adalet.az header logo
  • Bakı 20°C
09 Aprel 2019 16:52
24382
ƏDƏBİYYAT
A- A+

Məmməd Kazımın romanı - Kənan Hacı yazır

Azərbaycan ədəbiyyatında elə əsərlər var ki, yazıldığı dövrdə və təəssüf ki, ondan sonrakı dövrlərdə də nədənsə diqqətdən kənarda qalıb. Ara-sıra hansısa yazıda, söhbətdə ötəri xatırlanan bu əsərlərin ədəbi-bədii, ictimai fikrimizdə əhəmiyyəti haqqında düşünəndə başqa bir fikri də xatırlayıb təsəlli tapırıq: zaman hökmən bu əsərlərə öz layiqli qiymətini verəcək. Amma hər şeyi zamanın ixtiyarına buraxası olsaq, onda gərək ədəbi tənqidə ehtiyac qalmasın. Bu günlərdə hörmətli Xalq yazıçımız Elçin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Müasir tənqid və ədəbi proses” mövzusunda məruzə edərkən bu gün haqsız olaraq unudulmaqda olan yazıçı Əyyub Abbasovun "Zəngəzur” romanını xatırlatdı və bu əsərin böyük tarixi, ictimai və ədəbi əhəmiyyətə malik olduğunu xatırlatdı. Müstəqilliyimizi qazandıqdan sonrakı illərdə zəngin ədəbi təsərrüfatımız yarandı, (söhbət heç bir bədii dəyərə malik olmayan makulaturadan deyil, ciddi ədəbi sambalı olan əsərlərdən gedir) dəyərli əsərlər yazıldı. Bu yazı həmin dəyərli əsərlərdən biri – "Mirhəsən xanın övladları” romanı – haqqındadır.

Romanın ədəbiyyatımızda yeri və ədəbi dəyəri haqqında fikirlərimi bölüşməkdən əvvəl bir neçə zəruri məqamı xatırlatmaq istəyirəm. Bu əsərin müəllifi uzun illərdən bəri Azərbaycan televiziyasında "Hünər” verilişinin yaradıcısı və aparıcısı kimi tanıdığımız şair Məmməd Kazımdır. Məmməd Kazım ədəbiyyatımızda xüsusi yeri və çəkisi olan qələm sahiblərindən idi. Müharibə uşaqlarının ağrı-acılarını onun qədər yüksək poetik dillə ifadə etməyi bacaran çox az şairimiz var.

Uşaqdım, qaraldı vaxt bulud kimi,

dava qılıncıyla sınıq düşmüşəm.

İldırım doğrayan şüy palıd kimi

o vaxtdan sevincdən yanıq düşmüşəm.

Bu misralar müharibə haqqında yazılmış onlarla şeirin içindən yüksək səmimiyyətiylə, yaşanmış ağrının poetik ifadəsinin orijinallığı ilə seçilir. Məmməd əmi (biz ona "əmi” deyə müraciət edirdik) Qarabağ savaşının ən qızğın çağlarında sözüylə döyüşürdü və nəşr etdirdiyi qəzetin adının "Qala” olması da təsadüfi deyildi. Yeri gəlmişkən, bu ədəbi qəzet o vaxt ədəbiyyatda ilk addımlarını atan çox istedadı üzə çıxardı ki, bu gün həmin imzalar fəal şəkildə ədəbi prosesdə iştirak edirlər. Mən də ara-sıra Məmməd əminin Masallıda, Güllütəpənin döşündə yerləşən evinə qonaq düşürdüm. Bu görüşlər haqqında ayrıca yazmışam, təfərrüata varmadan mətləbə keçmək istəyirəm.


Məmməd Kazım bu romana qədər müəyyən nəsr təcrübəsi toplamışdı. 80-ci illərdə "Leytenant Kərimov və dostları” povestini yazmışdı. 90-cı illərin əvvəllərində çap olunmuş "Hünər” kitabı yarıbədii, yarısənədli dillə yazılıb. Bu kitaba toplanmış yazılar Böyük Vətən müharibəsində həlak olmuş, əsir düşmüş, ağır yaralanmış həmyerlilərimizin döyüş və tale yollarını əriş-arğac edir, kitab bitkin bir roman təəssüratı yaradır.

