adalet.az header logo
  • Bakı 13°C
10 Aprel 2019 09:29
5696
GÜNDƏM
A- A+

Qarabağ səyahətimizin bitməyən xəritəsi

Könlüm keçir Qarabağdan!

Səhər saatlarında elə universitetin həyətində toplaşmış heyətimiz təxminən 8 radələrində yola düşdü. Kollektivimizdə Qarabağ ab-havası hökm sürürdü. Səyahətimizin yaratdığı gözəl şanslardan faydalanmaq, ad-sanını çox eşitsəm də bu gün ilk dəfə yaxından gördüyüm Jurnalistika aləminin böyükləri ilə birarada olmağın zövqünü yaşamaqda idim. Yazın ətri duyulan bu günlərdə Bakıda hava soyuq və yağışlı keçsə də, Qarabağ torpağına yaxınlaşdıqca havanın mülayimləşdiyini hiss edirdik.
İndiyəcən müəllimlərimizdən çoxu ilə ancaq auditoriyada birarada olmuşdum. Bu səyahət onlarla daha yaxından tanış olmağıma şans yaratdı. Elə Mətbuat tarixi Kafedrasının müəlliməsi Aygün Əzimova ilə yan-yana əyləşmişdik. Yolboyu Üzeyir Hacıbəyli haqqında danışdıqları bu dahi şəxsiyyəti daha dərindən mütaliə etməli olduğuma həvəs və maraq yaratdı. Onu da öyrəndim ki, Aygün müəllimə Şuşa torpağında doğulub. Torpağının işğalda olması, oralara ayaq basa bilməməsindən danışdıqca çox kövrəlirdi. Beləcə tələbə-müəllim söhbətləri, bol informasiyalı yolculuğumuzda təxminən 11-ə işləmiş Ağcabədiyə - Qarabağ torpağına çatdıq. Cənnət qoxulu torpaqda təşkil olunmli süfrə arxasında səmimi söhbətli səhər yeməyindən sonra yolumuza davam etdik. Yolda "Aprel döyüşləri"nin iştirakçısı Heydər Adıgözəlovla xoş qarşılaşma oldu və xatirə şəkli çəkdirdik. Növbəti dayanacağımız Ağcabədi rayon İcra Hakimiyyəti oldu. İcra başcısı Şahin Məmmədov və icra nümayəndələri ilə tanışlıqdan sonra Kəhrizli kəndinə - ədibimiz Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın ev muzeyinə yollandıq. Yolboyu hər tərəf yamyaşıl, sarı yoncalara bələnmişdi. Ara-sıra buludlar ətrafa kölgə salsa da, hava mülayim idi, sanki bu torpaqlarda hava da tələbə qonaqlara daha istiqanlı münasibət göstərməkdə yarışırdı. Muzeyin həyəti yaşıl otlar, alça ağaclarının ağ çiçəklərinə bəzənmişdi. Muzeyin işçiləri bizi səmimiyyət, gülərüzlə qarşıladı. Həyətdə iki qocaman ağacın altında elə iki ədəd iri, tarixi daşları gördük ki, bu daşlar yayın ən isti aylarında da sərin olurmuş. Muzeyin əməkdaşları bizi evdəki eksponatlarla tanış etdi, ətraflı məlumat verdi. Universitetimizin müəllimləri Cahangir Məmmədli, Zaur Babayev və Natəvan Dəmirçioğlu muzeyə kitablarını hədiyyə etdilər, ürək sözlərini yazdılar. Kollektiv xatirə şəkili çəkdirdikdən sonra Həmidə xanım Cavanşirin atası Əhməd bəy və C.Məmmədquluzadənin qardaşı, Səttarxanın yaxın silahdaşı Ələkbər bəyin məzarını ziyarət etdik. Geniş ərazidə salınmış qəbirstanlıq yaşıllıq və sakitlik içərisində sanki özündə saxladığı tarixin sirlərindən bir ağırlıq, susqunluq ehtiva edirdi. Yazın ilıq nəfəsini duyaraq indidən bir neçə çiçəyini açmış lalələr isə buraya bir naxış, gəlişimizə təbiətin kiçik bir hədiyyəsi idi. Maraqlı məqamlardan biri burada dəfn olunan şəxsiyyətlərin qəbirlərinin necə var elə də qalması, müasir qəbirlərdən fərqli olaraq nəiləsə əhatələnib qorunmaması idi. Aqil Abbas və müəllimlərimiz də bu məsələyə diqqət çəkdilər. Bundan sonra Bayat elinin dahi oğlu Məhəmməd Füzulinin adını daşıyan, yazıçı Aqil Abbasın təşəbbüsü ilə 1988-ci ildə tikilmiş kitabxana solonunda qonaq olub, yüz nəfərə yaxın