adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Aprel 2019 16:12
12638
ƏDƏBİYYAT
A- A+

Bir cüt ayaqqabı - Allahverdi Eminov yazır

Neçə gündü Təmrazın başı əlində deyildi, canının ağrısı təpəsindən tüstülə­nib çıxırdı. Ezamiyyətdən sonra adi günlərini cilovlamağı bacarmırdı. Tənhalığı da bu yandan, gəl döz bunlara. Heyfslənirdi, niyə bu qədər ləngidi yolda, yoxsa kəndə gedib, anasına baş çəkərdi. Şənbə, bazar günü, vəssalam. Ürəyi ağrayırdı, ana qal-mışdı kənddə. Şəhərə gələndə gəlinin qaş-qabağından arvad üz tuturdu doğma kən-dinə.

Müharibənin son iliydi, atasından soraq onun uşaq qəlbinə dolurdu və uzun məktəb yolunda dostlarıyla sevincini bölüb sakitləşirdi. Hamı günləri barmağıyla sayırdı. Qələbə fişənglərinin səsini ən çox uşaqlar gözləyirdi. Və bir gün Təmrazın bütün ümidi puça döndü, sovuldu. Anası sinəsinə sıxdığı üçkünc məktuba qoşulub ağlayırdı, bükülü əzik-üzük kağızda kimsə vardı, qırıq-qırıq hıçqırırdı. Və kiminsə eşidəcəyindən qorxurdu.

Anası onu görəndə özünə toxdaqlıq vermək istədi. Təmraz özünü anasının üs­­tünə salmışdı, yumşaq və ləkəsiz üzünü anasının nəmli yanağına sürtürdü. Boğa-zı tıxanmışdı, güclə udqunurdu, hıçqırıq nəfəsini boğurdu. Anasının sinəsi titrəyir-di, bədəni uçunurdu. Və nəhayət, dilləndi: "Ana, ana! Atamdandır məktub? Atam nə yazıb?” – Bu səs ananın odlu səsinə köz basdı, içəridən qıvrıldı: "Sakit ol, Təm­raz. Atana... ” Səsi kəsildi və cümləni tamamlaya bilmədi. "Sakit ol, Təmraz. Nə yax­­şı sən varsan. İlahi!” – sözləri ağzında başını tavana qaldırdı. Əlləriylə qərib torpaqda uyumuş ərinin ruhuna dua oxudu.

Təmraz davanı ata qayıdışı ilə yola salmadı, tale qismətinə düşmədi bu gəliş. Atasızlıq ağrısını hiss elədi...

İşdən qayıdanda yolda ləngimədi, tanış-bilişə rast gələndə dönürdü pivnoya. Noxudla bir-iki parç pivə içirdi. Vaxt keçirdi, " Vremya”ya az qalırdı. Və sonra da kino. Doğma evi olmadığı üçün özünü yad sanırdı. Bu yaşında kirayənişin olmuş-du. Zəngi basdı. Bir də.., hətta dodaqaltı deyindi:

– Başım xarab olub. Kimdi yad evdə?

Zəngin harayı götürüb aləmi. – Təmraz dəst açarı qara portfeldən çıxartdı, qa­pını açıb birbaşa divanda oturdu. Otaq sükutdan Təmraz kimi bezikmişdi. Di­var­lara çəkilmiş kağız üzü bir neçə yerdən sökülmüşdü. Gözlükdən əsən meh sallanan ka­ğızları sim kimi səsləndirirdi. Buna heç vaxt fikir verməmişdi.

