adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Aprel 2019 16:14
14432
ƏDƏBİYYAT
A- A+

İSPAN ÇƏKMƏSİ

(romandan fəsil)

(Əvvəli ötən saylarımızda)

Yeddinci mərtəbə


"Amma mən tək canımla sizin yükləri necə daşıyım, dərdinizi necə çəkim, dava-dalaşınıza necə dözüm?”

("Tövrat”dan)

"... biz düşmənlərimizin dediklərini yox,dostların sükutunu, lal-dinməzliyini xatırlayacağıq...”

Martin Lüter Kinq


X. qəzetdə kriminal xəbərləri oxumaqdan bezib yoruldu. Hətta bu qədər bəd xəbərləri oxuyub haldan-hala düşdüyünə görə özünə acığı da tutdu. Bəlkə təzyiqi də qalxmışdı.

"Viva memento!” – "Həyat haqqında düşün!” - İstehza ilə öz-özünə fikirləşdi.

Qəzetləri bir kənara qoydu. Yadına düşdü ki, axı çantasında ədəbi dər­gi­lər­dən birinin ən son sayı da var. X. birdən-birə bu dəfə ədəbi düşüncələrə daldı. Oturub durduğu dostların, tanışları arasında xeyli sənət adamları, qələm əhli də var idi. X. cibinin yaxşı vaxtlarında məxsusi olaraq şair dostlarını axtarıb tapmaq, onları qonaq edib birgə boğaz yaşlamağı sevirdi.

X.ın dodaqları qaçdı. Şair dostlarla belə xudmanı məclislərdən birinda baş vermis bir əhvalat yadına düşdü.

... Dəmlənib kefi ala buludda gəzən şairin gur, cod səsi kafeni başına götürmüşdü.

Lirik şeirini avazla oxuyan şairin bir gözü qonşu masalardan birində əyləşən bir xanımda qalmışdı. İş bunda idi ki, xanım tək deyildi. Yanında pəzəvəngin birisi var idi. Şair kimi arıq-uruğun yüzünü bir qolu ilə qatlayıb dizinin altına qoyardı. Həmxanələri şairə nə qədər göz-qaş etsələr də olmadı. Şairin gözü xanımı tutmuşdu. Pəzəvəngin səbri də elə özü boyda imiş. Hələ ki, səbrini basıb dözüb durmuşdu. Şair zilə qalxanda tablaşa bilmədi. О ağır kişinin yerindən qalxması ilə şairin üstünə cumub başı üstünə qaldırması bir oldu. Şairi pəzəvəngin əlindən alıb xilas edən yenə də xanım oldu. Görünür, şeirlər xoşuna gəlibmiş. Yenə sağ olsun...

Şairin də təsəllisi bu oldu ki, şeirləri gözəl bir xanımın könlünü oxşayıb.

Tanış şairlərdən elələri var idi ki, X. onun əzbər bildiyi hər hansı şeirlərindən birini yadına salanda müəllif gəlib gözləri önündə durardı. Eləsi də var idi ki, nə qədər şeirlərini öz-özünə əzbər desə də, şairi o şeirlərin arxasında görə bilməzdi.

X.-in ədəbi dərgini açıb ilk səhifəsindən vərəqləməyə başladı. Dərginin orta səhifələrinə çatanda əl saxladı. Səhifədə cavan bir şairin qara həşyədə şəkli verilmişdi. Dərgidə əvvəlcə cavan şair haqqında bir dostunun elegiyası yer almışdı. Demə, istedadı aşıb daşan о cavan şair də bu yaxınlarda həyatına qəsd etmiş, özünü yeddi mərtəbəli bir binanın üst qatından atmaqla intihar etmişdi.

X. əli üzündə qaldı. Yenə də intihar! Özü də iki-üç ay bundan qabaq.

Bu xəbər X.-ı daha bərk sarsıtdı. Cavan şairin faciəli ölümünə yanıb-yaxıldı, hətta ətrafda kimsənin onu görüb başdan xarab hesab edəcəyindən ehtiyatlanmayaraq əlini dizinə vurub vaysılandı. X. o cavan şairi üzdən tanımasa da, imzasına az-çox bələd idi. Əlinə düşən qəzetlərdə, dərgilərdə, saytlarda rastlaşdığı şeirlərini oxuyub məmnunluq duymuşdu.

