adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Aprel 2019 15:48
21845
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİN YEDDİNCİ GECƏ

gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:

- Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizad da bacısına cavabında dedi:

- Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

- Danış.

Qız nağılın ardını danışmağa başladı:

- Baş üstə, gözüm üstə. Şah sağ olsun, insanın həyatında elə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır.

Ramizin də həyatında belə yaddaqalan günlər çox, lap çox olub. Mən indi onların bir neçəsi barədə danışacağam. Bu qəhrəmanımızın yaradıcılığına daha dərindən bələd olmaq üçün əlbəttə ki, çox vacibdir.

Əvvəlcə virtuoz tarzənin çalğısına münasibəti ifadə edən çox həyəcanlı və təsirli epizodlardan birini xüsusi olaraq nəql edəcəyəm. Sonra isə onun yadda qalan günləri haqda söhbətimi davam etdirəcəyəm.

1976-cı ildə Türkiyədə qastrol zamanı İstanbulun ən böyük konsert salonlarından birində Ramiz görkəmli bəstəkar Cahangir Cahangirovun (Onun ruhu şad olsun!) məşhur "Ana" mahnısını özünəməxsus ustalıqla, təravət və şirinliklə çalandan sonra - əslində buna heç çalğı da demək olmazdı, çünki tar sanki dil açıb oxuyurdu - qoca, ağbircək bir ana səhnəyə çıxıb tarzənə ürəkdən minnətdarlığını bildirir və ehtiram əlaməti olaraq onun mizrab tutan barmaqlarını öpmək istəyir. Bundan utanan Ramiz qoymur, əllərini arxasında gizlədərək qadını fikirindən birtəhər daşındırır və tanımadığı qoca ananını qucaqlayıb ona xitabən söyləyir ki, mahnını onun üçün yenidən çalacaq. Qadın heyrətini bildirir. Ramizin bu sözləri isə tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanır.

Qoca ana Ramizdən mizrabını yadigar istəyir. "İntihar etməyə qərar vermişdim. Düşünürdüm ki, dünyada maraq qalmayıb. Demə, bir insan oğlunun barmağından bu cür sehrlənmək olarmış, yenidən dünyaya bağlanmaq olarmış. Öləndə övladlarına vəsiyyət edəcəyəm ki, məni axirət dünyasına yola salanda gözlərimə torpaq tökməsinlər, bu möcüzəli mizrabı gözümün üstünə qoysunlar" - deyir.

Bu epizod İstanbulda çıxan "Axşam" qəzetində "Sehirli barmaqlar" adı ilə çap olunmuş məqalədə çox təsirli bir dillə təsvir olunub. Bu da bəstəkar qəlbinin ehtişamı, tarzən ürəyinin böyüklüyü, sənətin möhtəşəmliyi və əzəməti!

İndi isə Ramizin üç ən vüsətli qastrolu barədə yığcam danışım.

1987-ci ilin oktyabrında Səmərqənddə keçirilən III Beynəxalq Musiqi Simpoziumunda məruzə və məlumatlarla yanaşı xalq musiqisi, bəstəkarların əsərləri də səslənirdi. Amma ərzin hər yerindən buraya gəlmiş dünya şöhrətli alimlərin, bəstəkarların, musiqiçilərin diqqətini daha çox Şərq incəsənətinin incisi olan muğam daha çox cəlb edirdi.

Simpoziumda ifaçılar arasında ən yüksək yerə Ramiz sahib oldu. O, bu beynəlxalq tədbirin bütün iştirakçılarını və tamaşaçıları sözün həqiqi mənasında heyrətləndirdi. Tarzən musiqinin bütün janrlarında - həm solo, muğam ifaçısı kimi, həm muğam üçlüyünün tərkibində və həm də simfonik orkestrin müşayiəti ilə solist kimi çıxış etdi.


Ramiz ilk konsertdə çox mürəkkəb olan "Orta Mahur"u çaldı. Tarzənin dərin musiqi yaddaşı, möcüzəli və təsirli barmaqları sayəsində ifa edilən bu ecazkar muğam hamını sehrlədi.