İsmayıl ikinci oğlu idi, böyüyü yeddinci sinfə keçmişdi, bir suyu anasına ox­şa­yırdı. Tipdi, qaradinməzdi. İsmayıl elə deyildi, sakitdi, həlimdi. Atasını istəyini anasından gizlətmirdi. Bunun əvəzində "mükafatını”alırdı. Və caydaqboy, cır səsli ar­vadı çıxırdı özündən. Aləm qarışırdı, stəkan-nəlbəkilərin döşəmədə rəqsi başla­yır­dı. İki ay olardı, bəlkə də çoxdu, arvad boş şeydən havalandı və aldı Təm­razı çə­nəsinə. O ki var, əngəzlədi, hirsindən döşəməyə çırpdı özünü. Təmraz bir söz de­mə­di, amma arvadı gözləyirdi bunu. Böyük oğlunun gözləri hədəqəsindən çıxmış­dı, atasını yox, yad adamı görürdü. İsmayıl küncə qısılmışdı, gah atasına baxırdı, gah da rəngi bozarmış anasına. Atasına yazığı gəlirdi. İşdən indicə evə ayaq bas­mış­dı ki, anası davaya başladı. İsmayıl hələ bu "dava” ilə əsl "davanın” mənasını an­lamırdı.

Təmraz bu dəfə qətiyyətlə pıçıldadı: – Başıma hava gəlib, niyə həkimə gös­tər­mirəm?! Mən ölənnən sonra bu uşaqların taleyi necə olacaq? Nə kökə düşə­cək-lər? – Ayağa qalxdı. Otaqda var-gəl elədi, əlləri əsirdi. Və birdən bu günün dava-sını xatırladı. O dava ki, hələ İsmayıl dünyaay gəlməmişdi və onu dünyaya gə­ti­rən anası da.

Kəndin əkinsiz qalmış həndəvərində qar dizə çatmışdı. Çöl quşları havadan ası­lı qalmışdı. Yazıq-yazıq boylanıb ötürdülər. Tezdən oyanmışdı. Anasına arıq inə­­yə yem verməkdə kömək eləmək üçün nimdaş və nazik yorğandan başını eşiyə çı­­xartdı.

Otaq yorğanın altından istiydi. Yumru dəmir sağanaqlı saatın əqrəbləri sürəti ar­tırmışdı. Bu deməkdi, məktəbin vaxtı yaxınlaşır. Tələsmək lazımdı.

Yerindən atıldı, köhnə şalvarı əyninə keçirtdi. Həyətə ayaqyalın düşdü. Bar­maqları gizildədi və bu soyuq ağrı dırnaqlarının ucundan çıxdı. Özünü artır­ma­ya saldı. Bu o andı, anası qucağıında ot-ələf dama girirdi. Qar üzünə çırpır, yazıq ar­vad başını ot-ələflə gizlədirdi. Ürəyindən keçirdi: – Axşam baxdım, Təmrazın ayaq­­qabısının başı qopub. Özünün xəbəri yoxdu bunnan. Ha əlləşdim, sapla tikəm­mə­dim. "Dərsdən qal” desəm, bir həşir qopacaq. Özünü öldürər. Səni görüm ağlar qa­lasan, Hitler! Necə ki, ağlara da düşdün. Balamın günahı nədi, ayağına keçir-mə­yə çəkələk də tapammıram. – Bir ovuc qar bu vaxt onun ağzına doldu, dişləri göy­nə­di.

Tövlə istiydi, palçıq divarlara təzək yapmışdı, qar-çovğun içəri soxula bil­mir­di. Sarı inəyin bayırdan xəbəri yoxdu, hey gövşəyirdi. Yiyəsini görcək heyva­nın gözləri alaqaranlıqda kösöv kimi işıq saçdı. Başını irəli uzatdı, burnunu dikəlt­di, yiyəsinin iyini alıb sakitləşdi: Teyyibə qucağındakı otu-ələfi inəyin qucağına at-dı. – Ye, axşamnan acsan. Ye. Halaldı sənə. – Bu sözləri elə ürəklə ded kii, sarı inə­yin başa düşməsinə ehtiyac qalmadı. Yiyəsinə mehrini elə salmışdı bu sarı inək, sanki davada hər bir canlının məhv olması həqiqətini anlayırdı. Teyyibə inəyin boy­­­nunu sığalladı, iri gözlərini ovcuna aldı. Sarı inək bu qayğıdan xoşallandı və as­tadan böyürdü. Qapı açılıb örtüldü. İnək bunu görmədi. Təmraz anasının sobaya qay­namağa qoyduğu çaydanın qapağını açdı. Daş kimi pıqhapıqla qaynayırdı. Gö­tür­dü, anasının üzünə baxdı. Ananın gözü yol çəkirdi. Təmraz kətilin üstündəki dəf­­tər-kitabları sahmanladı.

