adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Aprel 2019 16:07
20269
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİN ALTINCI GECƏ

gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:

- Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizad da bacısına cavabında dedi:

- Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

- Danış.

Qız nağılın ardını danışmağa başladı:

- Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, beş illik ali təhsildən sonra Ramiz Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar və dirijorluq ixtisasları üzrə qırmızı diplomla - Fərqlənmə diplomu ilə bitirdi.

Konservatoriyanı bitirib müstəqil sənət yoluna qədəm qoyduğu ilk illər Ramizin həyatına bir çox gözlənilməz yenilklər gətirdi. Həmin illər onun nəinki Azərbaycanda, hətta onun sərhədlərindən uzaqlarda şöhrət qazandığı illər oldu və yorucu, lakin nəticə etibarilə mühüm olan konsert səyahətləri üçün yol açıldı.

Digər tərəfdən də Ramizin eyzən ixtiyarında olan itaətkar melodik ilham və daim inkişaf edən ifaçılıq texnikası onu böyük uğurlara səslədi. O, xalq və klassik musiqinin qaynar bulağından bəhrələndikcə yeni-yeni müvəffəqiyyətlər əldə etdi.

Yunan alimi Sokrat (Onun ruhu şad olsun!) belə bir kəlam söyləyib ki, 12 yaşından 16 yaşına qədər yeniyetmə, 16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan olan hər bir insan 28-dən sonra artıq öz sözünü deyən adam olmalıdır.


Bu həqiqəti dərk edən Ramizin yaşının 28 olmasını gözləməyə sabri çatmadı. Elə 27 yaşında (hərçənd ki, 15 yaşında "Şur" ansamblının tərkibində Moskvada çıxış eləmişdi) öz sözünü geniş mənada ölkə səviyyəsində dedi - 1974-cü ilin iyun ayında Zaqafqaziya musiqiçilərinin Yerevanda keçirilən "Sayat Nova" adına musabiqəsində onun ifasında yüksək şövqlə və həvəslə səslənən "Eşqinlə", "Ah çəkmədim" və başqa əsərlər öz səmimiliyi və təsirliliyi ilə münsiflər heyətinin üzvlərinə və dinləyicilərə fövqəladə dərəcədə xoş gəldi, onların dərin marağına səbəb oldu.

İfadakı hisslərin oynaqlığı, musiqi obrazlarının zənginliyi və rəngarəngliyi ilə bərabər gənc tarzənin şəxsi keyfiyyətləti - ehtiraslı enerjisi, cəsarəti, hissiyyatının qüvvəsi də daha kəskin surətdə nəzərə çarpdı.

Azərbaycan tarına məxsus parlaq ənənələrə böyük ustalıqla yanaşması və bunların vasitəsilə tarın ifaçılıq imkanlarının genişliyindən bacarıqla istifadə etməsi nəticəsində yüksək və həm də bənzərsiz bir sənətkarlıq məharətinə nail olan Ramiz Bakıya müsabiqənin qalibi kimi Qızıl medalla qayıtdı. Həmin ilin oktyabrında isə...

O, bir payız günlərində Moskvanın Mərkəzi İncəsənət İşçiləri Evində başlanan estrada artistlərinin beşinci Ümumittifaq müsabiqəsində SSRİ-nin hər yerindən gəlmiş min nəfərdən çox ifaçının sırasında həyəçanlı dəqiqələr keçirdi.

Konsertlər zamanı gurultulu alqışlar, səhnəyə çağrışlar, əzəmətli təzimlər, yorğunluq, əllərin və nəzərlərin görüşməsi, fikrlərin ilk sözdən, narahatlıqların ilk sədadan başa düşülməsi, qaynar Moskva küçələri, qızıl payızın hənası ilə xınalanan qollu-budaqlı ağaclar, axşam səmasında buludların arasından parıldayan ulduzlar - bütün bunlar gənc tarzəni həyəcanlandırmışdı.

Bu həyəcanlar musiqidə öz əksini tapdı, Ramizin barmaqları altında qəribə və ecazkar melodiyalara çevrildi, minlərlə dinləyicinin qəlbində dərin kök saldı. Bunlar yalnız başlanğıc, böyük və uzun həyat yolunun və hisslərin rəhni idi.

