adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Aprel 2019 15:34
15122
MƏMLƏKƏT
A- A+

İkinci paleolit düşərgəsi

Bəşər sivilizasiyasının Azərbaycana bəxş etdiyi, yaşı milyon illərdə ölçülən nadir maddi-mədəniyyət abidələrinin bir qismi ölkəmizin cənubunda- Lənkəranın, Lerikin, Astaranın, Masallının, Yardımlının ərazisindəki uca dağlarda məskunlaşmışdır. Dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən, Lerik rayonunda qədimiliyinə, tipologiyasına, çoxluğuna, zənginliyinə görə arxeoloq alimlərinin, səyyahların, təbiblərin, etnoqrafların diqqətini cəlb edən qədim yaşayış məskənləri, maddi-mədəniyyət abidələri, daş-qutu qəbirləri, kurqanlar ulu babalarımızın barmaqları ilə yaradılmış sənət əsərləri-tarixin daş yaddaşı-daşlaşmış poeziyadır. Bu abidələr zəngin mədəni irsimizin daşıyıcısıdır. Azərbaycanın dünyaya tanıdılması baxımından əvəzsiz əhəmiyyətə malikdir, gələcək nəsillər üçün çox maraqlıdır, fundamental elmi-tədqiqat işi aparmağı tələb edir. Maddi-mədəniyyət abidələri dövlət səviyyəsində, kompleks şəkildə öyrənilməlidir, bunun zamana ehtiyacı var.

XIX əsrdən başlayaraq Lerik rayonunun ərazisində aparılmış kəşfiyyat xarakterli arxeoloji qazıntılar zamanı məşhur fransız arxeoloqu və səyyahı Jak de Morqan (1857-1924), qardaşı Henri və həmyerlisi K. Şatterlə birlikdə 1890-cı ildə maraqlı elmi nəticələrə nail olmuşlar. Onlar qadim yaşayış məskəni olan dağlarda 230-a qədər qəbir abidəsi açmış, əldə etdikləri zəngin maddi-mədəniyyət nümunələrinin bir qismini Fransanın Sen-Jermen şəhərindəki muzeyə təhvil vermişlər. Bu eksponatlar böyük elmi-texniki əhəmiyyətə malikdir. Fransız arxeoloqları elmi əsərlər yazmaqla tədqiqatlarını bütün Avropaya yaymışlar. Jak de Morqan aşkar etdiyi qəbul abidələrinin zənginliyindən heyrətlənmiş, Fransaya göstərdiyi məktubda heyranlıqla yazmışdı: "Mən əsl arxeoloji cənnətə düşmüşəm".

Azərbaycanın arxeoloq alimlərindən M. Hüseynov F. Mahmudov, İ. Əzimbəyov, A. Ələkbərov, Ə.Cəfərov, Q. Qoşqarlı, İ. Nərimanov və başqaları maddi-mədəniyyət abidələrinin üzə çıxarılması, öyrənilməsi, tədqiqi üçün xeyli iş görmüşlər. Azərbaycan Milli Elmlər Akademiyası Paleolit Arxeoloji Ekspedisiyası 1985-ci ilin yayından başlayaraq Lənkəran-Astara, Lerik və Masallı rayonlarının dağlıq ərazilərində arxeoloji-kəşfiyyat işləri aparır. Ən yaxşı elmi nəticə Lerik rayonunun ərazisində əldə olunmuşdur. Kəşfiyyat qazıntıları zamanı qeydə alınmış Zuvançay mağarası bölgədə ibtidai insanların yaşaması üçün coğrafi baxımdan əlverişli olduğunu söyləməyə əsas vermişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeoloji şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov 2011-ci ildə ilk dəfə olaraq Zuvandçay mağazasında arxeoloji kəşfiyyat işləri həyata keçirməyə başlamışdır. Alim tapılan daş məmulatının texniki və tipoloji xüsusiyyətinə əsasən əmək alətlərinin Mustye mədəniyyəti dövründə hazırlandığını bildirmişdir. Professor Əsədulla Cəfərov Qarabağın paleolit düşərgələrinin arxeoloji mədəniyyətləri barədə yazır: "Bu dövrün maddi-mədəniyyət qalıqları ilk dəfə Fransanın Lö-Mustye mağara düşərgəsində müəyyən olunduğuna görə tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri Şimali və Şərqi Afrikada, Avropada, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri ərazisində istər mağara və istərsə də açıq paleolit düşərgələrindən tapılmışdır.

Mustye mədəniyyəti dövrünün sakinləri neandertal tipli insanlar olmuşlar. Onlar yaşamaq üçün özləri mağaralarda,açıq yaşayış yerlərində,qaya sığınacaqlarında və komalarda yaşayış məskəni hazırlayırdılar. Neandetral tipli insanlar düşərgələrdə yaşayış tikililərini, əsasən nəhəng qaya daşlarından və iri heyvan sümüklərindən düzəldirdilər".

Alimlərin apardığı arxeoloji qazıntılar, aşkar edilmiş maddi-mədəniyyət qalıqları əsasında Zuvandçay mağara-düşərgəsində ibtidai insanların burada 130 min il bundan əvvəl məskunlaşmasını söyləməyə imkan verir. Ən mühüm yenilik də bundan ibarətdir ki, burada qeydə alınmış çöküntülərin qalınlığı daha çox diqqəti cəlb edir, mağarada qədim insanların yaşayış sahəsi 600 kvadratmetrə bərabərdir. Alimin fikrincə, yaşayış sahəsinə görə yeni qeydə alınmış Zuvandçay mağarasını Azərbaycanın Qarabağ ərazisində qeydə alınmış Azıx paleolit düşərgəsindən sonar ikinci paleolit düşərgəsi hesab etmək olar.

Zuvandçay mağara-düşərgəsində arxeoloji kəşfiyyat işləri uğurla davam etdirilir. Zuvandçay düşərgəsində qeydə alınmış yaşayış sahəsinin həddindən artıq böyük olması və strafiqrafiyanın zənginliyini və qədim mağarada uzun müddət ərzində uğurlu arxeoloji qazıntının aparılmasını zəruri edir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin, mədəni irsinin dünyaya tanıdılması üçün təkcə mərkəzi regionlarda deyil, respublikanın ən ucqar rayonlarında , məsələn, Lerik rayonunda mühüm layihələr həyata keçirilir. İndi qədim yaşayış yerlərində aşkar edilən arxeoloji abidələr əcnəbi mütəxəssislərin gözləri qarşısında ortaya çıxır. Bu da azərbaycanlıların minilliklər boyu doğma torpaqlarda məskunlaşmasını təsdiqləyir, dünya ictimaiyyətinə çatdırır. Abidələrinin çoxluğuna və zənginliyinə, əhəmiyyətinə görə dünyada tanınan Azərbaycanda tarixi-memarlıq abidələrinin bərpası, qorunması və arxeoloji-kəşfiyyat işlərinin aparılması sahəsində bu gün dövlət səviyyəsində səmərəli işlər həyata keçirilir, bu da ulu əcdadlarımızın yadigarlarının bəşəriyyətə məxsus olduğunu göstərir.

İdris Şükürlü,

Əməkdar jurnalist