Televizoru açdı. Ekranın qara-bozumtul rəngi avazıdı və qarmaqarışıq rəqs musiqisi otağı başına götürdü. Bir neçə baldırıaçıq qız əyri-üyrü hərəkətləri icra eləməklə musiqinin ahəngini tamamlayırdı. Saydı, dörd sarışın qızdı və hamısı da aya­ğına qara dikdaban ayaqqabı geyinmişdi. İşığa tutulanda par-par yanırdı. Səh­nə­­də hərdən çiçək ləçəyi boyda nəsə yağırdı və rəqqasələrin qara saçlarına toxunub yapışırdı. Diqqət yetirəndə Təmraz bu çiçək ləçəklərini qar dənələrinə oxşatdı. Bir­cə fərqi o idi ki, bunlar soyuq deyildi, o ilin qarı kimi.

– Bir gün dərsə getmə, Təmraz balam. – Ana hıçqırığını boğdu və üzünü so­ba­ya çevirdi. Uzun qırmızı işıq zolağı yanaqları solmuş Teyyibənin üzünü aydın­laş­dırırdı. – Təmraz, bala ayaqqabılarıvın altı qopub, nə illah elədimsə... – Bu dəfə də oğluna baxmadı, utandı. Uzun qırmızı işıq zolağı çəkilmişdi sobadan. – Mustafa da­yıngilə gedəcəm, köhnə-köşküldən olmamış olmaz. Bircə bu gün dərsə getmə. – Ana yalvarırdı, bu yalvarışından utandı. Təmraz axşamdan kitabı əlindən qoyma-mış­dı, demişdi ki, inspektor gələcək, ana. Müəllimimiz xahiş elədi hamımız bir nə-fər kimi gələk məktəbə. Onu da əlavə eləmişdi ki, Təmraz, sənnən birinci soru-şa­cam.

– Mütləq gedəcəyəm, ana. Kimdir yaxşı geyinən? Müəllimim nə deyər mə-nə? Yox, ana... – Təmraz özünü saxlaya bilmədi, anasının boynunu qucaqladı. – Qoy gedim, ana! Atam qayıtsaydı, mənim də ayaqqabım olardı. İndi ki, dava qur-tar­mayıb. Ana...

Ekranda rəqqasə qızlar yerini müğənniyə verdi. Təmraz dalğanı dəyişdirdi.

İsnayıl şənbə günü atasıyla telefonda danışmışdı. Xahiş eləmişdi ikinci sinif üçün dərsliyi çatışmır, tapsın. Qardaşı barədə heç nə deməmişdi. Və onu da ata­sın­dan xahiş eləmişdi ki, söhbətini anasına deməsin.

Stolun üstünə yığdığı kitablara bir də nəzər saldı. Təptəzəydi, əlinə aldı, uşaq­lığı yadına düşdü, o vaxtlar bu sayda deyildi kitablar, həm də nazikdi. İsmayıl xoşbəxtdi: o günlərdən çox uzaqdı. Atasının gördüyü davalı günlərdən. Hər şeyi unut­­mağa çalışırdı Təmraz.

