adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Aprel 2019 15:38
24718
ƏDƏBİYYAT
A- A+

SÖZ VƏ SƏMİMİYYƏT ADAMI - Tural Cəfərli yazır

Muxtar müəllimlə cəmi iki ya üç dəfə ünsiyyətdə olmuşam desəm, yanılmaram. Amma bu az saylı ünsiyyətimiz məndə dərin izlər buraxıb, daha doğrusu mənim düşüncələrimdə... Elə bil nəfəs ala bilmirsən və bu dəm sənin düşüncələrin o qədər sərin və xoş bir havaya köklənir ki, çaşıb qalırsan... Bu sənin mənəvi dünyanın qaranlıq yerlərini işıqlandırır, sənin ruhuna təmizlik gətirir, səni- həyatla bağlı olan ən gözəl ümidlər qucağına alır sanki...

Ziyalı insanlar cəmiyyətimizin əsas istiqamətverici qüvvəsidir, həqiqəti göstərən işıq mayaklarıdı. Bu mayaklar olmasa, cahillər cəmiyətdə daha çox yer tutar, elm, bilik bu cəhalətin kölgəsində itib-batar. Muxtar müəllim cəmiyyətimizin daha sağlam düşüncəli, daha savadlı olması üçün bütün varlığı ilə işıq göstərən mayak misali öz vətəndaş mövqeyini ortaya qoyur. Yox, elə bilməyin mən Muxtar müəllimin elmi işçisi ya onun rəhbərlik etdiyi kafedranın əməkdaşıyam. Mən həssaslığımın və içimdəki səsin sayəsində yazıram bunu. Yazmasam rahat ola bilmərəm, yazmasam özümü günahkar bilərəm. Yazıram və bu yazdıqlarımla mənən rahatlıq tapıram. Özümü daha azad və xoşbəxt hiss edirəm...

Bakı Dövlət Universitetində oxuyanda, ikinci kursda fəlsəfədən bizə dərs deyən professor Cəmil Əhmədli (Allah rəhmət eləsin) müəllim mühazirələrinin sonunda həmişə deyirdi:

" Bilik vacibdi, lakin insan olmaq ondan da vacibdi...” Bu sözlər uzun zaman məni təqib etdi. Bu fikir mənim yaddaşıma elə hopub ki, çətin bir də nə vaxtsa silinə... Muxtar İmanov da həmin o alimlərdəndir ki, insanlığı elmi qədər böyük, sadəliyi isə hər kəsin qəlbinə sevinc gətirəcək qədər alidir. Bir neçə gün öncə ADU-nun (Azərbaycan Dillər Universitetinin) dəhlizində şair Əlisəmid Kürlə ədəbiyyat haqqında danışırdıq. Bu vaxt Muxtar müəllimlə qarşılaşdıq. Səmimi şəkildə görüşüb, ədəbi söhbətimizə rəng qatdı. Onda hiss etdim ki, Muxtar müəllim həm də ürək, söz və səmimiyyət adamıdı. Muxtar müəllim öz elmi adını heç vaxt qabartmayan əsl ziyalıdır...


Tədqiq etdiyi bir neçə sahəni tapıb oxudum. Bir filoloq kimi mənim qarşımda yeni üfüqlər açıldı. "Folklorda obrazın ikiləşməsi” kitabında yeni istiqamətləri və fikirləri öz qeyd dəftərimə yazdım. Kitabı oxuduqca düşünməyə başladım, zəkamın aydınlaşmasına şahid oldum. Bu hələ başlanğıc idi. Əvvəlcə özünü sonra elmini tanıdığım böyük alimə olan sevgim və hörmətim məni bir az da kamilləşməyə, müdrikləşməyə apardı. Sözün əsl mənasında elə təkcə həmsöhbət kimi Muxtar müəllim insanın formalaşmasına, şəxsiyyət kimi bütövləşməsinə kömək edir, öz daxili dünyasının zənginliyi ilə adama güc və inam verir...

Həmişə Hegeli, Spinozanı, Feyerbaxı oxuyanda onların simalarını, üz cizgilərini düşünürdüm. Özlüyümdə onların portretini cızır və söhbət edirdim. Sonra bu məndə bir adət halını aldı. Həmişə müsbət enerji aldığım insanların portretlərini cızıb həmsöhbət oluram. Məsələn Şillerin, Fixtenin ya da elə Kantın öz portretləri mənim üçün həmişə sadə və səmimi görünüb. Çünki onların fəlsəfəsi mənim üçün daha sadə və aydın şəkildə başa düşülüb.

Bu gün Muxtar müəllimin timsalında bir çox elm adamları öz portletlərini yaratmağa nail olub. Öz ziyalı mövqeyini ortaya qoymağı bacarıb. Bu yaxınlarda Muxtar müəllimin saytların birində yayımlanan müsahibəsini oxudum. O qədər dəqiq və həssaslıqla yanaşmasını gördüm ki... Məsələn, bu suala ancaq Muxtar İmanov kimi ziyalı belə gözəl cavab verə bilər:

Meyxananın hazırkı dövrdə bu qədər geniş yayılması sizi narahat edir? Çünki cəmiyyətdə bu barədə fikir müxtəlifliyi var...

-Zövqlər müxtəlifdir. Ola bilsin, meyxana kiminsə xoşuna gəlməsin. Meyxananın bu gün gözümüzün önündə bədahətən, şifahi şəkildə yaranması böyük göstəricidir, onun bir folklor janrı kimi nə qədər əhəmiyyətli olmasına bir sübutdur. Hamı qəzəli, hamı aşıq musiqisini, hamı psixoloji romanı sevirmi? Əlbəttə, yox. İnsanlar ədəbi nümunəni seçməkdə azaddırlar. Meyxanaya qətiyyən qadağa qoymaq olmaz. Əksinə, ona meydan vermək lazımdır ki, özünün bütün gözəl cəhətlərini bizə göstərə bilsin.

Milli adət-ənənələrin qorunub saxlanılması, soykökə bağlılıq, tarixi keçmişimizi unutmamaq kimi vacib məqamlar var bu cavabda. Bu məqamları söyləmək, həm də çəkinmədən söyləmək əsl ziyalı mövqeyidir. Elə təkcə bu mövqeyinə görə Muxtar müəllimin bir şəxsiyyət kimi portreti nəhəng və möhtəşəmdir...

Əslində yazmaq istədiklərim yazdıqlarımla müqayisədə o qədər çoxdur ki... Hələ çox yazmaq olar, hələ çox məqamları qeyd etmək olar. Mənim hələlik gücüm buna çatır. Bəlkə də tələsirəm. İçimdə dalğalanan, heç bir mənfəətə bağlı olmayan, sadəcə bir gənc yazar kimi "Təşəkkür” etmək istəyimi yazı şəklində bildirmək istəyimdi bu yazı. İnanıram ki, Muxtar müəllimin işığından bizlərə də pay düşəcək, biz də bu işığın ali məqamını yaşaya biləcəyik...

Tural Cəfərli

AYB-nin üzvü, prezident təqaüdçüsü