adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2019 09:56
4449
GÜNDƏM
A- A+

İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsindən bir il ötür

İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam olur.

Adalet.az xəbər verir ki, İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qalib olub. O, seçicilərin 76,8% səsini toplayaraq prezident seçilmişdi. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə İlham Əliyev seçicilərin 86,02 faizinin səsini toplayıb.

İlham Əliyev son prezident seçkisində qələbəsinin dərhal ardından imzaladığı ilk fərmanla şəhid varislərinə 11 min manat birdəfəlik yardımın verilməsini təmin etdi. Proses zamanı isə şəhid ailələri ilə şəxsən görüşərək, onları dinlədi və vaxtilə yardım aldığı üçün hazırkı fərmanın əhatə dairəsindən kənarda qalan şəhid ailələrinin də yardımdan bəhrələnməsinə qərar verdi. Səbəb isə həmin yardımın hazırkı məbləğlə müqayisədə çox az olması idi. Prezident bununla bir daha heç kimi diqqətdən kənarda qoymadığını nümayiş etdirdi.

Onun şəhid ailələrinə və Qarabağ qazilərinə şəxsi münasibəti isə ölkə ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı.

Eyni münasibət bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyərkən də göstərildi. Hadisədən dərhal sonra Prezident zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi.

Zəlzələ nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək Prezident və Birinci vitse-prezidentin iştirakı ilə sahiblərinə təqdim olundu.


Prezidentin zərərçəkən ailələrlə görüşü, ünsiyyəti isə bir daha İlham Əliyevin xalqa sevgisinin bariz nümunəsi idi. Xüsusilə zəlzələ zamanı evi dağılan Saray nənə ilə Prezidentin görüşü ölkə gündəmini həftələrlə zəbt etdi. Bu, Prezident-Xalq münasibətinin və qarşılıqlı sevgisinin nümunəsinə çevrildi.

Prezidentin "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğından dərhal sonra müşavirə keçirməsi, məsələ ilə əlaqədar Komissiyanın yaradılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi də "İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” fikrini təsdiq etdi. Dövlətin heç bir öhdəliyi olmadığı halda ziyan çəkən vətəndaşlarının yanında olduğunu Prezident İlham Əliyevin simasında göstərdi.