adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2019 09:46
47719
LAYİHƏ
A- A+

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan ediməklə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınmışdır.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, şərqşünas alim Möhsün Nağısoylu "Nəsimi ili"ndə şairin məzarının Azərbaycana gətirilməsinin mümkünlüyünü qeyd etmişdir.
Bakı şəhərində Nəsiminin adını daşıyan rayon və metro stansiyası, Sabirabad və Biləsuvar rayonlarında Nəsimi, Saatlı rayonunda isə Nəsimikənd adında kənd vardır. Balakənin 2 saylı şəhər tam orta məktəbi də böyük şairin adınadır. "Nəsimi" teploxodu Xəzər dənizində üzməkdədir. 1973-cü ildə şairin şərəfinə "Nəsimi" filmi ( ssenari müəllifi İsa Hüseynov (Muğanna), rejissoru həsən Seyidbəyli olmuş, Nəsimi obrazında xalq artisti Rasim Balayev çəkilmişdir. Elə həmən ildə Fikrət Əmirov tərəfindən "Nəsimi dastanı" balet-poeması yazılmış, 1980-ci ildə heykəltəraş Tokay Məmmədovun və İ. Zeynalovun müəllifliyi ilə Nəsimiyə heykəl ucaldılmışdır.
"İncil"də və "Quran" ayələrində olduğu kimi Nəsimi şeirlərində "Söz" başlanğıc hesab edilir.

Dinləgil bu sözü ki, candır Söz.
Aliyü asiman məkandır Söz.

Şeş cəhətdən münəzzəh anlavü bax.
Söylə ki, xaliqi-cahandır Söz.

Əqli-küll, ərşü kürsi, lövhü qələm,
Çar ünsür, nöh asimandır Söz.
Kafü nundan vücuda gəldi cahan.
Əgər anlar isən, əyandır Söz.
İsiyi-pak, Adəmi Əhməd,
Mehdiyi-sahib üz-zəmandır Söz.

"Cavidannamə"yi gətirgil ələ.
Ta biləsən ki, nəsnə candır Söz.

Sözə bu izzü cah yetməzmi?
Kaydalar Fəzli-qeybdandır Söz.

(Bax. Nəsimi.Məndə sığar iki cahan. Bakı, "Gənclik", 1973.səh. 50-51.)
Dr.Prof. Rəhim Əliyevin fikrincə, Nəsimi özünün əlahiddə bir müsəlman kimi qəbul edilməsini istəmirdi. O özünü, ümumiyyətlə, Allah-insan kimi təsəvvür edirdi:

Sirri-zatın gövhəriyəm, mən müsəlman olmanam.
Əhli-imanəm, yəqinəm, mən müsəlman olmanam.

Məscidü mehrabü minbər - ol mənim sinəmdədir.
Mən onun hərfin oxuram. mən müsəlman olmanam.

Şəriətdən, təriqətdən çox kitablar oxudum.
Ol kitabı mən bilirəm, mən müsəlman olmanam.

Ol mənim atam, dəxi anam müsəlmandır, vəli.
Bu şəriət şərti ilə mən müsəlman olmanam.

Kəbəni bütxanədən fərq eyləyən gəlsin bəri.
Bu sözün küfri nədir ki, mən müsəlman olmanam.

Mən Nəsimi həqqi buldum, həqqə iqrar eylədim.
Çün müvəhhid mömin oldum, mən müsəlman olmanam.

(Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü.
Səh.97..Bakı, "Nafta-Press", 2006.)
Bu şeir Nəsiminin İraq divanından (Nəsimi. İraq divanı.1987. Bakı, Səh.163.) götürülmüşdürsə də, bundan da əvvəl Mirzə Abbaslının "Nəsimi"məqaləsində (Məqalələr məcmuəsi. Bakı, 1973.) verilmişdir. Nəsiminin "Seçilmiş əsərləri"nin Həmid Araslı nəşrində (Bakı, 1973.) isə bu qəzələ rast gəlmirik.
Nəsimi şeirlərinin sirri həm də ondadır ki, onun şeirlərində ruhi-irfani duyğular dünyəyi hisslərlə sinkretik şəkildə ifadə edilmişdir. Digər Şərq şairləri kimi o da baharı vəsf etmişdir:

Mövsimi-novruzü neysan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab.
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.

Badə içmək rövzədə gər sən dilərsən hur ilə,
Yar əlin tut, bağçaya gir, növbahar oldu yenə.

"Köhnə təqvimim mənim bietibar oldu yenə" deyən Nəsimi (Bax. Nəsimi.Məndə sığar iki cahan. Bakı, "Gənclik", 1973.səh. 50-51.) bu yeni ilin dan yeli ilə yarına salam göndərməyi də yaddan çıxarmır. Qəzəllərinin birində "Dodağın qəndinə şəkər dedilər" deyə gözələ müraciət edən Nəsimi insan gözəlliyi qarşısında heyrətini belə ifadə edir:

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər.
Gərci ucmaq hurisi cümlə ana can dedilər.

Səni bu hüsn-cəmal ilə, bu lütf ilə görən
Qorxdular Həq deməyə, döndülər insan dedilər.

Ey Nəsimi, dəmi-İsa deyil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can dedilər.