Nakam şairin faciəsinə hörmət əlaməti olaraq yazdığı şeirlərindən yadında qalanları xatırlamağa çalışdı. Yaddaşı onu pərt eləmədi, yadına şairin şeirlərindən biri düşdü:

Yüklə dolu gələn gəmi ,

Çatibdir ayrılıq dəmi

Kimə satım dərdi, qəmi

Neyləyim, aman, neyləyim.

Bu dünyanın səfi qırıq,

Çevrəndən çıxsan –bil cızıq

Bəs mən bədbəxt, bəs mən yazıq

Neyləyim, aman, neyləyim.

Hər bir işin öz çəmi var,

Gülənlərin min qəmi var,

Dövranin öz çəm xəmi var

Neyləyim, aman, neyləyim .

Axı, imzaları məşhur, nüfuzlu, adlı-sanlı qocaman sənətkarlar da о cavan şairin istedadından, parlaq gələcəyindən ağız dolusu, inam dolu qətiyyətlə danışırdılar.

X. cavan şairin ölümündən xəbər tutsaydı, hökmən onun yasına gedər, yaxınlarına, əzizlərinə başsağlığı verərdi. Mərhumun qırxı da çıxmışdı. Kim bilir о nakam şairin ilinəcən nələr olacaqdı?

Redaksiya cavan şairin şeirlərindən nümunələr, gündəliyini, yarımçıq qalmış əsərlərindən parçaları da çap edib oxuculara təqdim etmişdi.

X. əvvəlcə şeirləri oxudu.

Sonrakı şeirlər əvvəlkindən də hüznlü idi. Elə bil balaca yer kürəsinin dünya boyda qəmlə-kədərlə qalaqlanmış dərd yükü o cavan şairin çiyinlərində imiş.

Gərək Herakl olaydın ki, o ağırlıqda yükə tabıaşa biləydin.

X. pıçıltı ilə dodaqaltı şeirləri oxumağa başladı.

О gecə ay çıxmış, aydınlıq idi,

İçimsə bir zülmət qaranlıq idi,

Elə bil halım da о yanlıq idi,

Yaxşı ki, sən gəldin, oyatdın məni.

Bu dərdə güman ki, dərman tapılmaz,

Halıma ağlayan, yanan tapılmaz ,

Dünyanın sirrini açan tapılmaz,

Yaxşı ki, sən gəldin oyatdın məni.

Çətin deyən olsun: "Oyan!” - tapılmaz,

Çətin deyən olsun: "Az yan!” - tapılmaz,

Çətin deyən olsun: "Dayan!” – tapılmaz,

Yaxşı ki, sən gəldin, oyatdın məni...

***

Gəzmədiyi yer qalmayıb,

Elə bil itiyi azıb,

Gözlər yolda, qulaq səsdə,

Tanri yoxsa belə yazıb?

Ürək dolu, əyin yalın,

Saya salmaz gönü qalın,

Yolda görsəniz saxlayın,

Tanri yoxsa belə yazıb.

Qalıbdı yollarda gözü

Yox deməyə daha sözü

Qəbrini qazıbdı özü

Tanrı yoxsa belə yazıb?

Dolan olsa- boşalan o,

Yanan olsa - kül olan o,

Susan olsa –danışan o,

Yazı yazan belə yazıb...

Bu da şairin cib dəftərçəsinə yazdıqlarından nümunələr.

Dünya nə boydadır ki, dərdim də ona sığsın ?

Biləyini əyə bilməyənin əlini sıxırdı...

Sözün keçməyən yerdə sözünü dəyişmə, yerini dəyiş...

Özündən cox dünyaya rəhmi gəlirdi-dünya ondan da tənha, yalqız idi.

Əsasi əlində idi. Dayaq durani yox idi.

Səni bağışlaya bilərəm, özümü isə yox ...