"Mirhəsən xanın övladları”nı yazana qədər yazıçı ciddi hazırlıq mərhələsi keçib. Mən bu romanın yazılmasının şahidi olmuşam. Məmməd əminin kənddəki evinin ikinci mərtəbəsində bir otaq da vardı, qonaq-qara çəkilib gedəndən, təbiətin sakitliyi bərqərar olandan sonra o, məhz bu otaqda yazıb-yaradırdı. Məni də həmin otaqla tanış etmişdi. Divar boyu səliqə ilə düzülmüş kitablar və yazı masasının üzərində qalaqlanmış əlyazmaları... Bu əlyazmalarına ötəri nəzər salanda bir məqam diqqətimi çəkdi, ağ vərəqlərə yazılanlar şeir nümunələri deyildi. "Məmməd əmi, deyəsən yeni əsər yazırsınız” deyə soruşdum. "Hə, çoxdandı bir roman başlamışam, görək necə olacaq...” dedi. Hər yay Məmməd əmiyə baş çəkirdim və hər dəfə də romanla bağlı suallar verirdim. "Birinci hissəni bitirmişəm” deyirdi, arada nigarançılığı da üzündən oxunurdu, "bircə bunu bitirə bilsəydim” deyə qayğılı halda dillənirdi.

Nəhayət, gün gəldi, Məmməd əmi romanın tamamlanmış versiyasını kitab halında nəşr etdirdi. Bu kitab 2013-cü ildə Məmməd Kazımın "Seçilmiş əsərləri”nin 3-cü cildi olaraq çap olundu. Nədən bəhs edir bu roman? Oxucu əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın maarifçilik hərəkatında önəmli rol oynamış bir nəslin nümayəndələri ilə tanış olur, onların hansı çətinliklərdən, əzablı yollardan keçərək rus imperiyasının işğalçılıq siyasətinə dirəniş göstərdiyinə şahidlik edir. İran və rus işğalçılarına qarşı döyüşən Mirhəsən xan xəyanət nəticəsində öldürüldükdən sonra rus çinovnikləri aradakı narazılığı aradan götürmək üçün onun övladlarına bir neçə mahalın idarə edilməsini həvalə edirlər. Mirabdulla bəy qardaşları içərisində daha çox seçilir, Dəştvənd mahalında igidliyi, xeyirxahlığı ilə ad-san qazanır. Mahalda bazar, məscid, məktəb tikdirir, əhalinin əkin-biçinlə məşğul olması üçün şərait yaradır. Onun oğlu Mircavad bəy də babasından, atasından gələn ənənənin daşıyıcısı kimi həyatının mənasını xalqına xidmətdə görür.

Əsəri oxumağa başlayarkən obrazlı, ləngərli poetik dil diqqətimi çəkdi ki, bu da müəllifin şairliyindən irəli gəlir. Romanın fabulasında onun Sankt-Peterburq Universitetinin hüquqşünaslıq fakultəsində təhsil alması, vətənə qayıdıb öz mahalında pristav kimi fəaliyyət göstərməsi, qaçaq-quldura qarşı mübarizə aparması və digər tarixi olaylar durur. Bu hadisələrin fonunda rus imperiyasının türkdilli xalqlara qarşı məkrli siyasətini açıq-aşkar görürük. Rus imperiyasının general rütbəsinə yüksəltdiyi erməni cəlladı Madatovun bu ərazilərə sahib çıxması, torpaq sahiblərini məhv edərək onların mal-mülkünü mənimsəməsi, İrandan və müxtəlif şəhərlərdən öz qohum-əqrabasını cənub bölgəsinə yerləşdirməsi yerli əhalinin hiddətinə səbəb olsa da dinib-danışa bilmirdilər. Yazıçı yazır:

"General yerli əhalinin qüvvəsini səfərbər edib Xocavarla Çayaxarlı kəndləri arasında öz qohumuna usta Karapetin əllərilə geniş otaqları olan ikimərtəbə mülk, böyük ərazini əhatə edən qala tikdirdi. Alvadı, Xocavar, Banbaşı və Yankənd ərazilərindən əkin sahələri verilməsi, Viləş çayından başlayaraq onlarla kilometr məsafədən keçən su arxı çəkilməsi, Alvadıda dəyirman və Xocavarda çəltiyi düyüyə çevirən sudingi tikilməsi də Madatovun simli qamçısının hərbə-zorbasının və kürəklərdən zol qoparan zərbələrinin bəhrəsiydi”. (səh. 221)

Mircavad bəy belə bir mürəkkəb şəraitdə pristav kimi öz xalqının mənafeyini qoruyurdu, dəfələrlə həyatını təhlükə altına atsa da mübarizəsindən geri çəkilmirdi. Mircavad bəyi ermənilərin hiyləsindən çox sapı özümüzdən olan baltaların zərbəsi daha çox ağrıdırdı, dəfələrlə onlara güzəştə getsə də namərdliklərindən qalmırdılar. İslaholunmaz quldur Nərulla kasıb kənd camaatından vergi tələb etməklə soyğunçuluqla məşğul olur, əhaliyə qan uddururdu, Hartunla şərab alverində şərik idilər, ona silah qaçaqmalçılığında da altdan-altdan yardım edirdi. Mircavad bəyin başçılığı ilə "Qaban ovu” əməliyyatında Nərulla və dəstəsi zərərsizləşdirildi. Kənd camaatı, quldurlardan ziyan çəkmiş kasıb kəndlilər əsir götürülmüş quldurların üzünə tüpürürdülər. Rus çinovniki, mayor İlinski qəza rəhbərliyinin Hartunun qalaçasında axtarış aparmasına imkan vermədi.

