adalet.az header logo
  • Bakı 20°C
11 Aprel 2019 17:07
33602
GÜNDƏM
A- A+

FHN rəsmisi: İran və Azərbaycan həmişə bir-birinə dəstək olub

Humanitar yardım İranın təbii fəlakətdən zərər çəkən zonalarına göndəriləcək.

Bunu Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev İranda seldən zərərçəkənlərə Azərbaycanın humanitar yardımının göndərilməsi ilə bağlı Astara sərhədində baş tutan mərasimdə jurnalistlərə verdiyi açıqlamada deyib.

İ.Abdullayev bildirib ki, bundan sonra qonşu və dost ölkə İranın belə narahatlıq yaradan təbii fəlakətlərin şahidi olmayacağına ümid edir.

FHN rəsmisinin sözlərinə görə, Azərbaycan və İranın münasibətləri qardaşlıq münasibətləridir: "İran xalqı və dövlətinin Azərbaycanın ürəyində yeri var. Azərbaycan qonşu ölkələr, xüsusilə İranın inkişafı və onunla dostluq əlaqələrinin tərəfdarıdır. İran və Azərbaycan həmişə bir-birinə dəstək olub, gələcəkdə də bu proses davam edəcək".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller” və "Komatsu” markalı 2 ədəd ekskavator daxildir.