adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Aprel 2019 15:24
31493
ŞOU-BİZNES
A- A+

Gülüstan Əliyeva: "Sənətdən uzaq adamların məşhurlaşmasının günahkarı televiziyalardır"

Tanınmış xanəndə, əməkdar artist Gülüstan Əliyeva "Ədalət" qəzetinin sualların cavablandırıb.

- Gülüstan xanım, xeyli müddətdir ki, efirdə sizi görmürük. Özünüz efirə çıxmaq istəmirsiniz, yoxsa dəvətlərin sayı azalıb?


- Dəvət edildihyim efirləri seçim edərək gedirəm, iştirak edirəm. Bu, həm də bizim işimizin bir hissəsidir. Eyni zamanda Dövlət Opera və Balet Teatrında tamaşalarım olur, Milli Konservatoriyada dosentəm, müəllim kimi fəaliyyətimi davam etdirirəm, yeni mahnılar yazdırıram.

- Yəqin ki, bütün bunları eyni vaxtda etmək elə də asan deyil.

- Əlbəttə, asan deyil. Amma yaradıcı insan üçün belə də olmalıdır.

- Amma bir çox məşhur sənətkarların, məsələn, Habil Əliyevin, Zeynəb Xanlarovanın, Rasim Balayevin tələbələri olmayıb...

- Bəli, sadaladığınız sənətkarlar pedaqoq kimi fəaliyyət göstərməyiblər. Müəllimlik etmək həm çox çətindir, həm də vaxt aparan işdir. Yaradıcılığa daha çox yer ayıran sənətkarlarda pedaqoqluq fəaliyyəti ikinci plana keçir, yaxud ümumiyyətlə məşğul olmurlar. Çünki daim qastollar, konsertlər pedaqoji fəaliyyətlə bir araya çətin sığışır.

- Belə anladım ki, sizin də pedaqoji fəaliyyətiniz yaradıcılığınıza təsirsiz ötüşmür.

- Artıq on altı ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Konsertlər, səfərlər olanda qaydalar çərçivəsində bizə az da olsa, güzəştə gedilir.

- Son illərdə o qədər də keyfiyyətli olmayan musiqilər tez populyarlaşır, ajiotaj yaradır. Hətta ən yüksək qonorarlı məclislərə də belə ifaçılar dəvət alırlar...

- Bütünün dövrlərdə belə olub. Amma hər bir halda ciddi musiqini qavrayan, başa düşən dinləyicilər belə "musiqilərə" nə öz ailə şənliklərində, nə də digər yerlərdə üstünlük vermirlər, dinləmirlər. Bu gün informasiya vasitələri, sosial şəbəkələr o qədər artıb ki, həmin ciddi olmayan sənətin nümayəndələri bu imkanlardan yaxşı istifadə edirlər. Görürsən ki, sosial şəbəkədə süni baxış sayı, səs çoxluğu yaradırlar. Bununla da dinləyici, tamaşaçı cəlb edirlər.

- Bir məqamda sizinlə razı deyiləm. Sizə elə gəlmirmi ki, qeyri-ciddi sənət nümanələrinin ön cərgələrdə yer almağında sənətkarlarn da təqsiri, səhvi var?

- Sənətkarların yox, medianın, televiziyaların günahı var. Biz nə qədər yazıb pozsaq da, televiziyalar belə insanların tamaşaçıya təqdim olunması üçün böyük arenalar açır.

- Niyə sənətkarlar televiziyalar üçün daha maraqlı ola bilmirlər?

- Özəl kanallar kommersiya xarakterli olduğu üçün həmin ifaçılar pullarını verib efirə çıxırlar. Efirlər də, kliplər də, sosial şəbəkələr də pulludur. Yəni, baxış sayını artırmaq üçün pul ödəməlisən.

- Siz özünüz nə zamansa pul verib efirə çıxmısınızmı?

- Heç vaxt elə şey olmayıb. Çox çətinliklə, illərimizi verərək bu yerə gəlmişik. Bizim otuz ilə qazandığımızı dünənki müğənni 3-5 ilə qazanır. Bu, bizim üçün də acınacaqlıdır, xoş deyil. Amma onlarla bizim fərqimiz var. Biz Azərbaycan musiqisi, mədəniyyəti, incəsənəti üçün çalışırıq, onlar isə hansısa məqamdan istifadə edərək pul qazanirlar.

- Sizcə, sənətkarlar televiziyaları boykot edə bilərlərmi?

- (gülür). Bu, mümkün deyil .Axı efirlər təkcə üzdəniraq verilişlərdən ibarət deyil. Orada baxımlı, sanballı verilişlər də var. Biz də məhz o verilişlərin dəvətini qəbul edirik. Siz dediyiniz forma mümkünsüzdür. Sənətdəki təsadüfi adamları teatrın səhnəsindəki dekorasiyalara bənzədirəm. Aktyorlar, sənətkarlar eyni olur, dekorasiyalar isə hər tamaşada dəyişilirlər. İllər ötür, həmin sənətkarlar yadda qalır, amma dekorasiyaları heç kim xatırlamır.

- İllər öncə xanəndələrin şəxsi həyatları daha qapalı idi. Amma indi xanəndələr də sosial şəbəkədə nə yediklərini, nə içdiklərini paylaşırlar. Məsələn, siz "İnstagram" səhifənizdə müxtəlif firmalara məxsus libasları paylaşırsınız. Sizcə, bu kimi hallar ifaçını adiləşdirmir ki?

- Əsla adiləşdirmir, amma yeyilibi içilənləri paylaşmağın əleyhinəyəm. İnsanın şəxsi həyatı özünə aiddir. Amma səni sevən insanlar bu gün nə işlə məşğul olduğunu bilmək istəyirlər. Bizim də həyatımızın sosial tərəfiylə yanaşı, maddi tərəfləri də var. Məsələn, hansısa şirkət, qurum maraqlıdır ki, tanınmış sənətkar onun məhsulunu, məkanını reklam etsin. Mənim də bu mənada bir sıra müqavilələrim var. Niyə biz bu kimi kommersiya xarakterli şeylərdən kənarda qalaq?

- Son olaraq gənc xanəndələrlə bağlı bir məqamı soruşmaq istərdim. Gənc ifaçıların davranışından razısınızmı?

- Davranışları pis deyil, amma daha da yaxşı ola bilər. Bu gün sənət aləminə baxsaq, digər sahələrdəki, janrlardakı gənclərlə müqayisədə muğam sənətini təmsil edən gənclərimiz daha yaxşıdırlar. Həmişə olduğu kimi muğam ifaçıları olan gənclərimizin davranışlarını daha çox bəyənirəm və onlar digər janrlardan irəlidədirlər. Bizim də onlara hər zaman dəstəyimiz, tövsiyyələrimiz var.


İntiqam VALEHOĞLU