Ramizin ifalarındakı poetik məhəbbətin gözəlliyi isə nə kitablardan, nə də alovlu fantaziyadan doğurdu. Bu alov xoşbəxtlik və iztirabın qəlbdən vurub çıxartdığı alov idi!

O müsabiqədə hər dəfə estradaya (səhnəyə) çıxıb tarı sinəsinə sıxanda sonsuz mürəkkəb notlardan və templər haqqında göstərişlərdən ibarət olan partituranı canlı, vahid musiqi əsərinə çevirirdi.

Tarzən mənimsədiyi çox sərrast və dəqiq ifaçılıq üslubunu, diqqətlə seçdiyi, cilaladığı müxtəlif səciyyəli ştrixləri məharətlə işə salır, melodizmlərə, rəvan intonasiyaya, qəfil, təbii keçidlərə, yığcam gəzişmələrə, registr qarşılaşdırmalarına, rəngarəng metro-ritmə, forma yetkinliyinə və digər zəruri cəhətlərə xüsusi əhəmiyyət verirdi.

Ramizin ifasında psixologizmə çox güclü meylin olduğunu duymaq heç də çətin deyildir. Elə bil tarın üzünə çəkilmiş pərdə Ramizin öz ürəyinin pərdəsi idi, ona görə də o, qəlbindəkiləri, çaldığı muğamın, musiqinin sanki psixoloji məzmununu açıb dinləyiciyə, tamaşaçıya olduğu kimi çatdırırdı.

Onun virtuoz çalğısı başlıca olaraq bədii obrazın dərinliyinə yönəlirdi. Ehtirasların zahiri ifadəsi Ramizdə tamamilə yox dərəcəsində idi. Lakin bununla yanaşı hiss, emosiya, necə güclü olursa-olsun, həmişə ağla, idraka, məna və məzmuna tabedir. Dinamik gərginlik texniki əyləndirici keyfiyyətdə, emosiyaların gərginliyində, coşqunluqda verilmir. Odur ki, Ramizin çalğısında obrazlar müstəsna dərəcədə parlaq dır.

Tarzənin çalğısı paytaxt dinləyicilərini misilsiz dərəcədə ovsunlayırdı. Onlar belə bir qüvvə, belə bir qızğınlıq, belə bir cəsarətli vüsət gözləmirdilər. Sürətli və coşqun ifanın başlanğıcından tamaşaçılar bütün varlıqlarında elə bir təlatüm, elə bir həyəcan və sevincdən doğan elə şirin duyğular yaşayırdılar ki, gözəllik insan qəlbini bir anda çulğadıqda bu hisslər onu bürüyür.

Ramiz çalıb qurtarıncaya qədər qətiyyən qımıldanmırdılar. Cuşə gəlmiş tamaşaçılar onun ifa etdiyi əsərlərin səmimiliyini və bəşəri məzmununu, zərifliyini və gözəlliyini dərk edib çox qızğın minnətdarlıqla dəyərləndirirdilər.

Yekun turunda - Moskva Dövlət Estrada Teatrının ağzınacan dolu tamaşaçı saloninda 75 nəfər musiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və ölkənin neçə-neçə adlı-sanlı sənətkarlarının daxil olduğu münsiflər heyətinin qərarı ilə istedadlı, əməksevər gənc tarzənə ətirli gül çələngi və "Xalq çalğı alətlərində ifaçılıq müvəffəqiyyətlərinə görə" Ümumittifaq müsabiqəsinin qiymətli laureat diplomu verilir.

Bu təntənənin canlı şahidi olan Ümumittifaq müsabiqəsində xalq çalğı alətləri üzrə münsiflər heyətinin sədri, RSFSR-in xalq artisti Nikolay Çaykin (Onun ruhu şad olsun!) Ramizin ifaçılığına olan heyrətini gizləyə bilməyərək ürək sözlərini belə ifadə edir:

"Onun incə musiqi duyumu, dünya xalqlarının folklorunu həssaslıqla hiss etməsi müsabiqə zamanı özünü aydınca göstərdi. Məni gənc tarzənin çalğısındakı obrazlı ifa tərzi, məlahətli ahəng, yumşaq tembr xüsusilə heyran etdi. İnanıram ki, bu istedadlı ifaçı bundan sonra da tarın imkanlarından daha da rasional istifadə edəcək və zəngin səs palitrası yaradacaqdır".

