VƏTƏN SEVGİSİ İLƏ DÖYÜNƏN ÜRƏK
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrlə yanaşı, diaspor quruculuğunda da əsaslı dönüş baş verdi. Hər bir xarici səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanan Ümummilli Lider həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafeyinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Bu gün Azərbaycanı layiqincə təmsil edən bir çox diaspor təşkilatları ilə yanaşı, sadə azərbaycanlılar da var ki, onlar öz yaxşı əməlləri ilə xalqımızın başını uca edirlər. Haqqında söhbət açmaq istədiyimiz Ağamirzə Mirzəağa oğlu Nuriyev məhz belələrindəndir.
Müxtəlif dövlət işlərində çalışan A.Nuriyevi bu gün Xarkovda böyük nüfuz sahibi kimi tanıyırlar. "Atam Mirzəağa kişi də istər Lənkəranda, istərsə də Xarkov şəhərində din xadimi kimi yaxşı hörmətə və nüfuza malik olub,-deyə Ağamirzə bildirir.- Atam dünyasını dəyişəndən sonra onun tutduğu yolu mən davam etdirməyə başlamışam. Hazırda Xarkovda fəaliyyət göstərən "İmam Hüseyn” dini –ictimai cəmiyyətin sədri və bu şəhərindəki məscidin rəhbəriyəm”.
A.Nuriyevlə söhbətdən onu da öyrənirik ki, Ukraynada, o cümlədən Xarkovda diaspor hərəkatı geniş vüsət alıb. Artıq burada milli birliyə nail olunub, bütün qüvvələr soydaşlarımızın bir bayraq altında birləşməsinə səfərbər edilib. Vətənə, torpağa, xalqa böyük məhəbbət bəsləyən Azərbaycanın qeyrətli və təəssübkeş oğulları dost Ukraynada xalqımızın adət-ənənələrini ləyaqətlə qoruyub saxlayır, zəngin mədəniyyətimizlə hamını heyran qoyurlar.
"Biz vaxtaşırı olaraq bir yerə yığışaraq doğma Azərbaycanla bağlı aktual məsələləri müzakirə edir, xüsusilə Qarabağ məsələsindən ətraflı söhbət açaraq erməni daşnaklarının terrorçu millət olmasından, tarix boyu azərbaycanlılara xəyanət toru hörmələrindən danışırıq, - deyə A.Nuriyev sözünə davam edir. – Belə tədbirlərdə ukraynalılar, ruslar, moldovanlar və digər millətlərin nümayəndələri də bizə qoşularaq, xalqımızın başına olmazın müsibətlər gətirmiş namərd qonşularımıza lənətlər yağdırırlar. Həmvətənlərimiz Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində torpaqlarımızın tezliklə erməni işqalçılarından azad olunacağına, qaçqın və məcburi köçkünlərimizin doğma yurd yerlərinə qayıdacaqlarına möhkəm inanırlar”.
Ağamirzə Nuriyevin xeyriyyəçilik fəaliyyəti dəfələrlə Xarkovun mətbuat səhifələrində, Ukrayna televiziya kanallarında işıqlandırılıb. O, dəfələrlə yerli dövlət qurumlarının, ictimai təşkilatların Fəxri fərman, diplom və medalları ilə təltif olunub.Diaspor.info saytının rəhbəri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli A.Nuriyevin həyat və fəaliyyəti barədə sayca özünün beşinci - "Əsrə bərabər ömür" kitabını çap etdirib.
Bəli, ürəyi daim Vətən sevgisi ilə döyünən belə bir həmyerliyə görə adam qürur hissi duyur. İnanırıq ki, öz əxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çoxlarına nümunə olan Ağamirzə Nuriyev bundan sonra da canından artıq sevdiyi doğma Azərbaycana başucalığı gətirəcək.
Ağaddin BABAYEV,
yazıçı-jurnalist.
Lənkəran