Muğamın tədqiqi ilə məşğul olan alimlər, musiqişünaslar ifa zamanı Ramizin melodiyaya yeni xallar əlavə etmək, musiqini daha da məlahətli səsləndirən gəzişmələrdən istifadə etmək üçün müəyyən sərbəstliyə yol verdiyini anlayanda isə son dərəcə təəccübləndilər.

Sonrakı konsertlərdə Ramiz kamançaçlan Şəfiqə Eyvazova (Allah ondan razı olsun!) ilə bərabər Sadıqcan muğam üçlüyünün tərkibində xanəndə Alim Qasımovu (Allah ondan razı olsun!) müşayiət etdi.

Yeri gəlmişkən bildirim ki, muğam üçlüyünün digər iki üzvünün - kamançaçalının və xanəndənin xüsusi təqdimata ehtiyacları yoxdur. Çünki onlar Azərbaycan milli musiqi ifaçılığının görkəmli sənətkarlarıdırlar.

Növbəti dəfə Ramiz simfonik orkestrlə birlikdə bəstəkar Ramiz Mirişlinin (Onun ruhu şad olsun!) tar üçün konsertini çaldı. Və... Azərbaycan xalq musiqisinin gözəlliyi və tarzənin yüksək ustalığı hamını elə vəcdə gətirdi ki, tay bu, o sözdən deyil.

Leninqaradlı (Sankt-Peterburq) sənətşünaslıq doktoru, Ümumittifaq Folklor Musiqi Bürosunun və YUNESKO yanında Büynəlxalq Milli Musiqi Şurasının üzvü, xalq musiqisinin tədqiqatçısı İzaliy Zemsovski (Onun ruhu şad olsun!) öz heyranlığını belə ifadə etdi:

"Çox şadam ki, simpozium sayəsində Ramiz Quliyevin yaradıcılığı ilə tanış ola bildim. Onun çıxışı sensasiya idi və dinləyiciləri, münsiflər heyətini riqqətə gətirdi. Gizlətmirəm, o cümlədən, məni də".

Məşhur alman musiqişünası, ənənəvi musiqi şurasının və musiqi cəmiyyətinin prezidenti Yurgen Ştokman (Onun ruhu şad olsun!) isə fikrini bu cür söylədi:

"Mən Humboldt Universitetində (ADR) işləyirəm. Azərbaycan xalqının klassik muğamlarına yaxından bələdəm. Səmərqənddə ilk dəfə olaraq istedadlı tarzən Ramiz Quliyevin ifasında çox mürəkkəb muğamların parlaq, heyranedici çalğısını eşitdim. Onun ifası barədə yalnız məftunluqla danışa bilərəm. Ümid edirəm ki, tezliklə yenidən Azərbaycana gələ biləcək, orda Ramiz Quliyevlə yaxından tanış olacağam və bu viruozun ifa tərzini öyrənəcəyəm".

Əlcazairli musiqişünas alim Əl Səid Ciddi (Onun ruhu şad olsun!) öz duyğularını belə açıqladı:

"İlk dəfədir ki, mən bu musiqi alətinə - tara qulaq asıram və qeyd etməliyəm ki, cənab Ramiz Quliyev qeyri-adi ifaçılıq bacarığına malik sənətkardır. Onun solo ifası mənə xüsusi təsir bağışladı. Tarla simfonik orkestr üçün konsertin ifası olduqca xoşuma gəldi"

Tanınmış fransız musiqişünas alim, YUNESKO-nun Ümumdünya folklor musiqi şöbəsinin baş direktoru Jan Dürinq (Onun ruhu şad olsun!) isə ürəyindəki xoş sözləri dilinə belə gətirdi:

"Fransada Milli Elmi Mərkəzdə işləyirəm və Strasburq Universitetində dərs deyirəm. İran musiqisi sahəsində mütəxəssisəm. ona görə də Azərbaycan musiqisini və muğamlarını sevirəm. Ramiz Quliyevin ifası mənə xüsusi təsir bağışladı. Onun ifası gözəl improvizasiyası, novator xarakteri ilə fərqlənir. Azərbaycan musiqisinin sehri və dərinliyi, Ramiz Quliyevin məharəti Henri, Qlassi, Etel, Raim, Spitzer, Karl Siqnetov Rinzer kimi (Allah onların hamısına rəhmət eləsin!) məşhur musiqişünasların diqqətini dönə-dönə özlərinə cəlb edib".

