adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2019 16:27
21474
MƏDƏNİYYƏT
A- A+

Büllur səslər sorağında - Akif Cabbarlı yazır

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən "Muğam Televiziya Müsabiqəsi - 2019" yarışmasının bir ayı arxada qaldı. Ötən müddətdə yaşananlar bütün təfərrüatı ilə əyani olaraq göstərdi ki, sayca 7-ci müsabiqədə iştirak edən gənclərimiz də Azərbaycan Böyük Muğam Evinin səlahiyyətli sakinləri kimi gələcəkdə klassik musiqimizin keşiyində dayanmaq iddiasındadırlar. Bu yarışma ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gənc istedadlara misilsiz qayğısının mahiyyətindən, muğam sənətinin daha uğurlu perspektivlərə hesablanmasından soraq verir.

Üç ay davam edəcək bu müsabiqə də şübhə yoxdur ki, muğamın dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə incəsənətimizə, musiqi və mədəniyyətimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.


Ölkəmizin bir sıra regionlarını təmsil edən gənc ifaçıların Bakı yarışması bir çox xarakterik cizgiləri ilə yaddaşlarda qalacaq. Hələ bərkdən-boşdan çıxmamış, bulaq suyu kimi saf, zərif, kövrək, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları, səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, qiymətlidirlər. Kollec və konservatoriya auditoriyalarında professional muğam bilicilərindən, ustadlardan öyrəndiklərini minlərin, milyonların qarşısında özlərinin və bizim hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecazkarlığını qat-qat artırır, ülviləşdirir. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir - kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və ... uğurlu sonluq. Sonra münsiflər heyəti üzvlərinin - Xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, Səkinə İsmayılovanın, Mələkxanım Əyyubovanın, Mənsum İbrahimovun, Əməkdar incəsənət xadimi Sərdar fərəcovun və layihənin icraçısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sanballı qeyd və iradları, tövsiyə və tapşırıqları. İfaçılara layiq olduqları qiymətlər verilir. Hamı da razı qalır - tamaşaçılar da, ifaçılar da. Çünki ustadlardan heç birinin çıxışında hər hansı qərəz hissi, biganəlik meyli duyulmur. Hədəf birdir - gənclər səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, qəzəllərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar. Münsiflər heyəti üzvlərinin qətiyyəti, prinsipial mövqeyi, eyni zamanda humanist davranışı, musiqiçilərin ifaçıları son dərəcə bacarıqla müşayiəti, teleaparıcılar - Emil Şahzadə və Nurlana Cəfərovanın səriştəliliyi, salonda əyləşən söz-sənət xiridarlarının həssas münasibəti müsabiqəni bir kompleks halına gətirir, bütövləşdirir.

Hər bir yarışmadan əvvəl Azərbaycan muğam korifeylərindən birinin ifasının video-yazısının nümayişi, ölkəmizin həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlərin çatdırılması Azərbaycan Televiziyasının yaradıcı heyətinin və texniki personalının gərgin əməyinin, ciddi axtarışlarının effektivliyindən xəbər verir. Son vaxtlar Azərbaycan Teleradiosunda həyata keçirilən uğurlu islahatlar özünü muğam müsabiqəsi yarışmalarının təqdimində də əyani göstərir və bu yolda həmkarlarıma yeni-yeni uğurlar arzulayıram.

Müsabiqə davam edir. Kimin qalib gələcəyi, hansısa yeri tutacağı barədə indidən qəti fikir söyləmək, proqnoz vermək əlbəttə ki, çətindir və bunu zaman göstərəcək. Amma subyektiv düşüncələrimə əsasən, Türkanənin, Vəlişin, İlahənin, Sumanın, Muradın, Faiqin, Rəvanın və digərlərinin uğurlu ifaları onu deməyə əsas verir ki, Böyük Səhnəyə iddialı olan istedadlı gənclərimizin qarşısında həmişə muğamatımızın, bütövlükdə incəsənətimizin hamilərinin və ustad sənətkarlarımızın alovlandırdığı gur, yaşıl işıq yanır.

Uğur olsun!