MüQƏVVASI YANDIRILAN FüZULi ƏLƏKBƏROV HAQQINDA BiR NEçƏ KƏLMƏ

AQİL ABBAS
27457 | 2009-09-26 01:05
Bu günlərdə Ermənistanda keçirilən Cüdo Üzrə Dünya Çempionatına gedən idmançılarımıza görə (beş idmançımız getmişdi, 1 qızıl, 1 gümüş, 3 bürünc medal gətiriblər) əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, gənclər və idman naziri Azad Rəhimovun müqəvvalarını yandırmışdılar. Bizim qəzet də bu məsələyə öz münasibətini bildirmişdi. Biz də Ermənistana getməyə xoş baxmırıq. Amma elə məsələlər var ki, bu səfərlər qaçılmazdır və Azərbaycanın iradəsi xaricindədir. Bunlardan imtina Azərbaycana zərər gətirə bilər və ölkəmiz beynəlxalq təzyiqlərlə üzləşə bilər. Düşmənlərimiz və onun arxasında duranlar hər incə bir şeydən bizə qarşı məharətlə istifadə edə bilirlər.
   
   Biz oxuculara söz vermişdik ki, Füzuli Ələkbərovla bağlı heç kəsin bilmədiyi bəzi mətləbləri açıqlayacağıq.
   
   Kimdir Füzuli Ələkbərov? Həsən kişinin ortancıl oğlu. "İmprotex" turizm şirkətinin qurucusu. Bu adam əvvəllər Komsomolun Mərkəzi Komitəsində işləyib və orda da turizm məsələləri ilə məşğul olub. Bu işin ustasıdı. Dünya dəyişəndə də Azərbaycanda ilk özəl turizm şirkətini qurdu, Dubaya və Türkiyəyə ilk reysləri açdı. Biz turizm şirkətinin işindən danışmaq istəmirik, təmiz başqa bir məsələdən danışmaq istəyirik.
   
   Müharibənin ən ağır günləri idi. Dövlət yox, Milli Ordu yox, yalnız Azərbaycan polisi və könüllü batalyonlar təpədən-dırnağadək silahlanmış erməni və rus nizami ordusu ilə vuruşurdu. Silah çatmır, sursat çatmır, ərzaq çatmır, insanlar imkanı daxilində Vətənin qeyrətli oğullarına kömək eləyirdilər. Demək olar həftənin 3-4 günü səngərlərdə döyüşçülərimizin arasında olurdum. Qış idi. Döyüşçülər ayaqyalın, başıaçıq, adamın ürəyi ağrıyır . "Ədalət" qəzetində ana-bacılarımıza müraciət elədim, ümumiyyətlə, hamıya müraciət elədim ki, döyüşçülərimizə isti pal-paltarla, xüsusilə də yun jaket və corabla kömək göstərsinlər. Xüsusilə qadınlar redaksiyaya gəlməyə başladılar. Kimi özünün toxuduğu yun jaket və corabı gətirirdi, kimi də gedib bazardan alıb gətirirdi. Biz də göndərirdik cəbhəyə.
   
   Belə vaxtda Füzuli Ələkbərov mənə zəng elədi. Dedi görüşmək istəyirəm. Getdim. Dedi xeyli yun alıb paylamışam toxuya bilənlərə. Təxminən on günün içində 700-800 yun corab və jaket yığıldı şirkətə. Dedi bunları apar əsgərlərə. Onu da dedi ki, bu davam edəcək.
   
   Ağdamın Qaradağlı kəndində hərbi hospital vardı, yaralılara bir az yardım aparmışdım. Baş həkim dedi ki, müəllim, bizə yardımdan çox qan lazımdı, qan çatışmır. Gəldim qəzetdə bir çağırış elədim. Çağırışa ilk qoşulan Füzuli Ələkbərov, bütün işçiləri və ailəsi oldu. Minlərlə adam bu kampaniyaya qoşuldu. Hətta Qanköçürmə stansiyasının o vaxtkı rəhbəri mənə telefon açdı ki, müəllim, çağırışı dayandır, çünki bu qədər qanı saxlamağa imkanımız yoxdur.
   
   Füzuli Ələkbərova hospitalda vəziyyətin yaxşı olmadığını, xüsusilə yorğan-döşəyin, döşək ağının-filanın çatışmadığını dedim. Füzuli Ələkbərov bir maşın yorğan, döşək, döşək üzü, yastıq üzü təşkil elədi. Dedi həm hospitala ver, həm də əsgərlərimizə payla.
   