Əsərdə Azərbaycan tarixinin ibrətamiz məqamları əksini tapıb. Məsələn, Mircavad bəyin atası Mirhəsən xan 1826-cı ilin iyulunda rus zabitlərinin yerlərdə azğınlığına etiraz əlaməti olaraq imperatora qəzəb və hiddətini əks etdirən bir məktub yollamışdı və imperiya başçıları tərəfindən aldığı polkovnik poqonlarını qoparıb ayaqları altına atmışdı. Namusuna and içmişdi ki, nə qədər qolunda qüvvət var, rus qoşunlarına dinclik verməyəcək. Bunun üçün Təbrizə yollanıb Abbas Mirzə ilə görüşür və ondan bütün keçmiş düşmənçiliyi unutmağı və düşmənə qarşı vuruşda kömək istəyir. Abbas Mirzə acı həqiqəti dilə gətirir: "Bizim fəlakətimiz ölkənin xırda xanlıqlara parçalanmasına imkan verdiyimiz illərdən başladı. Sonra xanların hər biri müstəqil yaşamağa cəhd göstərdi. Elə birisi sizin rəhmətlik atanız. (Mirmustafa xan nəzərdə tutulur. – K. H) Rus imperiyasına inanıb bizə arxa çevirdi. Aldığı kömək də ondan ibarət oldu ki, xanlıq yerlə-yeksan edildi, ərazsinin sərvətləri talanıb aparıldı”. (səh.266-267)

Yazıçının tarixi roman janrına müraciət etməkdə məqsədi bu günün problemlərini keçmişin işığında təcəssüm etdirməkdir. Romanı oxuduqca babalarımızın tarixi səhvlərini görür və bu səhvlərin sonralar acı nəticələrə gətirib çıxardığını təəssüf hissiylə xatırlayırıq. Abbas Mirzə bu sözləri deyəndə Mirhəsən xan xəcalət hissi keçirir və deyir: "Atamın ən böyük səhvi də onda olmuşdu. Hər halda bu səhvin cəzasını biz artıqlaması ilə almışıq”.

Əlbəttə, Abbas Mirzə haqlı idi. Qarabağ xanı İbrahim xanın və ailəsinin xəyanət nəticəsində qətlə yetirilməsi tarixin ən böyük ibrət dərsidir. Gəncə xanı Cavad xanın son nəfəsədək işğalçı çar ordusuna qarşı döyüşüb həlak olmasını xatırlayın. Siz bu romanda Cavad xanın Mirmustafa xana yazdığı məktubla da tanış olacaqsınız.

Mirhəsən xan da acı məğlubiyyətdən yaxa qurtara bilmədi, o da xəyanətin qurbanı oldu. Romanı oxuyub bu xəyanətin kökləriylə tanış olacaqsınız. Xəyanətlər Mirhəsən xanın nəslini qarabaqara izləmişdi. 37-ci ilin repressiya dalğası xanın övladları Mirabdulla bəyi də, Mircavad bəyi də gedər-gəlməzə yolladı. Bu ürəkgöynədən məqamlar da romanda öz əksini tapıb. Ümumiyyətlə, əsərdə baş verən hadisələr bütöv bir əsr boyunca (XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər) xalqımızın başına gətirilən fəlakətləri əhatə edir.

Əsərin sonuncu fəsillərindən birində Mircavad bəyin sürgündəki dövrü təsvir edilir, dustaqlar Sibir meşəsində gövdəli bir ağacı mişarla kəsib aşırdırlar və sonra onun qol-budaqlarını kəsib-doğrayırlar. Ağac simvolik bir obrazdır, müəllif burada Mircavad bəyin həyatına, ömür yoluna işarə edir. O da köklü-köməcli bir ağac idi, baltanı kökündən vurub ucalığını əlindən aldılar.