Axşam işıqları ertədən yandırdı ki, səhərlər tez açılsın

Qapini döyməyəcəm, qoy məni özləri çağırsın

Kor idi, gözləri darı dələnlərin quyusuna düşdü

Alışıb kösöv olub sönməkdənsə, yanıb kül olmaq nə gözəl

Yalvar – yaxar edib dil olmaqdansa lal olub heykələ dönmək nə gözəl !

***

Jurnalda şairin gündəliyindən parçalar da dərc edilmişdi. X.-ın yadına öz gündəliyi düşdü. O da neçə illər idi ki, gündəlik yazıırdı. Onun gündəlik yazdıqları qısa idi. Uzaqbaşı iki-üç cümlə olardı. Bəlkə də bu onun elə gündəlik yaşayışının məzmunu ilə bağlı idi.

Ayın, həftənin bəzi günləri o gündəlikdə boş qalmışdı. Bunun da səbəbi o idi ki, həmin günlər o evə hallı qayıdırdı və oturub gündəlik yazmağa ərdəmi, hövsələsi çatmırdı (Belə boş səhifələr- aradan keçən günlər gündəlikdə çox idi).

Hə, onun yazdığı iki-üç cümlə olardı. Məsələn, gündəlikdə belə cümlələr yazılmış səhifələr gen-bol idi: "Bu gün filankəs, sağ olsun, qulluğumda durdu. Borcunu gərək qaytaram”. "Adam yerinə qoymadığım biri həmxanələrin arasında əməlli-başlı məni pərt elədi.Gərək yaddan çıxarmayam. Qalsın qulluğunda!”. "Süleymana qalmayan dünya indi mənəmi qalacaq? Eh, qoy kim zurnasını nə qədər püləyirsə püləsin. Vecimə də deyil...” "Deyir gödək atıldı vurdu uzunun başına. Uzun da gülüb qayıtdı ki, əcəb yadıma saldın. Mənim uzunlarla nə işim? Başını aşağı sal, nə sağa bax, nə sola, yolunu düz get!..”

Bu nakam şairin gündəliyi isə tamam fərqli idi. Doğrudur bu gündəlikdə də fikirlər, düşüncələr iki-üç lakonik cümlə ilə ifadə olunmuşdu. О cümlələrin yazıldığı tarix isə gündəlikdə əks olunmamışdı.

X. təəssüfləndi. О cümlələrin yazılma tarixi məlum olsaydı, nakam şairin ömür yolunu X. özü üçün daha asan təsəvvür edə bilərdi. Ancaq yazılanlardan da X. şairin həyatını gözləri önündə canlandırmağa çalışdı.

Məsələn, "Niyə bəs mənim xəbərim yoxmuş, heç demə, qış fəsli soyuq olurmuş..."

X. acı-acı gülümsədi. Məhəbbətin gücünə bax! Bədbəxt aşiq qışın şaxtasını, soyuğunu sevdiyi qızın yoxluğundan sonra hiss edibmiş...

Görəsən şair о qızla sonralar barışıb? Əgər barışıblarsa şairin bu əbədi yoxluğundan sonra indi о bədbəxt qız üçün yazın ilıq günləri, yayın cırhacırı qışın çovğununa çevrilməyəcəkmi, payızın sarı rəngi dünyadan köç eləmiş sevgilisinin sifətinin solğun meyit rəngini yadına salıb ürəyini didib-parçalamayacaqmı? Qışın bumbuz uzun soyuq gecələrində yorğan-döşəkdə cəhənnəmin istisini xatırlama­yacaqmı?

Kövrələn X. gündəliyin ardını oxudu.

Sükut...

Sükut...

Lal sükut! Qaranlıq zülmət gecə o lal sükuta qarışıb tənha otaqda bağrını yarırdı. Birdən hardasa it hürdü. Səs gah uzaqdan, gah da yaxından gəlirdi. O it elə arxayınca hürürdü ki, görünür, zəncirsiz idi.
Sevindi. Axır ki, bir səs, bir hənir eşitmişdi. Öz kefinə hürən o it həm də bağır yaran o lal sükutu da boğmuşdu.
Ertəsi gün yenə də həmin təklik-tənhalıq, həm də elə həmin lal sükut. Qaranlıq zülmət bu gecəni də, bağır yaran lal sükutu daha da vahiməli etmişdi. 
Qulağı səsdə idi. İntizarla, səbirsizliklə gözləyirdi. Ancaq...
Yox, deyəsən bu gecə elə bil itləri də zəncirə vurub ağızlarına da qaytaq keçirmişdilər.

