adalet.az header logo
  • Bakı 18°C
11 Aprel 2019 13:32
15117
SİYASƏT
A- A+

DAŞKƏNDDƏ VƏ BMT TŞ-dakı «SXODKALAR»

Xəbərləri izləyirəm… Daşkənddə «qanuni oğruların» «sxodkası» keçirilib. Keçmiş possovet ölkələrinin ən sayılan kriminal avtoritetləri nəzarət zonasının bölüşdürülməsi üçün Özbəkistanın paytaxtına yığışıblar. «Bratva» «obşakın» təşkili və bölünməsi məsələlərini kriminal aləmin ən nüfuzlu nümayəndələri ilə müzakirə ediblər və s.

Sonra isə növbəti xəbərdə dünyanın aparıcı dövlətləri BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ, Rusiya, Çin və digər dövlətlərin «avtoritetlərinin» Venesuelanın enerji resurslarının bölüşdürülməsi ilə bağlı «sxodkası» barədə məlumat verilir.

ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuela prezidenti Nikolas Maduronu «neprav» çıxararaq onun BMT-dəki daimi nümayəndəsi Samuelo Monkadeyə iclası tərk etməsini əmr edib: «Cənab səfir, siz burada iştirak edə bilməzsiz. Gedin prezidentinizə deyin ki, onun vaxtı artıq başa çatıb». Pens daha sonra əlavə edib ki, «bu yığıncaqda yeni «taclandırılmış» Xuan Quaydonun nümayəndəsi iştirak etməlidi».


Pensdən sonra çıxış edən Rusiya Federasiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çıxış üçün ona verilən vaxtı müəyyənləşdirən qum saatını çevirən TŞ-nın sədri Kristofer Xoyqsenə tərəf çevrilərək heç də aşağı ranqlı birisi olmadığını nümayiş etdirib: «Siz o qum saatını istədiyiniz qədər çevirə bilərsiniz, mən nə qədər istəsəm o qədər danışacağam»- deyərək Rusiyanın nüfuzunun heç də ABŞ-dan geri qalmadığını göstərib. «Venesuelanın daimi nümayəndəsini qanuni hökumət təyin edib və BMT-nin Baş Assambleyası onu təsdiq edib»- deyərək əsl «tacın» sahibinin hələ də Nikolas Maduro olduğunu bildirərək Xuan Quaydonun qaydalara zidd olaraq «taclandırılmasını» «priznavat» etmədiklərini bəyan edib.

Peru və Fransa nümayəndələri ABŞ-ın mövqeyini dəstəkləyərək Venesuelada baş verən hadisələrdə Maduro rejimini günahlandırıblar. Avropa dövlətləri də ABŞ-ın yanında olduqlarını bildiriblər.

Belarusiya, Boliviya, İran, Çin, Kuba, Nikaraqua, Salvador, Suriya, Türkiyə, Meksika, İndoneziya isə Rusiyanı dəstəkləyərək Xuan Quaydonun prezident statusunu «priznavat» etməyiblər.

«Qanuni oğruların» Daşkənd «sxodkasında» müəyyən razılaşmalar əldə olunsa da, BMT TŞ-nın iclasında Venesuelanın enerji resurslarına kimin nəzarət edəcəyi məsələsi yenə də açıq qalıb. TŞ-nın daimi üzvləri Rusiya və Çin ABŞ-ın bu ölkəyə təkbaşına nəzarət etmək istəyinə «veto» qoyublar.

Rüstəm HACIYEV