(Bax. Nəsimi.Seçilmiş şe:::rlər. 196 s. Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı.Bakı - 1962. s. 37-38.)

və ya

Düşdü yenə dəli könül gözlərinin xəyalinə.
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı, aldı könlümü.
Alını gör nə al edər, kimsə irişməz alinə.

Qiymətini dodağının dəgmə xəsisə, sorma kim,
Mən bilirəm ki, can ilə susamışam zülalinə.

Buldu Nəsimi çün səni, keçdi qamudən, ey sənəm!
Qoydu hərirü ətləsi, girdi əbavü şalinə.

(Bax. Nəsimi.Məndə sığar iki cahan. 276 s. Bakı, "Gənclik", 1973. s.. 23-24.)

Və ya da

Sübhdəm dildarımı gördüm otağından gəlir.
Eylə sandım huridir, firdövs bağından gəlir.

Çeşmi-heyvan xəcildir ləblərindən daima.
Abi-kövsər şərbəti şirin dodağından gəlir.

Ey Nəsimi, ruhpərvər gəldi yarından nəsim.
Isanın ənfasıdır, yarın buxağından gəlir.

(Bax. Nəsimi.Məndə sığar iki cahan. Bakı, "Gənclik", 1973.səh. 197.)
Bu o məqamdır ki, "Qanda kim, bir gül bitər, bülbül qırağından gəlir" deyə sevgilisini gülə, özünü bülbülə bənzədən Nəsimi yarın buxağından dodaqlarına vuran havanı İsa peyğəmbərin lətif nəfəsi sanır.
Bu poetik deyim tərzi, bu lakonik müraciət Nəsiminin aşağıdakı qəzəlində necə də heyranedicidir:

Dedim: -Ey nazlı sənəm, zülfün əcəb məvadır.
Dedi:- Dildar olanın cismi bütün zibadır.

Dedim:- Ömr eyləmək aləmdə şirindir hamıya.
Dedi:-Yar ilə keçən gün daha pürmə:::nadır.

Dedim:-Aludəsiyəm qamətinin, ey dilbər!
Dedi:-Bildin, uca yer aşiq üçün valadır.
Dedim:-Ol gözlərinin xəstəsiyəm, vurğunuyam.
Dedi:-Əl çəkməgilən, çünki bu xoş sevdadır.

Dedim:-Eşq aləmi çox cilvəli bir aləmdir.
Dedi:-Mən olmasam, eşq aləmi bir röyadır.

Dedim:-Səndən dilərəm bircə təmənna, o dedi:
-Ey Nəsimi, bu təmənna nə qədər əladır!

(Bax. İmadəddin Nəsimi. Fars divanı.192 s. Bakı, Azərnəşr,
1972. s.19. Tərcümə edəni: İ. Cəfərpur.)

***

Orta və Şimali Afrikanı içinə almaq şərti ilə Hindistanı, İndoneziyanı da içinə almaq şərti ilə Şimali Çini, Orta Asiyanı ,Qafqazı, Volqaboyunu əhatə edən türk-islam sufizmi dünyanı və özünüdərk prosesində xüsusi bir təfəkkür qatı yaratmışdır.
Sufi ədəbiyyatdakı vücudnamələr elmi-bədii özünüdərk janrı kimi meydana çıxmışdır. Türk sufi triadası- Şeyx Əhməd Yəsəvi, Yunis İmrə və İmadəddin Nəsimi vücudnamələrinin nümunəsində fikrimizi yekunlaşdıraq. Şeyx Əhməd Yəsəvi vücuda gəlməsini belə təsvir edir:

Tokkuz ayı tokkuz kundə yerqə tuştum.
Eokkuz saət turəlmədim, kokkə uçtum.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə:::zi problemləri. Bakı, "Ağrıdağ", 1997.Səh. 71.)
və ya

Bir yaşimdə ərvah menqə uluş berdi.
İkki yaşda pəyğəmbərlər gelib gördi.
(Bax.Füzuli Bayat. Səh.72.)
yaxud

Çin dərdlikqə özüm daru, özüm dərman.
Həm aşiqmen, hem məşuqmen, özüm canan.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.64-65.)
Yunis İmrə isə "Dolab, neçin inildərsən" şeirində Dolabın necə vücuda gəlməsini "Məni bir dağda gördülər. Qolum, qanadım qırdılar. Dolaba layiq gördülər... Dülgər alıb məni yondu. Hər əzam yerinə qondu" (Bax. Yunis İmrə. Güldəstə.Şeirlər. s.219-220.) şəklində izah edir.
İmadəddin Nəsimidə isə vücudnamənin ən ali nümunəsini görürük. Yaradılış haqqında danışarkən "Məşuq ilə aşiq oldu bir zat.


P.S. Türk sufi triadası- Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi mövzusu əhatəli, geniş və mürəkkəb mövzudur. Sadəcə olaraq, mənim qənaətimə görə, sufi düşüncə tərzi bütün bəşəriyyəti bir əqiydəyə, bir inanca gətirmək, insanı insanlığı dini qarşıdurmalardan, digər fəlakətlərdən qorumağın ən səmərəli yoludur.

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
ADPU Şəki filialının baş müəllimi

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