Teyyibə kirimişcə oturub Təmraza baxırdı. Və qarlı eşiyə çıxıb doyunca ağ­la­maqdan savayı bir yol qalmamışdı. Bayaqdan dənəbir yağan qar küləyina ağzın­da quduz səsi verirdi. Ağacların budaqları silkələnib qarını tökməyə macal tap­mırdı, təzədən qara bələnirdi.Teyyibə özünü tövləyə verdi, qapı açılcaq inək adam nəfəsini hiss elədi, boynunu irəli uzatdı. İri qırmızıya çalan gözlərinin işığı çəkil­miş­­di. Ələfin axırına çıxmışdı, daha astadan gövşəyirdi. Heyvan ələfin qurtarma­sı­nı duyduğu üçün toxdaqlıq vermişdi çənəsinə. Teyyibə inəyin boynu həndəvərində çöm­­bəldi, donunu qar islatdığından çılpaq budlarına yapışmışdı. Qara saçlarına qon­­­­­muş qar hənirtidən suya dönmüşdü, sağlam, allanmış üzünə süzülürdü. İnək yi­yə­­­sinin həyəcanını sövq-təbii hiss elımişdi, bir az əvvəl ona ələf gətirəndə o, bu cür tit­­rəmirdi. Bəlkə də aclıq imkan verməmişdi, yazıq heyvan hər şeyi duysun. Bu gə­liş xeyirliyə deyildi. İnək boynunu yiyəsinə sarı qanırdı, isti nəfəsi burun pərə­lə­rin­dən alovsayağı fışqırdı. Teyyibə üzündə kövrək qoxulu bir hənirtinin yaladığını hiss elədi. Və adəti üzrə əliylə inəyin boynunu oxşadı. İnək qılıqlandı, astadan mə­lə­di, səsi divara toxunub nəmli, peyinli qoxuya qarışdı.

Heyvan gövşəyini saxlamışdı. Çənəsi ələfi xırçıldatmırdı. Gözlərini solğun işıq­­lı balaca dörkünc pəncərəyə zillənmişdi. Bayırdakı tufanın vıyıltısı qulağına də­yirdi və hər dəydikcə qanrılıb yiyəsinə baxırdı: "Məni olmaya çölə çıxaracaq­san?” – hey­vanın beynində bu sual qorxuya qarışdı və kövşəklə uddu, yiyəsinin gözündə yaş dənələri görəndə, ilk dəfə yerindən azca tərpəndi, başını yiyəsinə sarı çevirdi. İn­di solğun pəncənin işığıyla yiyəsinin gözündən axan yaşın rəngi bir-birinə qarış­mış­­dı. Heyvan heç vədə yiyəsini ağlayan görməmişdi. Lap balaca vaxtından. Yazıq hey­vana elə gəldi, soyuqdandı bu, üşüyür. Başını azca yuxarı dikəltdi və var gü­cüy­­lə içindəki bütün nəfəsini bayıra fınxırdı. Teyyibənin islanmış saçının ağırlaş­mış telləri titrəyirdi, hətta bir çəncəsi üzündə yellənib durdu. Teyyibə əliylə bu də­fə inəyin qaşqasını sığalladı, sonra hədəqəsindən çıxan gözlərini ovcunda örtdü. Bə­­dəni uçunurdu, heyvanın gözü ilğımlanmışdı. Əvvəlcə qorxdu, heyvan bəlkə ölür, can verir. Teyyibəni qorxudan yeganə inəyini itirməsi deyildi, üç yaşından meh­­­ri­ni saldığı heyvanın yoxluğuna dözəmməməsi olacaqdı. İnək gözlərini qapadı, us­tufca burnunu yiyəsinin əlinə dirədi və azca toxdaqlıq tapdı. Bu toxdaqlıq eynən Teyyibəyə də sirayət elədi.

Teyyibə qəfil qalxdı, qalın taxta qapını əliylə aralayıb bayıra çıxdı. Qar tə­pil­miş­di qapıya, axıracan örtülmədi. Barmaq qalınlıqda işıq zolağından qar içəri püs­kürürdü, amma inəyə çatmırdı. Heyvan üşüyəcəyini kəsdirmirdi, təki yiyəsindən qa­lan işıq zolağı itməsin.

– Təmraz, Təmraz. – Yavaşcadan səsləndi. – Təmraz! Təmraz! – Səsi həyə­can­la otağın divarlarında toxdadı. O biri balaca otağın qapısını araladı. Təmraz bu ota­­ğa az halda girərdi. Ana-bala sobalı otaqda otururdular.