Görkəmli türk bəstəkarı Adnan Sayqun (Onun ruhu şad olsun!) isə belə söylədi:

"Həyatımda çox tar dinləmişəm, amma böylə çalğı, böylə tar dinləmədim. Ramiz bəy tardakı ifanı elə bir halə gətirmişdi ki, - bu çox çətin işdi. Bədiilik, ustalıq və virtuozluq baxımından onun ifası bənzərsizdir. Bilirəm ki, tarda ən mürəkkəb muğamları çalmaq mümkündür, lakin Ramiz bəyin ifasında simfonik orkestrlə konsert eşitdikdə heyran oldum. O, qədim milli musiqi alətinin yeni imkanlarını açıb göstərdi. Belə ustad sənətkarına görə mən Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Bu cür çoxsaylı rəylərdən biri - əlcəzairli musiqişünas alim X.Monser (Onun ruhu şad olsun!) dedikləri də diqqəti cəlb edir:

"Mən bu alətin səsini ilk dəfə idi ki, dinlədim və onun imkanlarına mat qaldım. Virtuoz Ramiz Quliyevin ifasında muğamlar çox gözəl idi. Simpoziumda ifa olunan tar ilə simfonik orkestr üçün konsert ilə bir daha sübut etdi ki, Ramiz Quliyevin şəxsində Azərbaycan xalqı bədii, estetik və virtuozluq keyfiyyətlərini özündə təcəssüm etdirən gözəl sənətkara malikdir".

Möcüzələr şəhərindəki simpoziumun "ayağı" sayalı oldu. Ramiz heç güman etməzdi ki, onun Səmərqənd səfəri sən demə, Amerikaya qədər uzanacaqmış.

Simpozium başa çatan günü YUNESKO-nun Beynəlxalq Musiqi Cəmiyyətinin vitse-prezidenti Edvinq Kristiesen (ABŞ) və Jan Dürinq (Onların ruhları şad olsun!) Ramiz Quliyevi Amerika Birləşmiş Ştatlarında keçiriləcək Beynəlxalq festivala dəvət edirlər.

YUNESKO-nun xəttilə Səmərqənd simpozimuna gələn dünya şöhrətli musiqiçilərdən ibarət münsiflər heyəti videolentə köçürdükləri konsertlərə təkrar baxıldıqdan sonra yekdilliklə sehirli üçlüyü sənət yarışının qalibi sayırlar. Jan Dürinqin imzası ilə bu virtuoz tiroya Amerika Folklor Musiqisi Cəmiyyətinin 100 illiyinə həsr olunmuş Beynəlxalq festivalında iştirak etmək üçün YUNESKO-nun rəsmi vəsiqəsini verirlər.

Dünyanın mötəbər musiqi sərraflarının yüksək rəyinə əsasən 1988-ci ildə virtuoz trionun "fəqərə sütunu" Ramiz Quliyev, iki qardaşın bir bacısı kamançaçalan Şəfiqə Eyvazova və bənzərsiz xanəndə Alim Qasımovdan ibarət Sadıqcan muğam üçlüyü - milli musiqinin üç yanar qəlbi, üç oxuyan ürəyi Amerikaya - Beynəlxalq festivala yola düşür.

Görəsən Azərbaycan musiqisinə amerikalıların münasibəti necədir? Odlar diyarından olan sənət xadimləri bu sualdan bir qədər narahatçılıq hissi keçirsələr də, ancaq onların əlində iki tutarlı fakt vardı. Birincisi bu idi ki, ötən əsrin 60-cı illərinin əvvəllərində ölməz, əfsanəvi və ecazkar Azərbaycan bəstəkarı Fikrət Əmirovun (Onun ruhu şad olsun!) "Şur" simfonik muğamı Hyu-Yorkun və Bostonun konsert salonlarında böyük uğur qazanmışdı.