qonaq tutumu olan kitabxanada uşaqlar üçün "Nağıl otağı" güşəsi ilə tanış olduq. Kitabxanaya kitab hədiyyələri təqdim olundu. Növbəti dayanacağımız cəbhə xətti oldu. Əsgərlərlə görüşüb söhbətləşdik. Müəllim-tələbə heyəti əsgərlərlə görüşün qüruru ilə bərabər Vətən torpağına uzaqdan baxmağın, ayaq basa bilməməyin, səngərlərin bu tayından ora boylanmağın acısını ifadə etdilər. Bu yerdə Aygün müəllimədən aldığım müsahibə əsnasında qəhərdən ağladı, Natavan müəllimə Dağlıq Qarabağ problemi yaranandan bu məsələnin tədqiqi ilə məşğul olduğunu, bunun mənəvi ağrısını illərdir yaşadığına baxmayaraq, bu gün məhz bu cəbhə xəttində illərlə tədqiqini apardığı məsələnin fiziki ağrısını da yaşadığını deyərək el-obasına gəlib, yaylağına ayaq basa bilməməyin ağrı-acısından danışdı.
Burada səyahətimizin ardıcıllığını pozmadan qeyd edim ki, fakültəmizin müəllimi Cahangir Məmmədlinin həyat yoldaşı Səkinə xanımın qəbrini də ziyarət etdik, böyük eşqin də şahidi olduq. Fakültədə bütün tələbələrə mehriban münasibəti, qayğısı ilə seçilən müəllimimizin sevgisi qarşısında kövrəlməsi qəlbimə toxundu, məni dərin düşüncələrə qərq etdi.
Qarabağ torpağına çıxdığımız səyahətin davamında Ağcabədi rayonu Bayraq Muzeyi, Tarix-Diyarşunaslıq muzeyi, Şahmat məktəbi, Qarabağ muğam Mərkəzi ilə tanış olduq. Şahmat məktəbində müəllimlər və tələbələr arasında yarışlar oldu, söhbətlər baş tutdu. Muğam mərkəzinin həyətində günün əksər saatlarında muğam səsləndiyini öyrəndik. Elə axşam saatlarında oraya çatdığımızda həyətə daxil olarkən muğam sədaları bizi də sehirli ağuşuna aldı.
Səhər yeməyindən sonra "Seyid Lazım Ağa" pirini ziyarət etdik, pirin həyətindəki Cümşüd Məscidi ilə tanış olduq.
Səhər, təxminən saat 9-10-da Ağdamın hansı yollarından, kəndlərindən keçdiksə sakit həyat tərzini davam etdirən, hüzurlu insanları müşahidə etdim: Səhərin bu saatında bir yerdə toplaşıb nərd oynayan yaşlılar, düzənliklərdə yaşıl sahələrdə futbol, voleybol oynayan uşaqlara qiptə etdim, bir tərəfdən də düşmən qarşısında mərdi-mərdanə dayanmalarına görə onlarla qürur duydum. Səyahətimizin sonunda isə Ağdamın Sultanbud meşəsində nahar edib, kollektivlə səmimi söhbətin iştirakçısına çevrildik. Səyahətimizdə öyrənməklə yanaşı jurnalistikanın dəyərli insanları - Umud Mirzəyev, Akif Aşırlı... kimi şəxsiyyətlərlə tanış olduq, səmimi masaarxası söhbətlərdə peşəmizin sirlərini, çətinliklərini öyrənməyə çalışdıq. Buradan çəkdiyim şəkillər, videoların heç birində nə yaşadığım hissləri göstərə bildim, nə də bu gözəlliklərin özünü. Qəbullandım ki, bu yerlərə sadəcə getmək və yaşayaraq duymaq lazımdır. Aqil Abbasın "Sizi bu Qarabağ torpağında, Sultanbud meşəsində xoş gördük" deməsi ilə səyahətimizin sonunda yeni bir başlanğıcın işartıları hisslərimə əyan oldu. Ümidim böyükləndi ki, bu torpağıın hər qarışını yaxın zamanda addım-addım, başı dik, alnıaçıq gəzmək nəsibimiz olacaq. "Qarabağ şikəstəsi"ni Qarabağda eşidəcəyik!
Aprel ayının 6-da Cəlil Məmmədquluzadənin yubileyi ərəfəsində əməkdar jurnalist, deputat Aqil Abbasın təşəbbüsü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim heyətinin təşkilatçılığı ilə Qarabağa səyahətimiz yaxın zamanda Şuşaya olacaq səyahətdə görüşmək diləyi ilə hələlik belə yekunlaşdı.

Aləmdə Nəsib
BDU Jurnalistika fakültəsinin
ikinci kurs tələbəsi