***

Oxuduğum əvvəlcə məni xeyli düşündürdü, sonra da rahatlığımı əməlli – başlı əlindən aldı.

Demə, orta əsr inkivizasiyasında günahkarlara əzab və əziyyət vermək üçün xüsusi alətdən istifadə olunurmuş. Cəza verilən adamın ayağına məxsusi tikilmiş ayaqqabı geyindirərdilər ki, bu ayaqqabı da məhkumun ayağını sıxıb ona şiddətli əzab ağrılar verərmiş.

Belə ayaqqıbıya "İspan çəkməsi” deyilərmiş...

O vaxtadan elə bil gözüm ayaqlarımda qalıb...

Cavan şairin gündəliyindən "Qiyam” adlı yarımçıq (bəlkə də tamamlanmış) bir şeirini də dərc olunmuşdu.

Kol

Bol

Dol

Yol

Sol

Ol

Qol! Qol!! Qol!!!

İndi bu tapmacadan gəl baş aç!

Tutaq ki, tülkü başını kola soxdu, quyruğundan xəbəri yox...

Bəs "Bol” olan nə imiş? Bəlkə cavan şair qafiyə xətrinə belə yazıb? Bəs o "yol” olan nədir? Hələ bir "sol”?.. Bu "sol” və "ol” bir yana, "qol” sözündən qan iyi gəlirdi...

İmzaları yaxşı tanınan , nüfuzlu , adlı-sanlı qələm adamları da o cavan şairin istedadından, parlaq gələcəyindən ağız dolusu, inam dolu qətiyyətlə danışırdılar.

X. fikrə getdi, dərin düşüncələrə daldı, kim bilir, bu cavan şair vaxtsız ölümü, bu qəfil intiharı ilə bəlkə də gələcəyin böyük bir şairini qətlə yetirmişdi. Bəs niyə?.. Niyə bəs?.. Səbəb və səbəblər nə ola bilərdi ki?...

X.ın fikri qarışmışdı. Və o qarışan fikri indi yüz yerə baş vururdu.

Cavan şair yeddi mərtəbəli bir binanın ən üst qatından aşağı atılmaqla özünə qəsd etmişdi.

Mərhumun cəsədinin, əyninə geydiyi parça-parça, didik-didik olmuş nimdaş pencəyinin yan qoltuq cibində yenə də ənənəvi- "Mənim ölümümdə heç kimi günahkar bilməyin! Əlvida!” son sözləri və bir də ötən əsrlərin Pyer Jandö Berjanje imzalı bir fransız şairinin kitabdan cırılmış vərəqdəki "Saray şairi” adlı bir şeiri ....

Alırlar, satırlar baxın, hər şeyi:

Həm tuluq zurnası, həm ilham neyi.

Bütün yazanların... eh, mən də biri,

Özümü etmişəm saray şairi.

Bəli, deyəcəyim hər bir söz-sənət,

Gülərsən... eh, mənə yazığın gələr.

Bizimçün kiçilib indi məhəbbət,

Böyüklər dostluğu sürgün edirlər.

Adicə söz olub vətənpərvərlik,

Hamı naqqallaşıb, hamı heyvərə...

Şeri eqoizmə həsr eyləyirik,

Daha sənə şeir yaza bilmərəm.

Nələr düşünürdüm, görürəm nələr,

Sənin qəhrəmanın... nə deyim ki, mən?!

O vəd eyləmişdi min xariqələr-

Ta təngə gəlmişik vədlər əlindən...

Dostunun büstünü sən bəzəyirsən,

Borcluyam şöhrətə hörmət eyləyəm.,

Bir ali mənsəbə yalmanıram mən,-

Daha sənə şeir yaza bilmirəm.

Sevimli Məryəmim, şübhə edirsən

Kı, dostun dəyişib bu qədər... belə...