İkincisi, sensasiya xarakterli bir informasiya səfər ərəfəsində onların ümidlərinə qol-qanad vermişdi - ölkənin mərkəzi qəzetlərinin səhifələrindən oxumuşdular ki, 1977-ci ildə amerikalılar "Boyacer" kosmik gəmisində yerdənkənar sivilizasiyanın sakinləri üçün milyard il ömrü olan və qızıl suyuna tutulmuş vallar qoymuşlar. O valların birinə qara zurnada çalınan Azərbaycan musiqisi yazılıbmış.

Deməli okeanın o tayında Azərbaycan xalqının musiqi yaradıcılığına hörmət vardır və hətta çox böyükdür. Bu hörməti sənətçilər elə təyyarədən düşən andan hiss ediblər.

Festivalın açılış günü azərbaycanlı peşəkar artistlərə çox yüksək şərəf nəsib olur. Belə ki, YUNESKO-nun qərarına əsasən Sadıqcan muğam üçlüyü ilk çıxışı ilə festivalın təntənəli açılışını edir. Mübaligəsiz demək olar ki, onların ifası o qədər yüksək təsir bağışlayır və uğur qazanır ki, sonrakı turlarda iştirak etmədən sehirli muğam üçlüyü birbaşa yekun konsertlərinə buraxılır.

Eyni zamanda Azərbaycandan gəlmiş musiqiçilərin ifaçılığına böyük marağın və məhəbbətin nəticəsi olaraq artistləri müxtəlif auditoriyalara, hətta Amerika senatorlarının yığıncaqlarına da konsert verməyə dəvət edirlər.

Ramizin bədii rəhbəri olduğu sehirli muğam üçlüyünün müvəffəqiyyəti o dərəcəyə yüksəlir ki, ölkənin ən məşhur və nüfuzlu mətbuat orqanları - "Nyu-York tayms" və "Nyu-York post" qəzetləri, eyni zamanda "Amerikanın səsi" radiosu öz redaksiyalarında dəfələrlə azərbaycanlı musiqiçilərlə söhbətlər aparır, görüşlər keçirir, müsahibələr dərc edirlər.

Bakıdan olan mahir musiqiçilər Amerikaya yola düşəndə bəlkə heç ağıllarına da belə gətirmirdilər ki, dünyanın bu nəhəng ölkəsində ifalarını çox yüksək dəyərləndirəcək, festivalda iştirak edən yüzlərlə kollektiv arasında məhz Sadıqcan muğam üçlüyünün çalğısını "möcüzə" adlandıracaq, onları fəxri kürsünün ən yüksək pilləsində xüsusi diplomla təlfif edəcəklər.

Ramizi isə xüsusi diplomla bərabər, həm də daha bir sürpriz gözləyəcəkdi! Bu sürpriz festivaldan sonra baş tutacaqdı: virtuoz sənətkar, Smitson Folklor Proqramları İnstitunda iki il tar dərsi deməyə dəvət olunacaqdı!

"Azərbaycandan gələn trionun çıxışları yalnız ABŞ dinləyiciləri üçün deyil, həm də festivalda iştirak edən 42 ölkənin bütün nümayəndələrinin hamısı üçün ali mükafat oldu". - Təntənəli bağlanışdan sonra ABŞ Beynəlxalq folklor musiqisi festivalının baş direktoru Robert Adamsın (Onun ruhu şad olsun!) dediyi bu sözlər isə Sadıqcan muğam üçlüyünün virtuoz ifaçılarının qəlbində böyük fərəh hissi doğururdu. Onlar bunu birbaşa milli musiqiyə, Azərbaycan xalqının dühasına və təxəyyülünə verilən böyük qiymət kimi başa düşürdülər.

1989-cu ilin yazında Ramiz Yaponiyaya - bu gündoğar ölkənin məşhur "Minyon" firmasının aprel-may aylarında təşkil etdiyi "Böyük İpək Yolu" festivalına qastrol səfərinə yola düşür. Hər dörd-altı ildən bir keçirilən bu festival adətən 40 gün çəkir.

Yaponların belə bir sözü var, deyirlər ki, onların ölkəsi Tokiodan (Şərq paytaxtı) başlayır. Ramiz də qastrola Tokiodan başlayır və bütün adalarda davam edir.

