adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Aprel 2019 15:10
13404
ƏDƏBİYYAT
A- A+

“Dayan, bu an necəsənsə...”

Bir vəfalı yarın düz ağrısına,

Gülarə, tab gətir, döz ağrısına,

Öyrətmə qəlbini söz ağrısına,

Mənasız illərlə talanma, könül –

deyə öz kövrək, həzin düşüncələrini şeirə-sözə köçürən tanınmış saz-söz adamı Gülarə Azaflı istəsə də, istəməsə də öz zərif taleyini, sənətkar ömrünü söz ağrısının köynəyindən keçirib, söz ağrısı çəkdiyi məqamların xoşbəxti olub. Öz dəyərli ömrünü heç vəchlə bir qədirbilməzin, dərdə yanmazın yandırıb odunda kül eləməyib. Ayrı cür də ola bilməzdi. O, Azərbaycan aşıq sənətinin, söz mülkünün sonuncu mogikanlarından biri olan ustad Azaflı Mikayılın ocağında dünyaya göz açıb. Saz havacatları, söz əsintiləri üstündə qundaqlanıb. Ruhunda, düşüncəsində, sənətkar barmaqlarında, şirin avazında Azaflı Mikayıl əmanəti yaşadıb. O Mikayıl Azaflının ki, hələ Sovetlər dönəminin qılıncının dalı da, qabağı da kəsən çağlarında belə ərlik-ərənlilik meydanını boş qoymur, xalqının, millətinin param-parça taleyinə ağrılı elegiyalar yazırdı:

Qoca Azaflıyam, dilim var, lalam,

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə bir dərd varmı çəkməmiş olam,

Bax, bunlar ağartdı başımı mənim.

Məhz belə bir sənətkar ata xeyir-duası aldığındandı ki, Gülarə Azaflı "Bir dağam, qoynumda tufanlar yatır” bəyanı edəndə də,

Mənə arif gərək, duyarçmı naşı?

Əymərəm dünyada heç kəsə başı –

yazanda da oxucu ona tam səmimiyyətlə inanır. Onun sənətkar qəlbinin, könüldaşlığının sehrinə düşür. İnanırsan ki, qətiyyəli, vüqarlı sənətkarın pak duyğularının ifadəçisi olan bu misraları yalnız Mikayıl Azaflı ruhundan gələn bir könül adamı belə ustalıqla şeirə-sözə gətirə bilər:

Nə çox imtahana çəkirsən məni,

Mən mənəm, başqa bir mən olammaram.

Özünlə bir ölçüb-biçirsən məni,

Sən sənsən, mən dönüb sən olammaram.

Ömrün-günün sınaq məqamlarında özünə-sözünə sadiq qala bilmək istedadı ilk növbədə bitkin bir kamillikdən gəlir. Bu kamilliyə sahib olmaq üçün gərək insan öz kökü üstündə bitməyin xoşbəxti olsun. Xatırlayanda ki, hələ ötən əsrin ortalarında böyük el sənətkarı Aşıq Şəmşir ustad Mikayıl Azaflını "dürr kəlamlı”, "çox dərin ümman” deyə vəsf edib, o zaman belə bir şəxsiyyətin ocağında dünyaya göz açan Gülarə xanımın özünəməxsus kamilliyini təbii hesab edirsən. Onun ustad atası barəsində Aşıq Şəmşir belə yazırdı:

Xanəmizə dürr kəlamlı,

Bir kamil insan gəlib.

Sanki ruhum təzələnib,

Cəsədimə can gəlib.

...Cavanlığın təlatümü,

Yadıma düşür yenə.

Mənə ürək vermək üçün,

Azaflı loğman gəlib.

Bütün səmimiyyəti ilə qeyd etmək istəyirəm ki, Gülarə xanım da öz yaşamı, fəaliyyəti, insanlarla ünsiyyəti zamanı müdrik atasının yoluyla gedib. Bir qayda olaraq həmişə sinəsində, ilhamının təməlində saz-söz təlatümü, çılğınlığı, tufanı cövlan etsə də, adi həyatda o, son dərəcə sakit, ümman durumlu olub. Bütün məqamlarda öz ağayana durumunu qoruya bilib. Hər cür sıxıntıları qara gözlərinin dərinliyində, iç dünyasında dəf etməyi bacarıb. Bu yöndə təmkininə çatası təmkin, dözümünə yetəsi dözüm olmayıb. Sözüylə qalalar ucaldıb-quran, hər cür namərdliyin üstünə qalib sözüylə getməyi bacaran, Abbas Zərgərin yazdığı kimi, cəmi aşıqlara səcdəgah olan, haqdan gəlmiş nura bənzəyən atasından əxz etdiyi bu dəyərləri Gülarə xanım bütün incəliklərinə qədər mənimsəyib, ona sahib çıxıb, sadiq olub və yeri gəldikcə özü də ustadlar ustadı atasının böyük haqqını, sənətkar bəxtinin əbədiyaşarlığını dönə-dönə vəsf edib:

Nə tarix unudur, nə bəşəriyyət,

Unutnmaz bu aləm, bu ellər səni.

Şerinlə elə bir xaniman qurdun,

Unutmaz gələcək nəsillər səni.