adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Aprel 2019 11:24
14107
MƏMLƏKƏT
A- A+

DÖVLƏT QURUMLARI SƏSSİZ QALANDA

Cəmiyyətimizdə sosial problemlərin olması danılmazdır. Bu problemlər nəinki inkişaf etməkdə olan dövlətlərdə hətta inkişaf etmişlərdə də mövcuddur. Sosial problemlər çoxsahəlidir. Problemin çoxsahəli və müxtəlifliyi ona qarşı əhatəli, ardıcıl, intensiv və dövrün tələbləri çərçivəsində mübarizə aparılması zərurəti yaradır.

Bu gün ölkəmizdə sosial problemlərin həlli istiqamətində həm dövlət, həm də qeyri dövlət qurumları tərəfindən müxtəlif tədbirlər görülür, layihələr həyata keçirilir. Bu addımlar sosial problemlərin həll olunmasında, qarşısının alınmasında müəyyən nəticələr verir.

Bəzən sosial problemlərin kölgəsinə sığınıb ekranlarda şou quranları qınasaq da, arada belə çıxışların da bəzi problemlərin həllinə təkan verdiyinin, insanların pozulmuş hüquqlarının bərpasına kömək etdiyinin şahidi oluruq.

Sosial problemlərin həlli, insanların pozulmuş hüquqlarının qorunması dövlətin prioritet məsələlərindən biridir. Bu səbəbdən sosial problemlərin tənzimlənməsi, həlli məsələləri bir vəzifə olaraq dövlətin müvafiq qürumlarında öz həllini tapır və ya tapmalıdır.

Ailə, qadın və uşaqların qarşılaşdığı sosial sorumların, onların hüquq və azadlıqları sahəsində yaranmış problemlərin həll edilməsində səlahiyyət sahibi olan qürum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə artıq 21 ildir ki, fəaliyyət göstərir. Yarandığı zamanda adı - Qadın Problemləri üzrə Dövlət Komitəsi olsa da ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurətindənartıq 2006-cı ildən ölkə rəhbərliyinin müvafiq fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mərkəzi icra hakimiyyəti orqanı olaraq ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

Komitənin əsasnaməsi ilə tanış olduqda məlum olur ki, onun vəzifə və səlahiyyətləri geniş və əhatəlidir. Digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən komitə öz səlahiyyətləri daxilində uşaq və qadınların hüquqlarının qorunmasını təmin edir, onların pozulmasının qarşısını alır, gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparır və s.

Komitənin 22 bəndlik əsasnaməsindən bir neçəsi diqqətimi çəkdi. Məsələn, əsasnamədə belə bir bənd var ki, qurum istehsalatda işləyən qadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiq orqanlarla birlikdə tədbirlər görməli, zərurət yarandıqda, onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmalıdır. Kifayət qədər əhatəli, məsuliyyətli bənddir. Gəlin bu məsələdə bir qədər səmimi olaq. Hardasa məhz bu bəndin tələbləri çərçivəsində hansısa bir tədbir görüldüyünü heç eşidib görən olubmu? Hansısa bir rəhbərə bu kimi hərəkətlərinə görə ən azından irad tutulsun? Ekranlada, mətbuat səhifələrində həmin vəzifəli şəxsi müzakirə etsinlər? Mən görməmişəm. Heç oxumamışam da. Heş komitənin veb səhifəsində də belə bir məlumat tapa bilmədim.

Bəlkə də bu bəndlə bağlı Komitə tərəfindən müvafiq tədbirlər görülüb və görülür də. Lakin bunun təbliğatı lazımi səviyyədə aparılmır. Maarifləndirmə günün tələbləri səviyyəsində qurulmur. Halbuki əsasnamədə xüsusi bir bənd var ki, komitə müvafiq sahəni işıqlandırmaq məqsədilə televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirilməlidir. Bu gün biz belə bir layihə görmürük. Varsa da çox zəifdi. Məhz bu səbəbdən də insanlar üz tuturlar hansısa verlişlərə. Və onlarında problemlərinin fonunda şou düzəldilir. Özü də necə şoular? Adi ailə dramlarından elə faciələr quraşdırmağa çalışırlar ki, axırda məzhəkə alınır. Nə qədər qınanılsa da, tənqid edisə də fəaliyyət göstərirlər, reytinq yığırlar. Ekspertlər də adətən, manıslar olur. Bəs, komitədə belə mütəxəssislər yoxdur? Varsa, niyə görünmürlər? Əslində, bu cür verilişlərdə daha çox həmin komitənin mütəxəssisləri çıxış etməlidir.

Veb səhifəni nəzərdən keçirərkən məlum oldu ki, komitə 2017-ci ildə xeyli sayda buklet və kitablar nəşr etdirib. Bunlar da lazımdır. Amma bu gün gerçəklik odur ki, insanlara sosial çarxlarla, verlişlərlə təsir etməyin, maarifləndirməyin nəticəsi daha effektiv olur. Sadə bir sosial çarx bəzən problemin həllində möhtəşəm rol oynaya bilər.

Komitənin ölkədə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Bundan regiondakıların xəbəri varmı? Var, ancaq az bir hissəsinin. Bu bir faktdır. Veb səhifədə bunların ünvanları, rəhbərləri, əlaqə nömrələri haqda məlumat tapa bilmədik.

Ümumiyyətlə, belə bir sosial dövlət qürumunun veb səhifəsi heç də ürək açan deyil. Məsələn səhifənin "komitənin kollegiyası” ilə "apellyasiya şurası” bölmələrində Nazirlər Kabinetinin eyni qərarı yerləşdirilib. Veb səhifədə 2017-ci ildə komitədə 4 kollegiya iclasının keçirildiyi qeyd edilsə də, bu iclaslar haqda geniş məlumat yoxdur. Kollegiyada nə müzakirə olunub, nə qərar qəbul edilib və s.

Veb səhifədə qaynar xəttə də rast gəlmədik. Belə bir qürumda qaynar xəttin olması vacibdir. İnsanlar ölkənin hər bir yerindən ödənişsiz bu xətlə əlaqə saxlayıb suallarına cavab tapmalıdırlar.

Bu yazı ilə komitənin fəaliyyətinə kölgə salmaq fikrimiz yoxdur. Sadəcə anlatmağa çalışırıq ki, elə iş aparmaq, elə təbliğat mexanizmi qurmaq lazımdır ki, insanlar ünvanı düz seçsinlər. Bilsinlər ki, erkən nikah hallarının aradan qaldırılması, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə, uşaq hüquqlarının müdafiəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və s. problemlər üçün dövlətin xüsusi təşkilatı var.

Nicat Novruzoğlu