adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Aprel 2019 09:27
4574
GÜNDƏM
A- A+

31 mart soyqırımı - tarixin sağalmaz yarası

Nuriyyə Ağayeva
Cəbrayıl rayon Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin direktoru

Martın 31-i Azərbaycanın tarixində ən faciəli unudulmaz bir gündür. Mart Soyqırımı - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakıətrafı kəndlərdə, o cümlədən, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı türətdikləri dəhşətli qırğın idi.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, (qeyri rəsmi mənbələrdə isə faciə qurbanlarının sayının dəfələrlə çox olduğu bildirilir.) on minlərlə insan itkin düşüb. Bu gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürüb, valideynlərin üzlərini isə elə yaxaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdı. Həmin dəhşətli günlərdə Bakıda olan əcnəbilər şahidi olduqları qorxunc hadisələr barədə belə yazmışdılar: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməyiblər. Gənc qadınlar diri-diri divara mıxlanmış, ermənilərin hücumundan sığınmağa zalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanası belə erməni cəlladları tərəfindən yandırılıb".
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakzılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələrində göstərilir ki, ermənilər ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çataraq təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirilib. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin vəhşicəsinə öldürülüb. Şamaxı Cümə məscidi də daxil olmaqla, əksər mədəniyyət abidələri, dini məbədlər yandırılıb uzurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılaraq əhalisi məhv edilib. Erməni silahlı dəstələri həmin dövrdə Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı qətlə yetiriblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qazqın düşüb. Bu dəhşətli faktlar sovet dövründə tarix kitablarında əks olunmurdu. On illər boyu bu faciə xalqdan gizlədilirdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Qeyd edim ki, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Tarixçi alimlərimiz dərsliklərdə digər faciələrimiz kimi, 31 Mart soyqırımı haqqında da tarixi həqiqətləri, real bir şəkildə yazıb gənc nəslin diqqətinə çatdırdılar. Təhsil müəssisələrində, orta məktəblərdə gənc nəslə tariximizin bu faciəli səhifəsindən bəhs edən pedaqoqlar şagirdlərimizə keçmişin acı dərslərindən nəticə zıxarmağı, Vətəni sevməyi, onu canı bahasına qorumağı öyrədirlər. Digər təhsil ocaqlarında olduğu kimi, bizim məktəbimizdə də hər il 31 mart soyqrımına həsr olunmuş anım gecəsi və digər müxtəlif tədbirlər təşkil olunur. Soyqırım mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir. Mart soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.
Həmzinin, şagirdlərimiz və müəllimlərimiz internet resurslarına soyqırımını əks etdirən materialların yerləşdirir, keçirilən tədbirlərin kütləviliyini təmin etmək məqsədilə media səhifələrində və televiziya kanallarında işıqlandırılmasını təşkil edirlər. Soyqırım günü məktəbimizin kollektivi Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərimizin məzarları önünə çiçək dəstələri qoyurlar. Bəli, biz nə 31 mart soyqirımını, nə 20 Yanvarı, nə Xocalını, nə də digər faciələrimizi unutmadıq, unutdurmayacayıq. Gənc nəslə bu faciələri anlatmaq, onları əsil vətənpərvərlər kimi yetişdirmək biz pedaqoqların Vətən qarşısında vəzifə və şərəf borcudur.