Çinin, İranın, Misirin və bir çox şərq ölkələrinin musiqiçiləri ilə bərabər Ramiz solist kimi Yaponiyanın 30-dan artıq müxtəlif şəhərində və adalarda bir-birindən maraqlı, geniş və rəngarəng proqramlarla kosertlər verir. Motsartın konsertini, "Karmen" operasından antraktt, Listin "Rapsodiyası"nı, "Yevgeni Onegin" operasından valsı, Azərbaycan bəstəkarlarının mahnı və konsertlərini, əlbəttə, ilk növbədə bir-birindən gözəl və təsirli muğamları yapon dinləyciləri gurultulu alıqşlarla qarşılayır, ölkənin bütün qəzetləri Ramizin virtuoz sənətkarlığı barədə tərif dolu rəylər, resenziyalar dərc edirlər.

Tarzənin böyük ilhamla və şövqlə çaldığı muğamları dinləyicilər xüsusi heyranlıqla alqışlayır, öz məhəbbətlərini uzun sürüən alqışlarla izhar bildirirlər. Müxtəlif ölkələrin tamaşaçıları və dinləyiciləri kimi yaponlar da Şərq klassik musiqisi incilərinin belə yüksək sənətkarlıqla ifasına heç cür biganə qala bilmirlər.

Ramiz "Böyük İpək Yolu" festivalının qalibi kimi qiymətli mükafatla Vətənə qayıdır.

Bəli, qastrollar bir-birini əvəz edir və tarzən Almaniyanın, İraqın, İranın, Misirin, Suriyanın, Afrika respublikalarının, İngiltərənin, Fransanın, Amerika Birləşmiş Ştatlarınnın, Pakistanın, Əfqanıstanın, Hindistanın, Banqladeşin, Hollandiyanın, İsveçin, Belçikanın, Almaniya Demokratik və Fedarativ respublikalarının, Türkiyənin, Orta Asiya respublikalarının və dünyanın adını çəkə bilmədiyim ən məşhur şəhərlərində qastrol zamanı həmişə tamaşaçıları yalnız nuğam incilərini misilsiz ustalıqla ifa etməsilə deyil, həm də parlaq konsert proqramları ilə valeh edir.

Şərqin, Qərbin, Avropanın, Latın Amerikası ölkələrinin dinləyiciləri təsəvvürlərinə belə gətirə bilməzdilər ki, milli çalğı aləti olan tarda orkestrin müşayiəti ilə bəstəkarların əsərlərini belə parlaq şəkildə ifa etmək olar. Ağlagəlməyən müvəffəqiyyətlər, əcnəbilərin Azərbaycan xalq musiqisinə sonsuz marağı Ramizi heyran edirdi. Dinləyicilər onu ayaq üstə xüsusi məftunluqla, səmimiyyətlə və çılğıncasına alqışlayır, tarzəni uzun müddət səhnədən buraxmırdılar.

Qəzetlər Ramizin konsertləri barədə tərifli rəylər dərc edir, ustad tarzənin virtuoz ifasını xüsusi olaraq vurqulayır, onu "Şərqin Paqaninisi" adlandırırdılar. Əfqanıstan qəzetləri isə azərbaycanlı ifaçını yüksək qiymətləndirir, Ramizin barmaqlarını "Şərqin ən şirin barmaqları" kimi dəyərləndirirdilər.

Hər yerdə qazanılan yüksək müvəffəqiyyətlər, Azərbaycan xalq musiqisinə olan dərin maraq Ramizi ruhlandırır və sübut edirdi ki, əsl gözəllik, xeyirxahlıq, sülh və insanpərvərlik üçün ərzin bütün guşələrində insanların ürəkləri həmişə açıqdı.

Mətləbdən uzaq düşməyim. İndi sizə Ramizin ifa etdiyi muğamlardan bəhs edim.

Əvvəla bunu deyim ki, Azərbaycan xalq musiqisinin müxtəlif janrları içərisində muğamlar - muğam janrı əsas və görkəmli yerlərdən birini tutur.

Muğamat azərbaycanlıların zövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir və asanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədə bələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdən çalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çox yaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.

(ardı qəzetin

16 aprel tarixli sayında)