adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Aprel 2019 10:20
13762
SİYASƏT
A- A+

TÜRKİYƏ TƏKRAR SEÇKİLƏRƏ GEDƏCƏKMİ?

Türkiyədə keçirilən bələdiyyə seçkilərindən 11 gün vaxt ötməyinə baxmayaraq seçki dartışmaları bitmədiyi üçün ölkə hələ də seçki gündəmiylə yaşamaqda davam edir. Seçkilərin ümumi nəticələrinə görə hakim Ədalət və İnkişaf Partiyası (AKP) son illərdə keçirilən seçkilərdə qazandığı nəticələri aşağı-yuxarı təkrarlayaraq ölkə üzrə ən çox seçici səsi toplasa da, faktiki olaraq seçkidən məğlub durumda ayrılıb. Məsələ burasındadır ki, AKP ölkənin bütün böyük şəhərlərini, türklərin təbirincə desək, Böyükşehir bələdiyyə başqanlığı postlarını əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərinə uduzub. Nəticədə İstanbul, Anqara, İzmir, Antalya və s. iri şəhərlər müxalifətin əlinə keçib. Türkiyədə bələdiyyələrin bizdəki kimi arabanın beşinci təkəri rolunu oynamadığını, real səlahiyyətlərə, üstəlik, siyasi çəkiyə malik bir idarəçilik orqanı olduğunu nəzərə alsaq, məğlubiyyətlə barışmaq istəməyən, bu səbəbdən də hər vəchlə seçki sürəcini uzatmağa çalışan AKP-nin əndişəsini anlamaq mümkündür.

Hakim partiya və onun lideri ölkənin nəbzinin məhz böyük şəhərlərdə vurduğunu, həmin şəhərlərdə hökm sürən siyasi ovqatın tezliklə bütün Türkiyəni bürüyəcəyinin fərqindədirlər. İstanbul xaric digər böyük şəhərlərdə etirazın heç bir nəticə verməyəcəyini yaxşı bilən AKP (hərçənd, siyasi ehtiraslarını cilovlamağı bacarmayaraq üç faizlik üstünlüklə uduzduqları Anqarada da təkrar sayım testləri keçirməkdən özlərini saxlaya bilmədilər) bütün potensialını məhz İstanbulun üzərinə cəmləyərək orda hər vasitə ilə öz namizədini qalib çıxartmaq, bu mümkün olmadıqda isə seçkilərin nəticələrini bütövlükdə ləğv edərək yeni seçkilər keçirmək xəttini tutub. Hakim partiya təkcə böyüklüyünə və yar-yaraşığına, strateji əhəmiyyəti və siyasi - iqtisadi potensialına görəmi nəinki Türkiyənin, eləcə də dünyanın ən nəhəng şəhərlərindən biri sayılan İstanbulu itirmək istəmir? Əsla yox. İstanbulu AKP və onun lideri üçün vazkeçilməz edən səbəblər siyasətdən daha çox mistikayla bağlıdır. Ərdoğan ilk dəfə böyük siyasətə məhz bu şəhərdən atılıb, 1994-cü ildə onun bələdiyyə başqanı postuna seçilməklə başlayıb. Doğrudur, Ərdoğan 1998-ci ildə mitinqlərin birində Ziya Göyalpın "Əskər duası” şeirinin bir bəndinin təhrif olunaraq islamlaşdırilmış variantını oxuduğuna görə aldığı on aylıq həbs cəzası səbəbindən həmin görəvini axıra kimi icra edə bilməmişdi. Amma əsas odur ki, elə həmin vaxtdan ta bu günə kimi İstanbul bələdiyyə başqanlığı vəzifəsi onun təmsil etdiyi dini-siyasi kəsimin ("Rifah”, "Fəzilət” və nəhayət, AKP-nin) əlindədir. İndi bu mühüm postun itirilməsi, çox güman ki, onların təsəvvüründə gələcəyin qorxunc müjdəsi kimi assosasiya olunur.

Təsadüfü deyil ki, İstanbul bələdiyyə seçkilərinin bütün ağırlığını həmişə Ərdoğan öz çiyninə götürür. Elə axırıncı seçkilərdə də təbliğat kampaniyasını Binəli Yıldırımdan çox onun özünün apardığına görə bir çoxları belə hesab edir ki, Əkrəm İmamoğlu məhz Ərdoğana qalib gəlib. Bunu həzm eləməksə razılaşın ki, son 20 ildəki bütün seçkilərin favoriti olmuş bir lider üçün xeyli ağırdır. İstanbul məğlubiyyətindən çəkdiyi acılar məhz elə bu səbəbdən artıq onun davranışlarında da açıq-aydın özünü göstərir. Xatırladaq ki, Ərdoğanın son illər qazandığı və Şərqdən-Qərbə demokratik seçkilərin mövcud olduğu bütün ölkələrdəki siyasətçilərin həsəd apardığı siyasi uğurları təkcə söykəndiyi ideologiyadan yox, həm də xarizması və natiqlik qabiliyyətindən qaynaqlanır. Amma bu mövzudan danışarkən onun nitqinin yavaş-yavaş korşaldığı hiss olunur. Qələbə üçün bir səsin də kifayət etməsinə baxmayaraq "13-14 minlə seçkimi qazanılır” kimi absurd fikir səsləndirir, sonra da "seçki bir səslə də qazanıla bilir” – deyə özünü təkzib edir.

