adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Aprel 2019 10:23
16130
GÜNDƏM
A- A+

Elinanın harayını heç kim eşitmədi - Gülnarə Mehdiyeva yazır

İndicə Elinanın özünü atdığı kadrlara və başqa söhbətlər olan videolara baxdım. Məlum oldu ki, Elina özünü atandan sonra bu şərəfsiz yığını 2 saat ərzində təcili yardım çağırmayıb. Çağıranda isə zəhərlənmə deyilib və Elinanı toksikologiyaya aparıblar. Orda isə özünü atdığı məlum olub və Semaşkoya gətirilib. Elina özünü atdıqdan sonra huşu özündə imiş. Lakin anasını onun yanına buraxmayıblar. Əvəzində isə xəstə yaxını olmadıqları halda məktəbin direktorunu və psixoloqu buraxıblar. Psixoloq o soxasoxda Elina ilə söhbət edib və videoya çəkib. Videoda görünür ki, psixoloq özlərini sığortalamaq üçün Elinaya provokativ suallar verir: "Ananla axırıncı dalaşmağın nə üstə idi", "direktor yaxşı insandımı" və s. Qəsdən ona lazım olan cavabları qızdan almağa çalışır. Qız isə ağrıdığı hiss olunan səslə cavablar verir. Düz başa düşdümsə, elə məktəbdə olarkən də Elinanı danışdırıb sığorta üçün video çəkiblər.

Mən həkim deyiləm, amma əgər Elina bu müddət ərzində ayıq olubsa və danışa bilirmişsə, deməli, düzgün müayinə və bədəndə xəsarətlərin vaxtında aşkar olunması onun həyatını xilas edə bilərdi. Həkimlər onun daxili zədələrini aşkar etmək üçün heç bir şey etməyiblər. Sonra isə o, komaya düşüb və yalnız bundan sonra anasını yanına buraxıblar. Anası onunla son dəfə danışa da bilməyib. Yalnız direktor və psixoloq.

Bu məsələ başdan-ayağa kriminaldır. Direktor, psixoloq, həkim heyəti hər biri cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Şahidlərin sözlərinə görə, Elina məktəbdə həm psixoloji, həm də fiziki zorakılıqla da üzləşirmiş. Saçından tutublar, vurublar, arxasından vurublar və başqa hərəkətlər ediblər. Bunu edən şagirdlərin kimliyi müəyyən edilməli, onlar problemli uşaqlar kimi uçota alınmalıdır. Onlarla ciddi şəkildə mütəxəssislər məşğul olmalıdır.

Elina saçlarını rəngləyirmiş, əvvəl də özünü öldürməyə cəhd edibmiş, hətta ölümqabağı məktubu da varmış. Amma o, ölmək istəmirmiş. Bütün bunlar Elinanın harayı idi və heç kim eşitmədi.