Teyyibə eyvana çıxdı, bir də Təmrazı çağırdı. Gözü qəfil ayaqyalın izə sataş­dı. Lap təzəydi, üzüaşağı düşmüşdü, oradan da doqqaza çatmışdı. Bütün səsiylə qış­­qırdı: – Təmraz!!! Təmraz!!! Qayıt, ayaqyalın hara gedirsən? Qayıt, Təmraz!!!

Təmraz hələ alışmadığı birotaqlı evin kağız divarına ölgün baxışla nəzər sal­dı. Hər iki gözünü açdığı pəncərədən sərinlik axmırdı, ona görə ki, avqustun möh­kəm istiləri Bakıya ayaq açmışdı. Dəniz qırağındakı hənirtini göstərən dəmir qüllə­yə baxanda orada 36 dərəcəni gördü və güldü: – Pah atonnan, havanın istisini də yaz­mırlar. Axı 40 dərəcədir.

Amma istiliyin çoxluğu onu maraqlandırmırdı, lap şəhərə düşərdi, bulvara ge­­­­dərdi. Dəniz istisini azca olsa, udur. Ağac kölgəsində oturub dincəlmək müm­kün­­­­dür. Alışmadığı otaqdan çıxmalıydı, ürəyi atlanırdı. Vaxtım keçsin, əsəbləri ra­hat­­lansın, sonarsına baxarıq – fikriylə ağ qolsuz köynəyini stulun başından götür­dü, bəhanəsi də buydu. Deyəndəki ki, səhərə köynəyimi hazırla, boynu çirklənib. Cin atına minirdi, elə bil qayınanası onu hikkə üstündə doğmuş və dilinə ilk to­xun­durduğu təm acı bibər olmuşdu. İnsafən, arvadı boynuna alır ki, bibər çıxanda ana­dan olmuşam, xasiyyətcə tündəm, zaqqunam. Əlavə eləyirdi Təmraz: – Bəs ni­yə öz-özünə deyinib, başalyırsan sürət götürməyə?

Bu sözün ikinci başını alırdı çənəsinə: – Bu acı sözdən necə hirslənməyəsən? Sən ərdən çox arvadını hirsləndirən robota oxşayırsan. Proqramını işə hazırla­yır­san.

Təmraz buna bənzər cavablardan uğunurdu. Və bu da arvadına bir dərd gə-ti­rirdi. Böyük oğlu anasının haqsızlını yaxşı başa düşürdü, təbiətən anasına məhəb-bəti bunu süpürüb aparırdı. Səsini çıxarıb desə ki, ana, atama qarşı haqsızsan, nə gü­nahı, işdən gələn kimi çatışmayan hər şeyi sadalayırsan. Axı o, iş adamıdı, orda da atamı hirsləndirənlər var. Yox, heç vaxt dillənməmişdi, ağzını da açmayacaqdı. Və əlacsız qalıb yazıq atasının qəfil qərarla evdən çıxıb getməsini görəndə də sus­ma­­ğı üstün tutdu. Və bir-iki ayda ürəyindən haqlı etiraz işartısı yanıb söndü. İs­ma­yıl yaşnın az olduğuna baxmayaraq, atasını soruşmurdu anasından. Hər dəfə eşitdi­yi cavab buydu: "Atan bizi bəyənmədi, atıb getdi. Başqa qadına vurulub”. İs­ma­yıl inan­mırdı anasının laqeyd-laqeyd dediyi bu sözlərə. Anası da çoxbilmişdi. Böyük oğ­­­luna bu kəlmələri demirdi, çünki yalanı bəlli olardı. Qorxusu İsmayıldı, ağıllı, as­­ta­danışan, gözləri tez-tez yol çəkən kiçik oğlu.