Düz on gündür ki, AKP, heç şübhəsiz ki, öz liderinin göstərişi ilə gah burda, gah başqa bir yerdə təkrar sayımlar keçirmək üçün Mərkəzi Seçki Komissiyasına etiraz dalınca etirazlar göndərir. Məqsəd Əkrəm İmamoğlunun səsini məhz o mistik, elə mistik olduğuna görə də əlçatmaz sayılan 1 rəqəminin altına salmaqdır. Ancaq MSK-nın əsaslı sayaraq təkrar sayım qərarı verdiyi bütün məntəqələrdə səslərin sayılması tamamlansa da fərq 15 min civarında qalmaqdadır. Odur ki, bu hoqqnın keçmədiyi yəqinləşəndən sonra gündəmə başqa hoqqalar çıxardılmağa başlanıb.

Milliyyətçi Hərakat Partiyası (MHP) başqanı Dövlət Bağçalı təkrar sayımların heç bir nəticə verməyəcəyini hələ beş-altı gün bundan qabaq başa düşmüşdü. Ya da elə AKP özü bunu beş-altı gün əvvəl başa düşərək, D. Bağçalıya hazır olmağı tapşırmışdı. Bütün seçkilərdə əsas hədəfi hakimiyyətə gəlməkdən daha şox seçki barajını aşmaqdan ibarət olan MHP iki il öncə parçalandıqdan sonra AKP ilə ittifaq bağlamağa (oxu: AKP-nin çətiri altına keçməyə) məcbur oldu. "Cümhur İttifaqı” adlanan bu AKP-MHP ittifaqını hər iki tərəf üçün zəruri edən əsas amillər isə AKP-nin parlament çoxluğuna sahiblənmək, MHP- nin parlamentə düşmək istəyidir.

MHP və onun başqanı bir çox kritik məqamlarda AKP-yə hava-su kimi lazım olur. Məsələn, ötən il keçirilən parlament və prezident seçkiləriİni qabağa çəkmək ehtiyacı yaranmışdı. Ölkədəki iqtisadi böhranın getdikcə dərinləşməsi fonunda AKP, MHP-dən qopan İYİ partiyanın sürətlə təşkilatlanması fonunda isə MHP ciddi elektorat itkisiylə üz-üzə qalmışdı. Dövlət Baxçalı seçkiləri irəli çəkməklə bağlı təklif verdi, Ərdoğansa dərhal onunla görüşərək həmin təklifi bəyənərək həyata keçirdi. İndi MHP başqanı daha bir "özəl” təkliflə – böyük şəhərlərdə təkrar bələdiyyə seçkiləri təklifiylə çıxış edib. Məhz böyük şəhərlərdə, məhz AKP-nin uduzduğu şəhərlərdə. Sual olunur: bu təklifi irəli sürən qosqocaman bir partiyanın liderinin maraqları nədir? Axı, həmin şəhərlərdə keçiriləcək yeni seçkilərdə MHP namizədinin heç dördüncü və ya beşinci yeri tutmaq şansı da yoxdur. Təbii ki, o, növbəti dəfə AKP-nin yaxşı halda arzularını dilə gətirir, pis halda onun tapşırığını yerinə yetirir – bir sözlə, ələkçinin qıl verəni rolunda çıxış edir.

İstanbulda ilkin seçkilərin keçirilməsi barədə qərar verilsə, yeni seçkinin nəticələrindən asılı olmayaraq məğlub tərəf iqtidar olacaq. Əvvəla ona görə ki, bu çox ciddi dartışmalara, qarşıdurmalara, proqnozlaşdırılması çətin olan sərt siyasi etirazlara yol aça bilər. Bu isə istənilən halda iqtidarın ziyanınadır. "Vəziyyət nə qədər pisləşsə bir o qədər yaxşıdır”- istənilən ölkədə müxalifətin ən sevimli tezisi budur.

Təsadüfi deyil ki, bu gün CHP başqanı Kamal Qılıcdaroğlu da öz koalisiya ortağı, İYİ Partiya başqanı Maral Ağşənərlə birgə verdiyi açıqlamada MSK- ya yönəlik təkliflərini səsləndirərkən onu düzgün qərarlar verməyə çağıraraq bildirib ki, bu qurumun qərarları ya ölkəni aydınlığa çıxardacaq, ya da xaosa sürükləyəcək. Ağşənərsə xaosun artıq yaşandığını söyləyib: "On gündür ki, ölkədə xaos yaşanır… Qazananadək seçim yapmaq istəyirsən. Böylə bir şey olurmu?”

İkincisi, yeni seçkilər, heç şübhəsiz, AKP elektoratının mühüm bir qismində narazılıq yaradacaq, CHP elektoratınısa daha sıx birləşdirəcək. Çünki yeni seçki qərarının ədalətsizliyini sübut etmək üçün heç bir hüquqşünas, siyasətçi, ekspert şərhinə ehtiyac yoxdur, bunu ən adi obıvatel gözüylə də görmək mümkündür. Zəmanə haqqında nə qədər bədgüman olsaq da, hələ ki, istənilən cəmiyyətdə bu hissi öz həyat meyarı sayan yetərincə insan mövcuddur.

Nəhayət, üçüncüsü, yeni seçki qərarı (hətta belə bir seçkidə AKP namizədi yarızor, yarıxoş qalib gəlsə də belə) birbaşa R.T. Ərdoğanın özünün indiyə kimi qoruyub saxladığı şəxsi nüfuzuna heç vaxt düzəlməyəcək ağır zərbə vuracaq.

P.S. Yazı sayta qoyularkən Ərdoğan-Baxçalı görüçünün başa çatmasıyla bağlı məlumat yayılsa da, təfərrüatlar barədə heç nə deyilmirdi. Həmin görüşdə təkrar seçkilər barədə müzakirələrin keçirilib-keçirilməməsindən asılı olmayaraq bu yöndə təkliflər səsləndirməyin özü yuxarıdakı qənaətlərə gəlmək üçün yetərlidir.


M.Məmmədov