   Yeri gəlmişkən, "İnturist"in bir direktoru vardı Ağarəhim müəllim, o da mənə telefon açdı. Dedi 200-dən çox odeyal, döşək üzü, yastıq üzü hazırlatmışam, mümkünsə çatdır cəbhəyə. Habil Qurbanovla gedib onu da götürdük, Füzulinin verdiklərini də, şair Zakir Fəxri ilə bərabər aparıb payladıq.
   
   91-92-ci illərin ən ağır vaxtları idi. Bir də gördüm Füzuli Ələkbərov zəng elədi ki, qardaş, bir az sursat tapdırmışıq, çatdır cəbhəyə. Bəzən "İmprotex"in elədikləri bu yardımları mətbuata çıxarırdım, zəng edirdi ki, qardaş, sən Allah, mətbuata çıxarma. Əvvəla, mən bunu şöhrət üçün eləmirəm, ikincisi də sən bunu mətbuata çıxarırsan, prokuror, milis ora-bura çağırır ki, bu qədər pulu hardan alırsan, bizə də ver.
   
   Bayramlarda bir də görürdün bir maşın bayram payı düzəltdirib ki, bunu döyüşçülərimizə bayram hədiyyəsi eləsin. Çox vaxt mən çatdıra bilmirdim, şair Zakir Fəxri otururdu maşına, birbaşa səngərlərdə aparıb paylayırdı.
   
   Gərək ki, Novruz bayramı ərəfəsi idi. Şair Zakir Fəxri zəng elədi ki, Füzulinin yanından danışıram. Bir maşın bayramlıq hazırlatdırıb, gəl gedək cəbhəyə paylayaq. Dedim Zakir, siz Füzulinən gedin, mən gələrəm.
   
   Zakir Füzulinən bir başa səngərdə döyüşçülərimizə bayram payı dağıdanda heç demə həmin vaxt Zakir Fəxrinin qardaşı Kamil Zakirlə Füzulinin bayram payı dağıtdığı səngərin bir kilometrliyində qəhrəmancasına şəhid olubmuş. Kamil mühasirəyə düşən döyüşçülərimizi xilas etməyə çalışırmış, öz BMP-siylə 25 nəfəri xilas edə bilmişdi. Bir daha mühasirəni yarıb əsgərlərimizə çatmaq istəyəndə ermənilər BMP-ni vurmuşdular, Kamilin və BMP-nin sürücüsünün əl-qollarını bağlayıb diri-diri yandırmışdılar. Mən həmin meyitləri qucağıma alıb məscidə gətirəndə gördüm. Zakirsə hadisəni Bakıya qayıdandan sonra bilmişdi.
   
   Döyüşdə düşmən texnikası vuran, fərqlənən oğullarımızı "İmprotex" pulla mükafatlandırırdı. Döyüşdə fərqlənən və kontuziya alan əsgərlərimizi isə bir balaca özlərinə gəlmək üçün İstanbula göndərirdi. O əsgərlərin siyahısını mən komandirlərdən alırdım, şirkətə verirdim, sonra Zakirlə onlar gedirdilər İstanbula. Bütün xərcləri də təbii ki, "İmprotex" çəkirdi. Bu, atəşkəs elan olunanadək davam elədi.
   
   Bunu niyə yazdım? Füzulinin müqəvvasını yandıran dostlara, qardaşlara çatdırmaq istədim ki, Füzuli heç də Azərbaycanı onlardan az sevmir. Və Füzuli tək deyil. Azərbaycanda Füzuli kimi çox oğullar var ki, elədiklərini gözə soxmurlar. Xalq da o oğulların kim olduğunu bilmir. Bilmirlər ki, oğullar var ki, qazandıqları pulları altlarına yığıb oturmurlar. Balığı dəryaya atırlar, nə balıq bilir, nə də insanlar. Bir özləri bilir, bir də Allahları.
   
   Bizim qınadığımız adamlar var ki, vəzifələrinə görə qınayırıq, guya bütün vəzifədəkilər "pıxıdılar". Amma bu adamlar neçə şəhid ailəsi saxlayırlar, neçə şəhid uşağının təhsil haqqını ödəyirlər, xaricə müalicəyə göndərirlər, xaricdə təhsil almalarına kömək edirlər. Məsələn, adını çəkmədiyim bir nazir var ki, Tbilisidə Azərbaycan məscidinin bütün məsrəflərini ödəyir və Tbilisidə rəhmətə gedən imkansız azərbaycanlı ailələrinin hətta yasına da gedir, bir əli qaçqın qəsəbələrinin üstündədi.
   
   Gəlin bir-birimizi sevək, bütün yaraları sevgi ilə sağaltmaq olar.
   
   
   
   

TƏQVİM / ARXİV