yunis kişi Sürəyya arvadın kürəkənlərini başına yığdı:-Ay uşaqlar,atalar boş yerə deməyib ki,bala baldan şirindir.Neyləmək olar,anadır də,heç cür dözmür...Gəlin bir iş eləyin.Qayınananıza deyin ki,gedirik qaynımızın cəsədini tapıb gətirməyə. Üçünüz də iki-üç gün bir yerdə daldalanın.Sonra qayıdıb çadır düşərgəsinin qırağındakı bu təzə qəbiristanlığımızda bir qəbir kimi yer düzəldin.Qayınananıza deyin ki, qaynımızın cəsədini tapdıq,gətirib dəfn elədik.Bəlkə ondan sonra təskinlik tapa...

Kürəkənlər el ağsaqqalının dediyi kimi də elədilər.İki-üç gün unanmaz bir yerdə daldalandılar.Onlar qayıdıb çadır şəhərciyinin üstdə çınqıllı-qumlu yerdə təzəcə salınmış qəbirstanlıqda bir qəbir qazıb,üstünü də bərk-bərk örtdülər.Sonra gəldilər Sürəyya arvadın yanına.Böyük kürəkən acı-acı,hüznlü bir görkəmdə,udquna-udquna dilləndi:

-Ay qayınana,axır ki,istəyinə çatdın.Qaynımızın cəsədini düşmən tapdağından çıxarıb gətirdik.Üstəlik, dəfn də elədik.Daha indi sakitləş...

Sürəyya arvad onların yanına qoşulub getdi qəbir qazılmış yerə...Kürəkənlərini yenə də məhşər ayağına çəkdi:

-Niyə qoymurdunuz ki, cəsədinin üzünü bir mən də görüm,hara tələsirdiniz!? Allah sizi kəssin...

Kürəkənlərin üçü də,həyat yoldaşları da səhəri günü həyəcanla qarşıladılar.Sürəyya arvad yatağında yox idi.Çıxıb çadır şəhərciyini başdan-ayağa dolandılar.Onu bir gördüm deyən olmadı...Kürəkənlər artıq yorulub əldən düşmüşdülər.Çadırın qabağındakı kötüyün üstə təzəcə əyləşib nəfəs dərirdilər ki,bir uşaq yüyürək tərzdə onlara yaxınlaşdı və üzünü böyük kürəkənə tutub dilləndi:

-Əmi, süpürgə yığmaqdan gəlirdik.Qəbiristanlığın yanından keçəndə gördük ki, Sürəyya nənə yerə uzanıb...

Kürəkənlər cəld əyləşmiş olduqları yerdən qalxdılar.Onlar iti yerişlə uşağın göstərdiyi səmtə yaxınlaşdılar.Sürəyya arvad onların qazmış olduğu qəbrin üstə uzanıqlı vəziyyətdə qalmışdı.Əyilib qayınanalarını qaldırmaq istədilər,ancaq bədən soyuyub ağaca dönmüşdü.Oğulların qazıb,sonradan üstünü bərk-bərk örtdükləri qəbrin çınqıllı-qumlu torpağı tamam qırağa çıxarılmışdı...Sürəyya arvadın əlləri barmaqlarındakı qopmuş sədəflərdən süzülən al qana boyanmışdı...

SEVİŞƏN İLANLAR

(Hekayə)

Zeynəb ərini işə yola salıb və altı yaşlı oğlu Orucun səhər yeməyini verdikdən sonra evdə yır-yığış elədi. Gəlib bostanda alaq çəkməyə başladı.Aradan bir az keçər-keçməz ləkdən başını hövlank qaldırıb həyətdə oynayan oğlunu səslədi:

-Oruc, Səlim babanı cəld bura çağır!

Oruc anasının ətürpəşdirən səsindən diksinən kimi oldu.Cəld özünü çatdırdı qonşuya:

-Səlim baba,anam bostandadır.Səni çağırır...

Səlim kişi tərəddüd içində:

-Nə olub,ay bala,nə iş baş verib!?-Deyə ondan soruşdu.

-Bilmirəm...

Səlim kişi Zeynəbin yanına çatanda onun çox həyəcanlı olduğunu hiss etdi:

-Nədi,ay qızım,niyə belə həyəcanlısan?..

-Səlim əmi,bir ora bax,iki ilan var.Bir-birinə sarılıb...Çağırdım ki,onları öldürəsən.Özüm vurmağa qorxuram...

Səlim kişi Zeynəbin şəhadət barmağı ilə göstərdiyi səmtə yaxınlaşdı.Doğrudan da iki ilan bir-birinə sarılmışdı.İlanın ikisi də sanki ətrafdakıları görmürdü.İkisi də öz aləmində idi...

Zeynəb isə Səlim kişiyə ərklə:-"Nə durmusan,vur də,Səlim əmi!" deyə həyəcanlı bir tərzdə ucazdan səslənirdi.

Səlim kişi dayandığı yerə sancılıb qalmışdı.Dərin düşüncələrin ağuşunda idi.Elə bil ki,Zeynəbin hay-küyünü eşitmirdi.Axır ki,o,başını qaldırıb yön çevirdi Zeynəbə:

-Qızım,bunlar boz ilanlardır, irəmə ilanları.Sevişmək üçün buranı seçiblər.Qorxub eləmə,özləri də çıxıb gedəcəklər o görünən irəməyə...Onlarakı toxunmursan,daha nədən qorxursan!?

-Yox,yox,Səlim əmi,onları öldür!.. Qorxuludurlar, məni, ya da uşaq-muşağı sancarlar!

-Qızım,belə bir məqamda mən günaha bata bilmərəm. Ağzımda deyirəm ki,ilana toxunmasan,heç zaman səni sancmaz!Amma adamlar arasında elələri var ki,toxunmasan da,girəvə düşəndə səni sancar,səni zəhərləyərlər!.. Belələri daha qorxuludur,daha təhlükəlidir!..

Zeynəb nə qədər təkid etsə də,yalvarıb-yaxarsa da Səlim kişi fikrindən dönmədi və dərin düşüncələr qoynunda yavaş-yavaş bostandan aralandı...

Bir azdan ilanlar da bir-birindən ayrılıb sürünə-sürünə bostandan uzaqlaşdılar... Bəbənindən hələ də qorxu hissi tam çəkilməmiş Zeynəb isə yavaş-yavaş alaq çəkirdi...