Təmraz saatına baxdı, gözü qırmızı rəqəmlə yazılmış "30. VIII” tarixinə sa­taş­dı. – Sabah məktəbdir. Bulvarda uşaqların bayramı olacaq. İsmayıl görən... – Qol­suz köynəyini geyindi. Qapını iki yerdən bağlayıb çıxdı. Küçələrdə sən deyən ge­diş-gəliş yoxdu. İstidən kimdi bayıra çıxan?! Təmraz ağır-ağır bulvara tərəf ge­dir­di. Köhnə univermağa çathaçatda iki uşağın üzü şəhərə açılan qapıdan çıxdığını gör­­dü. Adamlar burda çoxdu, əksəri də məktəblilərdi. Oğlanlarını seçdi onların ara­­­­sından. Böyük oğlu irəlidəydi, arxasınca İsmayıl gəlirdi. Bir-iki dəqiqədən son­ra üzbəüz qarşılaşacaqdılar.

Təmraz ayağını çəkdi:

– Salam. Hara belə? – Səsi cingiltili çıxdı. Qardaşlar da ayaq saxladılar, ata­la­­rının üzünə baxdılar. Böyük qardaş salamı könülsüz aldı və bir-iki addım kənara çə­kilib durdu. Bunun o, İsmayılla atası arasındakı məsafəni yaxınlaşdırdı, onların gö­­­rü­şünə mane olmasın.

Təmraz böyük oğlunun vaxtı ötmüş saçına diqqət elədi. Boynuna, qulaq­ları­na sallanmışdı. Sifəti istidən qaralmışdı, bilirdi hava soyuyacaq, yenə ağaracaqdı. İs­­­ti­yə davamı yoxdu, çölə-bayıra çıxanda bu kökə düşür. Gözləri, kiprikləri əvvəlki ki­miydi. Uzun tüklü kiprikləri göz qapaqlarını aşağı dartanda üzü müəmmalı tə­bəs­süm alardı. Şalvarı, köynəyi dərs kəsiləndə tikdirdiyidi. Səliqəsiz geyindiyin­dən köh­­nə, nimdaş təsiri bağışlayırdı. Ayağında nazik, üstü deşik-deşik ayaqqabı vardı. Qı­­mıldanmırdı, elə bil atasından neçə vaxtdı ayrı düşməmişdi. Və elə bil bir-iki ad­dım­lığında anası onlara qəzəblə baxırdı.

İsmayıl eynən göründüyü kimiydi, saçlarını yüngüllətmişdi, bu onun arıq və sağlam üzünü işıqlandırırdı. Dama-dama köynəyi ütülənmişdi, şalvarı da həmçinin. Göz­­lərində yorğunluq qarışıq müəmma oxudu. Atasını görcək müəmma-filan çə­kil­­­­di və özünü atasının üstünə saldı. Təmraz oğlunun saçını sığalladı, yumşaq üzün­­­­dən öpdü.

İsmayıl axtardığı, amma əli çatmayan dünyanı tapmış kimi sevinirdi. Təmraz aydınca hiss elədi ki, bayaq bu sevincdən əsər-əlamət yoxdu, hamısı atası üçündü. Bir azdan yolları başqa-başqa istiqamətlərə ayrılan atası üçündü:

– Univermaqdan gəlirdiz, eləmi? – Təmraz astadan soruşdu. – Nə alırdız?

İsmayıl da astadan cavab verdi:

– Ayaqqabı üçün gəlmişdik. Mənim ölçümdə axtarırıq, ya böyükdü, ya ki­çik­­di. Sabah, ata, dərs başlanır, bu gün mütləq ayaqqabı tapmalıyıq. – İsmayıl bu söz­­lə­ri ümidsiz dedi. Təmraz üşüyən kimi oldu, ona elə gəldi avqustun yandırıcı istisi yoxa çəkildi, yerini davanın qurtaran ilindəki qarlı-çovğunlu qış aldı. O gün ki... Təmraz İsamyılın əlindən tutdu, böyük oğlunu da yanına çağırdı, geriyə dön­dülər.

– Gedək evimizə, mən ayaqqabı taparam.