adalet.az header logo
  • Bakı 18°C
08 Aprel 2019 14:51
6047
GÜNDƏM
A- A+

AQİL ABBAS: QUŞLAR, QUŞLAR … İNDİYƏDƏK SİZİ ALDADIBLARMIŞ

Akademiyanın Dilçilik İnstitutu bir para quşların adını dəyişib. Təəssüf ki, vaxtında xəbər tuta bilməmişəm. Başımızı mənasız-mənasız, sarsaq-sarsaq xəbərlərlə o qədər doldurublar ki: ay amerikalılar Ayda yaşayış evi tikməyə hazırlaşırlar; ay nə bilim Çində 270 min ton yük götürə biləcək dünyanın ən böyük gəmisi hazırlanır; nə bilim yaponlar Marsa uçmağa hazırlaşırlar; Çin uçan taksi istehsal elədi; uruslar son model qırıcı təyyarə qayırıblar ki, heç nəylə vurmaq olmur… at gəldi örkən apardı, it gəldi çarıq .

O boyda Dilçilik İnstitutumuzun o boyda kəşfindən xəbərim olmayıb. Sevindim və yadıma Molla Nəsrəddinin məşhur bir lətifəsi düşdü.

Deməli belə. Rəhmətlik Molla Nəsrəddin (deyirlər «rəhmətlik» deyəndə gərək yeddisini söyləyəsən, ona da vaxt yoxdu) bir ağacın kölgəsində oturub quş əti yeyirmiş. Yoldan keçən bir nəfər soruşur:

- Molla, yediyin nə ətidi?

- Qırqovul.

Adam da baxıb görür ki, qıraqda hacıleyləyin başıdı, tüküdü, qılçalarıdı, deyir:

- Molla, ayıb deyil, mənə niyə yalan deyirsən?

Molla:

- Mən deyirəm ki, qırqovuldu, Allah ad qoyanda sən yanındaydın?

İndi bizim dilçi alimlər bəlkə düz edib quş adlarını dəyişib, siz də lağ edirsiz. Allah ad qoyanda yanındaydınız?

Nə isə…