adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2019 15:52
15535
DÜNYA
A- A+

HƏRBÇİLƏR DÖVLƏT ÇEVRİLİŞİ ETDİ

Sudan ordusu ölkədə hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri vəzifəsindən kənarlaşdıraraq hökuməti istefaya göndərmək qərarını qəbul edib. Bu barədə ölkənin əl-Mayadeen telekanalı xəbər verib. Bir qrup zabit dövlət televiziyasının binasına daxil olaraq "mühüm bəyanatla" çıxış etməyə hazırlaşır.

Sudan Silahlı Qüvvələrinin keçid dövründə ölkənin təxminən bir il müddətinə idarə olunması üçün Hərbi Şuranın yaradılmasını elan edəcəyi gözlənilir.

Əl-Hadat telekanalının məlumatına görə, prezident qvardiyasının rəhbəri, eyni zamanda keçmiş müdafiə naziri Abdel Rahim Məhəmməd Hüseyn, iqtidar Milli Konqres Partiyasının lideri Əhməd Harun və Sudanın keçmiş vitse-prezidenti Əli Osman Taha həbs edilib.

Prezident əl-Bəşirin sonrakı taleyi haqqında məlumatlar isə ziddiyyətlidi. Yerli özəl televiziya kanalı Əl-Məşhədin sözlərinə görə, o, ölkəni tərk edib. Digər mənbələrə görə isə o, ev dustağıdır. Reuters agentliyi isə hökumət mənbələrinə istinadən prezidentin vəzifəsindən istefa etdiyini bildirib.

Bu arada Xartum küçələrinə minlərlə insan axın edib. Əsas kütlə ordu baş komandanlığının qərargahı qarşısında cəmlənib. 6 nəfərin həlak olduğu hökumət əleyhinə etiraz aksiyaları aprelin 6-dək davam edib. Paytaxt küçələrində əlavə ordu bölmələri və zirehli texnika yerləşdirilib. Polis küçələrdən yoxa çıxıb. Xartum Beynəlxalq Hava Limanı isə bağlanıb.

Sudanda dekabr ayından kütləvi etirazlar səngimək bilmir. Ölkədə yanacaq, çörək və unun qiymətinin qalxması, digər qida məhsullarının kəskin qıtlığına qarşı başlayan kütləvi iğtişaşlar tədricən siysi rejimin dəyişilməsi ilə bağlı şüarlara keçib.

Fevralın 23-da əl-Bəşir mərkəzi hökuməti buraxıb, bütün əyalətlərin rəhbərlərini istefaya göndərmişdi. Ölkənin ağır iqtisadi böhrandan çıxarılması və təcili tədbirlərin görülməsi üçün bir il müddətinə fövqəladə vəziyyət elan etmişdi. Parlament sonradan fövqəladə vəziyyətin müddətini altı aya endirmişdi.

Həmkarlar İttifaqları prezidentin müxalifətlə dialoqa başlama təşəbbüsünü, bu tədbirlərin məhdud və natamam olduğunu əsas gətirərək rədd edib. Onlar əl-Bəşirin istefasını tələb etməklə yanaşı, hakimiyyətin keçid hökumətinə verilməsini tələb ediblər.

Mehriban CƏFƏROVA