Nə deyim... Azadlıq, xoşbəxtlik, Vətən-

Ümidsiz, mənasız sözlərdir hələ...

Sənə həsr etdiyim şeirlər- şirin,

Həcvə təzə-təzə bəzək verirəm;

Yox, ürək son dəfə istəyir desin-

Daha sənə şeir yaza bilmərəm.

Şeiri dəfələrlə, dönə-dönə oxuyan X dağı arana, aranı dağa daşıya-daşıya özlüyündə ölçüb-biçməyə, vərə-vurd etməyə başladı və qəflətən ağlına gəldi ki, hələ o qədər məşhur olmayan cavan şair öz intiharı ilə gələcəyin böyük bir Şairinin qatili yox, bəlkə də xilaskarı olub...

Cavan şairin hündürmərtəbəli binanın ən son qatına qalxıb ordan özünü yerə tullaması sübut edirdi ki, cavan şair intiharında qətiyyətli, israrlı imiş. Yerə dəyib çırpılan anda bir anlığa da olsa, keçirəcəyi, yaşayacağı dözülməz əzab-əziyyət, görünür cavan şairi qorxudub çəkindirməmişdi. Bəlkə də intihar etmək fikrinə düşən cavan şair qəbul etdiyi bu ağır hökmü icra etmək üçün başqa vasitələr də axtarıb tapa bilərdi.

X.özlüyündə ölçüb-biçir, cavan şairin niyə məhz 7-ci mərtəbəyə qalxıb oradan özünü yerə atmağının səbəbini axtarıb tapmağa çalışırdı.

Bəlkə də cavan şairin ikinci mərtəbədən atılsaydı, şil-küt olub, xəsarət alsa da sağ da qala bilərdi.

İkinci mərtəbədən yerə düşənəcən zaman, vaxt iki-üç dəqiqə çəkə­cəkdi. Bəlkə cavan şair 7-ci mərtəbədən atılmaqla ömrünü ani də olsa uzatmaq istəyib?..

Yox, bu da ağıla batan deyildi. Həyatına qıyıb özünə qəsd etməyə cürəti çatan adam üçün iki-üç dəqiqə çox yaşamaqla ömrü uzatmağın nə dəyəri, nə qiyməti, nə mənası, nə əhəmiyyəti?..

...Hə, bəlkə də cavan şair heç vaxt 7-ci mərtəbəyə qalxa bilməyəcəyinin mümkün olmayacağını və ya işdir-şayət o mərtəbəyə bir gün qalxarsa da, əvvəl-axır sonluğun məhz ÖLÜMlə bitəcəyini nümayiş etdirmək istəyib?.. Bilin və agah olun ki, 7-ci mərtəbəyə qalxmağın əvvəl-axır belə bir faciəli aqibəti, sonluğu da var...

Bəlkə də o cavan şairi 7-ci mərtəbəyə qalxıb oradan atılmağa elə məcbur etmişdilər. Bəs kim və ya kimlər?..

Nə bilmək olar, çox güman ki, mərhumun bir gün 7-ci mərtəbəyə qalxa biləcəyindən ehtiyat edənlər...

X. qəflətən, birdən-birə, anidən... cavan şairin hündürmərtəbəli binanın niyə məhz ən üst qatından atılmaqla intihar etməsinin səbəbini özü üçün elə bil ki, tapdı.

Yəqin ki, istedadlı o cavan şair əvvəl-axır heç vaxt belə hündür mərtəbəyə qalxa bilməyəcəyini dönə-dönə düşünmüş, axırını bir yana çıxara bilməmiş, elə o məqamda da dünya, hətta ən əzizləri, doğmalaraı, yaxınları onun ölümünə yanıb yaxılanlar belə gözündən düşmüş və gözünü qırpmadan heç liftə də minmədən iti yerişlə yuxarı qalxmışdı.

Axı, arzusunda olduğun o hündür mərtəbəyə qalxmaq və qalxıb da qərarlaşmaq qisməti heç vaxt nəsibin olmayacağını biləndən sonra taleyinlə ya barışmalısan, ya da beləcə intihar qərarını qəbul etməlisən...

28.04.2017