Müəllif romanı yazarkən arxivlərdə ciddi tarixi araşdırmalar aparmış, son dərəcə əhəmiyyətli məlumatlar əldə edərək onlardan yaradıcı surətdə faydalanıb romanın süjetində istifadə edib. Bu da romanın çoxşaxəli yozumuna və təhlillərə meydan açır. Ümumiyyətlə, Məmməd Kazım bütün yaradıcılığı boyu itkin taleləri axtarıb tapmaqla, onların obrazını bədii sözün vasitəsilə əbədiləşdirməklə məşğul olub. Bu, onun üzərinə düşən ədəbi missiya idi və "Mirhəsən xanın övladları” romanı da tarixi əhəmiyyəti baxımından yazıçının yaradıcılığının zirvəsi sayıla bilər. Müəllif əsəri yazarkən çarpaz üslubdan (yarıbədii, yarısənədli) istifadə edərək janr xüsusiyyətlərindən kənara çıxmadan tarixi faktlarla yazıçı təxəyyülünü ustalıqla uzlaşdırıb. Tarixi hadisələr romanda yenidən müəllif strategiyasına uyğun qurulub və vahid süjet xəttinə tabe etdirilib. Bu da olduqca çətin və eyni zamanda məsuliyyətli bir işdir. Türk ədəbi araşdırmaçısı Semih Gümüş yazır ki, "təbii, roman heç vaxt tarixin özü olmayacaq, amma hər halda gələcəkdə tarixin ən çox dəyər verilən vicdanı sayılacaq”. Tarix roman sənəti üçün həmişə açıq meydandır, yazıçı təxəyyülü istənilən zamanda bu meydanda cövlan edə bilir.

Məmməd Kazım şair kimi tanınıb, qəbul olunub. Bu romanda isə onun dilin incəliklərinə, xalq dilinə, folklora, xalqın məişətinə, etnoqrafiyasına, gələnəklərinə nə qədər dərindən bələd olduğunu görürük. Mircavad bəyin Sankt-Peterburqda təhsil alarkən Yasnaya Polyanaya gedib Lev Tolstoyla görüşməsi son dərəcə inandırıcı boyalarla təsvir edilib. Yazıçı Tolstoyun yaşadığı mülkü xırda ştrixlərinə qədər elə ustalıqla qələmə alıb ki, biz sanki kadrlarda o tarixi görüşü seyr edirik. Hər şey Mircavadın təhsil aldığı üniversitetdə böyük şərqşünas alim Mirzə Kazım bəylə bağlı tədbir keçirmək haqda təşəbbüs irəli sürməsindən başlamışdı. Rəhbərlik bu təşəbbüsü müsbət qarşılayır və həmin tədbirdə Mircavad bəyin məruzəsindən sonra Lev Tolstoyun zövcəsi Sofya Andreyevna da ərinin adından çıxış edir və tədbir bitdikdən sonra onların arasında belə bir dialoq baş verir:

-Lev Nikolayeviçin sizin kimi tələbələrlə, gənclərlə görüşə həmişə ehtiyacı var. Vaxt tapan kimi əminizlə mütləq Yasnaya Polyanaya gəlin.

Cavad Tolstoyun xanımına belə cavab verir:

-İndi ki, dəvət edirsiniz, məmnuniyyətlə gələrik.

Mirzə Kazım bəy Tolstoyun təhsil aldığı illərdə universitetdə iki il ona şərqşünaslıqdan dərs demişdi, böyük yazıçının ona olduqca böyük rəğbəti vardı. L. Tolstoyun Şərqlə bağlı düşüncələrinin formalaşmasında Mirzə Kazım bəyin əvəzsiz rolu olmuşdu. Bütün bu mətləblər romanda geniş və əhatəli şəkildə öz əksini tapıb. Zənnimcə, "Mirhəsən xanın övladları” Azərbaycan nəsrində yeganə əsərdir ki, orda Lev Tolstoyun və xanımının dolğun obrazı yaradılıb.

Siz bu romanda Stalinin, Mircəfərin qanlı obrazını da görəcəksiniz. Millətimizin tərəqqisi, maariflənməsi üçün canından, malından keçmiş insanların işıqlı obrazları ilə rastlaşacaqsınız. Romanı bir yazı çərçivəsində ədəbi tənqidi prizmadan dəyərləndirmək, təhlil etmək mümkünsüzdür. Bu əsər konseptual yanaşma tələb edir. Bu yazı sadəcə, tanıtım xarakteri daşıyır və məqsəd ədəbi tənqidin diqqətini bu romana yönəltməkdir.

Çox istərdim ki, bu roman yenidən nəşr olunsun. Çünki geniş oxucu kütləsi və həm də çox təəssüf ki, ədəbi ictimaiyyət bu romandan xəbərsizdir. Halbuki bu əsər bütün parametrlərilə ədəbi prosesin faktına çevrilməyə layiqdir.