SSRİ xalq artisti, Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Nikolay Nekrasov (Onun ruhu şad olsun!) isə Ramiz barədə belə deyir:

"Ramiz Quliyev adi ifaçı deyil. Onun barmaqları oxuyur. Yüksək ifaçılıq mədəniyyətinə, zəngin improvizə qabiliyyətinə malikdir. Hər dəfə onun bizimlə çıxışı Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin ifaçıları üçün əsl bayrama çevrilir".

1.137 nəfər müsabiqə iştirakçısı sırasında qazanalımış bu müvəffəqiyyət və azman musiqişünasların yekdil tərifi o demək idimi idi ki, sənət yarışmasında Ramiz qarşısında duran ümumi məsələləri həll edibdir?

Yox! Müsabiqə axtarışların, sənət uğurunun yekunu deyildir. O, daha çox gələcək böyük sənət uğurlarının başlanğıcı idi!

Ölkənin tanınmış musiqi xadimləri tərəfindən Ramizin ifaçılıq qabiliyyətinin çox sərrast bir surətdə bu cür yüksək səciyyələndirilməsi və dəyərləndirilməsi onun həmvətənlərinin, ilk növbədə pərəstişkarlarının qəlbini sonsuz fərəh və iftixar hissi ilə coşdururdu. Bu uğurlar Azərbaycan tar ifaçılıq sənətinin sabahkı gününə, Ramizin özünün sabahkı, lakin hələ başlanmamış günlərinə yönəldilmişdi.

Onun ürəklə çaldığı və müsabiqədə qiymətvericilər tərəfindən səmimi qarşılanan musiqi əsərləri - Montinin "Çardaş"ı, Adil Gərayın "Qaytağı"sı və "Orta Mahur" muğamı hakim mövqe tutdu, qəlbləri valeh etdi.

Müsabiqənin Moskva radiosu ilə "efirə" verilən proqramında Baltik dumanlarının örtdüyü Kalininqraddan tutmuş Berinq boğazınadək, hərəkət edən "Şimal qütb" stansiyasından tutmuş isti və rütubətli Astarayadək on milyonlarla adam Ramizin ifasını dinlədi. Gənc tarzənin parlaq sadəlik və dərin təsirlə çaldığı əsərlər yüksək dəyərləndirildi. Müsabiqə ona haqlı şöhrət qazandırdı. Onun adı ölkədə böyük qələbə ilə səsləndi. Bəlkə də həyatında heç zaman ... Ramiz müəllif mənliyindən bu qədər zövq almamış və təsirlənməmişdi.

Ramizin çalğısını canlı və təsirli intonasiyalar ehtiyatının xəzinəsi adlandırsaq, onun ifaları da - muğamları da, xalq və bəstəkar mahnıları da hər şeylə müqayisə edilməz səmimiliyi, hərarəti bu xəzinədən alırlar, bunlarsız Ramiz Quliyevin sənətini təsəvvür etmək olmaz.

Onun çaldığı bəstəkar mahnıları, tar ilə orkestr üçün konsertlər gözlənilməz mükəmməlliyi və dinləyicini valeh edən təsir qüvvəsi ilə fərqlənir.

Azərbaycan LKGİ MK bürosunun qərarına əsasən ədəbiyyat və incəsənət sahəsində 1978-ci il üçün respublika Lenin komsomolu mükafatının laureatları sırasında tarzən, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının baş müəllimi Ramiz Quliyevin də adı vardı. Tarzən bu şərəfli ada 1976-1978-ci illərdəki konsert ifaçılıq fəaliyyətinə görə layiq bilinib.

Bir az da irəli gedib deyim ki, o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə 1982-ci ildə "Əməkdar artist", 1988-ci ildə isə "Xalq artisti" fəxri adlarına da layiq görülüb.

İnsanın həyatında elə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır..

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.

(ardı növbəti sayımızda)