adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Aprel 2019 12:53
13392
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SINIQ-SALXAQ AVTOBUSLAR...

Hər bir sərnişin məzilbaşına getmək istəyəndə rahat və texniki cəhətdən saz olan avtobusla yola düşmək istəyir. Çünki bu cür avtobuslar saz olduğu üçün daha rahat idarə olunmaqla yanaşı, həm də təhlükəsizlik baxımından sərfəlidir. Amma gəlin görək əyalətləri demirik, Bakıda bütün marşrutlarda hərəkət edən avtobuslar texniki tələblərə və müasir standartlara cavab verirmi?

Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Heç kimə sirr deyil ki, son 5-6 ildə nəqliyyat sektorunda müsbət irəliləyişlər və inkişaf da var. Elə bunun nəticəsidir ki, paytaxtımızda barmaqla sayılası müasir və dünya standartlarına cavab verən avtobus marşrutları var. Xüsusən də "BakuBus”a məxsus avtobusların texniki göstəricilərinə, rahatlığına və komfortlu şəraitinə söz ola bilməz. Üstəlik də həmin marşrutlarda işləyən sürücülər daha təcrübəlidir, avtobusları peşəkarcasına və təhlükəsiz idarə etməyi bacarırlar.

Ancaq bu fikri biz heç də Bakıda fəaliyyət göstərən əksər marşrutlar haqqında səsləndirə bilmərik. Belə ki, paytaxtımızda müasir tələblərə cavab verməyən, texniki cəhətdən nasaz olan, ancaq buna baxmayaraq, istismara buraxılan çoxlu sayda avtobuslar vardı. Bərbad və sınıq-salxaq gündə olan bu avtobuslarla sərnişinlər heç də mənzilbaşına rahat gedib çata bilmirlər. Xüsusən də Bakının qəsəbələrinə və kəndlərinə gedən avtobuslar bir çox halda texniki cəhətdən saz deyillər. Və bəzən də bu avtobuslar mənzilbaşına çatmamışdan yolunu yarısında xarab olub sıradan çıxır.

Bax, onda da sərnişinlər gileylənir, əsəbləşir və marşrut sahibinin ünvanına iradlar səsləndirirlər. Heç sərnişinləri də qınamalı deyil. Qışın soyuğunda, yayın istisində yolun ortasında qalıb müsibətli anlar yaşamaq elə də asan deyil. Çünki onların arasında xəstə, qoca və uşaqlar var. Bu insanlar da təbii ki, hava şəraitinin mürəkkəbliyinə tab gətirmir və çətin anlar yaşayırlar.

Çox uzağa getməyək, metronun "Neftçilər” stansiyasından Yeni Günəşli qəsəbəsinə işləyən 50 nömrəli marşrutu yada salaq. Bu marşrutda xəttə buraxılan əksər avtobuslar istismar müddətini çoxdan başa vurub və texniki cəhətdən qüsurludur. Amma noolsun, bax, bu günün özündə də yenə xəttə həmin köhnə avtobuslar buraxılır?! Bir arada Bakı Nəqliyyat Agentliyi sifətini "bozardandan” sonra kişilər guya yenilik elədilər. Bu yenilik də ondan ibarət oldu ki, ortatutumlu, lap yaman gündə olan sınıq-salxaq avtobusların əksəriyyəti iritutumlu avtobusla əvəzləndi. Guya bununla da hər şey düzəldi. Hansı ki, iritutumlu avtobusların da gününü ağlamağa bir qoca arvad lazımdı ağı deyib ağlasın. Çünki bu iritutmlu avtobuslar da köhnədir və tez-tez xarab olur.

Hələ də bu marşrutda nasaz, ortatutumlu oturacaqları bərbad gündə olan və qapıları çox çətinliklə açılıb- bağlanan avtobuslar var. Bax, o avtobuslar əksər vaxtı xəttə çıxandan bir neçə saat sonra xarab olur və yarı yolda qalır. Artıq bu marşrutdan istifadə edən sərnişinlər bu cür vəziyyətə çoxdan alışıblar.

Onlar Yeni Günəşlinin başqa istiqamətinə işləyən 64 nömrəli marşrutda hərəkət edən təzə avtobuslara elə qibtəylə baxırlar ki. Düşünürlər görəsən nə vaxt bizim də minib mənzilbaşına getdiyimiz 50 nömrəli marşruta belə yeni avtobuslar buraxılacaq. Yazıq günəşlilər, bu gedişlə siz çox çətin ki, təzə avtobuslara minə biləsiniz.

Son vaxtlar Bakı Nəqliyyat Agentliyi yeni bir layihə həyata keçirir. Bu layihə də ondan ibarətdir ki, könüllülər avtobus dayanacaqlarına gedir, sərnişinlərlə söhbət edir, onların marşrutlarla bağlı rəy və fikirlərini öyrənirlər. Əgər Bakı Nəqliyyat Agentliyinin sözçüsünün dediyinə inansaq, sərnişinlərin bu rəyi nəzərə alınacaq, hansı marşrutdan ki, narazılıq olunur, onlar əvvəlkindən alınaraq yeni daşıyıcı şirkətə veriləcək. Ta bilmirik bu belə olacaq, ya əksinə, amma bir onu bilirik ki, bizdə hər şey şəffaflıqla həllini tapmır. Yəni əl əli yuyur, əl də üzü!

Düz iki ildən çoxdur ki, biz 50 nömrəli marşrutda baş verən özbaşınalıqla bağlı nöqsanları adiyyəti qurumun diqqətinə çatdırırıq. Və bu iki ildə bir dəfə görmədik ki, Bakı Nəqliyyat Agentliyi 50 nömrəli marşrutun sahibiylə ciddi danışıqlar aparsın. Bir balaca nəsə deyiblər, sonradan yenə hər şey köhnə qaydada davam edib.

Görünür, çoxları hər hansı hadisəyə öz prizmasından baxır. Yəni daşıyıcı şirkət onun maraqlarını tapdayanda, daha doğrusu, adiyyəti qurumun "bığının altından” keçməyəndə o dəqiqə aləm bir-birinə dəyir və marşrut sahibini tutub möhkəm-möhkəm silkələyirlər. O da bundan bir nəticə çıxarırsa, yuxarıların istədiyini həll edirsə, nöqsanlara baxmayaraq, yenə daşıyıcı şirkət öz işini davam elətdirir.

Sərnişinlər üçün hansı daşıyıcı şirkətin marşrutu işlətməsinin heç bir fərqi yoxdur – istəyir Əli olsun, istəyir Vəli. Sadəcə, camaat mənzil başına rahat və təhlükəsiz çatmaq istəyir. Eşitmişik ki, Bakıya yaxın vaxtlarda 300 yeni avtobus gətiriləcək. Qoy gətirsinlər. Amma heç olmasa o avtobusların beş-onunu 50 nömrəli marşruta versinlər. Əvvəlki daşıyıcı şirkət onu almaq istəyirsə, buyursun! Almaq istəmirsə, kənara çəkilsin, daha bacarıqlı daşıyıcı şirkət qabağa dursun!

Axı, yazıq 50 nömrəli marşrutdan istifadə edən Günəşli sakinləri nə vaxta qədər yağışlı, yağmırlı havalarda xarab olub yollarda qalan avtobuslardan yarı yolda düşəcək və qanları itin qanına dönəcəkdir?